Azərbaycanın beynəlxalq və qlobal arenada daim artan gücü, qüdrəti və nüfuzu dünya dövlətlərinin diqqətini cəlb edir. Son illərdə ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər bunun bariz göstəricisidir. Gündən-günə artan güc və beynəlxalq nüfuz Azərbaycanı mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çeviribdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-də Azərbaycanın paytaxtında işə başlamış “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu qlobal çağırışlar və mühüm məsələlər haqqında müzakirələr aparmaq üçün xüsusi əhəmiyyət kəsb edir. Əvvəl keçirilmiş forumlarda olduğu kimi, bu forumda da dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, eləcə də sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətini və önəmini bir daha ifadə etmiş oldu. Ölkə başçısı XII Qlobal Bakı Forumunda çıxışı zamanı mühüm məsələlərə toxunaraq bildirdi ki, Bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz.
Forumda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq və qlobal arenada güclü mövqeyə malik olduğunu bir daha göstərmiş oldu. Ölkə başçısının uğurlu xarici siyasəti Azərbaycanın gücünü və beynəlxalq nüfuzunu daha da artırır. Müstəqil siyasi kurs Azərbaycanın hərtərəfli inkişafının təmin edilməsinə, ölkəmizin milli maraqlarının qorunmasına, beynəlxalq mövqeyinin və nüfuzunun güclənməsinə xidmət edir.
Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında təşkil olunan panellərdə, həmçinin “Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər” və “Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında təşkil olunan panellərdə, habelə Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyalarında seçilən mövzulara diqqət yetirsək hazırkı dövrün çağırışlarını və mühüm məsələlərini özündə ehtiva etdiyinin bir daha şahidi olarıq.
Qeyd olunan bu amillər Azərbaycanın qlobal arenada daha fəal və mühüm rol oynayacağına və mövqeyinin daha da möhkəmləndirəcəyinə əminlik yaradır.
Mövlan Məmmədov
Naxçıvan MR Ali Məclisinin deputatı