İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində əsas mesajlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verdi. Həmişəki kimi bu müsahibədə də maraqlı nüanslara toxundu, bir çox açıq və gizli mesajlar verdi. Sözünün əvvəlidə, axırı da sülh, ədalət və dünya nizamı oldu. Əslində bu anlayış müharibədən əziyyət çəkən və daima xalqının xilasını, torpaqlarının azadlığını düşünən liderlərə xasdır. Nəyi, harada və nə zaman demək isə böyük siyasi səriştə tələb edir.
Ölkə başçısı Bakı Qlobal Forumunun Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə tutulmasını təmin etdi. Aydın oldu ki, paytaxt Bakıda keçirilən müzakirələr, mühüm beynəlxalq məsələləri anlamaq üçün ən optimal məkandır.
Qlobal Bakı Forumunun əhəmiyyəti
Ölkə başçısı Forumun dünya siyasətinə təsirini vurğulayaraq, müxtəlif ölkələrdən yüksək səviyyəli siyasətçilərin iştirakını və burada fərqli fikirlərin toqquşmasını müsbət hal kimi qiymətləndirdi. Buna görə də çoxsaylı qonaqların iştirak etdiyi mühüm toplantılarda hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri və ya gözləntiləri bölüşmək çox vacibdir, əsasən də bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Formun əhəmiyyətini isə 50-dən artıq sabiq dövlət və hökumət başçısının iştirakı təsdiq etdi.
Qaydalar yenidən yazılır
Prezident qeyd etdi ki, beynəlxalq hüquq artıq selektiv tətbiq edilir və bu əsnada ölkələr daha çox öz daxili resurslarına arxalanmalıdırlar. Artıq dünya nizamsızlığa doğru yol alıb. Beynəlxalq ictimaiyyətin istifadə edəcəyi qarşılıqlı əlaqə konfiqurasiyası bəlli deyil. Yaxşı olar ki, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırsın.
Ölkə başçısı Azərbaycanın bu yanaşma ilə dünyada böyük nüfuz qazandığını vurğulayaraq, beynəlxalq təşkilatların get-gedə zəiflədiyini və ikitərəfli münasibətlərin ön plana çıxdığına da diqqət çəkdi.
Cənubi Qafqazda sülh perspektivləri
Cənubi Qafqazda uzun illər davam edən düşmənçilik arenasının hazırda fərqli müstəvidə yeni səhifədə davam etdiyini söyləyən Prezident İlham Əliyev diqqəti regional təhlükəsizlik məsələlərinə yönəltdi. Qeyd etdi ki, indi nisbətən sakit dövrdəyik.
Doğurdan da indi dünya elə bir nizamdadır ki, bölgədə qonşuluq şəraitində yaşamağı bacarmalıyıq. Ölkə başçısının da qeyd etdiyi kimi, regional təhlükəsizlik mexanizmləri qurulmalı və qonşuluq prinsipləri əsasında əməkdaşlıq formalaşmalıdır.
Qlobal Sabitlik: Beynəlxalq münaqişələrdən dərs çıxarmaq
Prezident yaxın illərdə dünyada sabitliyin bərqərar olacağına nikbin baxmadığını da bildirdi. Hadisələrə realist yanaşan ölkə başçısı hələ də münaqişələrin davam etdiyini və hətta sülh müqavilələri olmadan atəşkəsin dayanıqlı olmadığını vurğuladı. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər fonunda Azərbaycan Prezidenti ölkələrin yalnız öz güclərinə arxalanmalı olduqlarını diqqət çəkdi. Xarici yardımlara bel bağlamağın suverenlik üçün risklər yaratdığını və Azərbaycanın öz ərazi bütövlüyünü özü bərpa etməsini buna nümunə çəkdi.
Dövlət başçısı Ağ evdə qəbul olunmuş qərarların dünya siyasətinə təsirini qeyd edərək, Tramp Administrasiyası ilə münasibətlərin daha müsbət istiqamətə yönələcəyinə ümid etdiyini bildirdi. Prezident əvvəlki ABŞ Administrasiyasının Azərbaycanın maraqlarına ədalətsiz yanaşdığını vurğuladı.
Qlobal dialoq və həllini tapan Qarabağ zəfəri
Prezident İlham Əliyev Forumun fərqli baxışların müzakirə olunduğu platforma olduğunu bildirərək, ideyaların ortaq şəkildə bölüşülməsinin qlobal siyasət üçün əhəmiyyətini vurğuladı.
Müsahibəsində Azərbaycanın öz daxili gücünə arxalanması mesajını verərək Qarabağda əldə olunan Zəfərə də toxunan Müzəffər Ali Baş Komandan qeyd etdi ki, dünyada münaqişələrin artığı bir dönəmdə təkcə Qarabağ münaqişəsi öz həllini tapdı. Özünün də dediyi kimi: “Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru