XII Qlobal Bakı Forumu Azərbaycanın sülhə xidmət edən siyasətini Beynəlxalq arenaya çatdıran başlıca töhfədir

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan, nüfuzlu dövlət və hökumət başçılarının, beynəlxalq ekspertlərin qatıldığı XII Qlobal Bakı Forumu olduqca əhəmiyyətli məqamlarla yadda qaldı. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”ni özündə ehtiva edən Forumda dünya nizamının aktual problemləri, bəşəriyyəti narahat edən müxtəlif problemlər, sülh və təhlükəsizliyə təhdidlər geniş müzakirə mövzusu oldu. Ümumiyyətlə, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib, eyni zamanda iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialına görə, bu Forum artıq beynəlxalq müzakirə plat¬forması kimi tanınır və qəbul edilir. Bu dəfə də qlobal miqyaslı tədbirə evsahibliyi edən Bakıda təşkil olunan, eyni zamanda beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradan bu Forumda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya nizamında rolu kimi vacib mövzular müzakirə olunub.

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunda etdiyi çıxışında beynəlxalq münasibətlər, enerji siyasəti, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətləri kontekstində mühüm məsələlərə toxunmuş, Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29-a xüsusi diqqət ayıraraq Azərbaycanın bu tədbiri təşkil etməsinin dünya ölkələrinin ölkəmizə olan etimadının göstəricisi olduğunu vurğulamış, COP29 çərçivəsində Bakıda bərpaolunan enerji sahəsində maliyyələşmənin üç dəfə artırılması qərarını mühüm uğur kimi dəyərləndirmiş, bununla yanaşı, Azərbaycanın qlobal informasiya müharibəsi ilə üzləşdiyini və Qərbin, xüsusilə Fransanın aparıcı media qurumları vasitəsilə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışdığını, Qərb media qurumlarının və bəzi siyasi dairələrin müstəqil siyasət aparan, beynəlxalq münasibətlərdə öz suverenliyini qətiyyətlə qoruyan və böyük dövlətlərin təzyiqlərinə boyun əyməyən Azərbaycanın milli maraqlarına qarşı kampaniya apardıqlarını qeyd etmiş, ABŞ-Azərbaycan münasibətlərinə toxunmuş, yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiteror əməliyyatları, regionun müasir inkişaf üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığı yenidən quracağına dair ümidini bəyan etmişdir.

Bununla yanaşı, cənab Prezident Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin nəticələrinə toxunaraq, azad edilmiş ərazilərin tamamilə dağıdıldığını vurğulamış, bütün bunlara baxmayaraq, sülh prosesinə dair rəsmi Bakının irəli sürdüyü prinsiplərin əsasən qəbul edildiyini, lakin Ermənistanın hələ də müəyyən maneələr yaratdığını qeyd etmişdir.

Həqiqətən də Ermənistan regionda sülhə təhlükə mənbəyi çıxış edir, silahlanır, xarici aktolar tərəfindən hərbi dəstək alır, yeni müharibəyə təşviq olunur və bu istiqamətdə hazırlıq işləri aparır. Bu isə regionda sabitliyə ciddi təhlükədir. Cənubi Qafqazda sülhün təmin olunması üçün Ermənistanın konstitusiyasında dəyişikliklərin edilməsi olduqca zəruridir. Cənab Prezidentin forumdakı çıxışında da qeyd etdiyi kimi, “Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır”.

Ümumiyyətlə, Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın qlobal və regional siyasətində yerini, rolunu və mövqeyini bir daha ortaya qoydu.

Beləliklə, geosiyasi dəyişikliklər, çoxqütblü dünya nizamı və BMT-nin gələcəyi kimi önəmli mövzular ətrafında dərin müzakirələrə yenidən evsahibliyi edən Bakıda təşkil olunmuş XII Qlobal Forum Azərbaycanın öz həqiqətlərini dünyaya çatdırmaq baxımından unikal platforma oldu və nəticədə Azərbaycan öz imkanlarını, perspektiv planlarını, sülhə xidmət edən siyasətini beynəlxalq arenaya çatdırdı.

Emin ŞIXƏLİYEV

Naxçıvan MR Ali Məclisinin deputatı,

Naxçıvan Dövlət Universitetinin dosenti,

 tarix elmləri doktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: