Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 18 Mart – Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə tədbir keçirilib.
Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Əlahiddə Ümumqoşun Ordu komandanı, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, ictimaiyyət və media nümayəndələri, Naxçıvanda təhsil alan türkiyəli tələbələr iştirak ediblər.
Şəhidlər xiyabanında davam edən tədbirdə əvvəlcə Çanaqqala şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca hər iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.
Sonra şəhidlərin ruhuna müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.
Anım tədbirində çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bildirib ki, tarixi qəhrəmanlıqlarla dolu olan millətimiz 110 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqlarımızın işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib. Bununla yanaşı Çanaqqala döyüşü həm də gələcək qurtuluş savaşının şərəfli başlanğıcı oldu. Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən bu döyüş Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin yaratmışdır. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər salanda mübarizənin bir ümumxalq mübarizəsi olduğuna heç bir şübhə qalmır.
Tədbirdə Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbəsi tərəfindən böyük zəfərə həsr olunmuş şeir səsləndirilib.
Sonra tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyub, Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonda iştirakçılar tərəfindən torpaqlarımızın azadlığı naminə canını qurban vermiş qəhrəman oğullarımızın məzarlarına və Şəhidlər xiyabanının mərkəzində ucalan “Ana” heykəli qarşısına tər güllər düzülüb.