31 Mart Soyqırımı – Azərbaycan xalqının unudulmaz faciəsi

Tarixi kontekst

A- A A+

Son iki yüz ildə xalqımız dəfələrlə kütləvi qırğınlara və soyqırımlara məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımızı yurd-yuvalarından didərgin salmış – deportasiyaya məruz qoymuşlar. İlkin mənbə və tarixi ədəbiyyatların təhlili göstərir ki, Azərbaycan xalqına qarşı erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirməklə “Böyük Ermənistan” yaratmaqdan ibarət olmuşdur. Ermənilərin bu niyyətlərinin qismən də olsa reallaşmasında Rusiyanın və bəzi Qərb dövlətlərinin müstəsna rolu olmuşdur. 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən dərhal sonra İran və Türkiyədən köçürülən 130 minə yaxın erməni əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdı. Həmin müharibələr nəticəsində 359 müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi qırılmış, qalanları isə qaçqın düşmüşdülər. Son iki yüz ildə indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar, deportasiya və soyqırımları nəticəsində onların yaşadıqları iki minə yaxın yaşayış məskənləri boşaldılmışdır. Azərbaycanlıların öz əzəli torpaqlarından çıxarılması ilə paralel ermənilərin onların yerində məskunlaşdırılma kompaniyası XIX əsrin sonunda Türkiyədə baş qaldıran erməni separatizminin yatırılmasından sonra daha geniş vüsət almışdır. 20-ci əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin 1 milyonu xaricdən gələn ermənilərdən ibarət olmuşdur. Həmin dövrdə “Daşnaksutyun” partiyası öz proqramında dəyişiklik edərək, fəaliyyətinin ağırlıq mərkəzini Cənubi Qafqaza keçirmiş, müstəqil erməni dövləti qurmaq məqsədilə silahlı birləşmələr təşkil etmişdi. Rusiyanın rəsmi dairələrinin ermənipərəst mövqeyindən istifadə edən “Daşnaksutyun” partiyası İrəvan, Gəncə (Yelizavetpol) və Tiflis quberniyalarında Azərbaycan türkləri yaşayan əraziləri təmizləmək və orada erməniləri məskunlaşdırmaq məqsədilə kütləvi qırğınlar törətmişdi. 1905-1906-cı illərdə əvvəlində Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra isə İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişdir. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə) və Şərur-Dərələyəzdə, Gəncə quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında kütləvi soyqırım törətmiş, 200-dən artıq azərbaycanlı kəndini viran qoymuşlar. 1914-cü ildə Rusiya-Türkiyə müharibəsinin başlanmasından istifadə edərək “Daşnaksutyun” partiyası rus ordusunun tərkibində 4 böyük silahlı birləşmə təşkil etmişdi. Cəllad Andranikin başçılığı etdiyi erməni dəstələri Cənubi Azərbaycanın Xoy, Urmiya və Səlmas əyalətlərində 150 minə yaxın, sonra isə Şərqi Anadolunun Qars, Ərzurum və Ərdahan bölgələrində 200 mindən artıq Azərbaycan türklərini uşaq, qoca, qadın arasında fərq qoymadan qətlə yetirmiş, həmin əraziləri Çar Rusiyasının ermənilərə vəd etdiyi Ermənistan dövlətini qurmaq üçün türklərdən təmizləmişdilər.

Soyqırımının təşkilatçıları və səbəbləri

Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra özlərini Qafqazda bolşevik hakimiyyətinin qanuni nümayəndələri hesab edən ermənilər əsasən Türkiyədən qaçıb gələn erməniləri silahlandıraraq Sovet hakimiyyətini qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirmişdilər. 1918-ci il martın 30-u, 31-i və aprelin 1-də bolşevik qiyafəsinə bürünən ermənilər Rusiyanın hərbi yardımı ilə Bakıda soyqırım törədərək 15 min müsəlmanı qətlə yetirmişdilər. Məqsəd Bakını ələ keçirməkdən, onun neft sərvətinə sahib çıxmaqdan ibarət idi. Həmin ilin mart-aprel-may aylarında ermənilər Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən artıq soydaşımızı ən vəhşi üsullarla qətlə yetirmişdilər. Qırğınlar İrəvan quberniyası ərazisində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Qars vilayətində daha amansız şəkildə törədilmişdi. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə (Yelizavetpol) quberniyasında 272 (o cümlədən Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdı.

Soyqırımı və kütləvi məzarlıqlar

  Soyqırımı insanlıq, bəşəriyyət əleyhinə törədilmiş ən böyük cinayətdir. Çox təəssüf hissi ilə bildirməliyik ki, bir əsrdə iki böyük miqyaslı soyqırımına məruz qalmış bir xalq kimi qəlbimizdə, ruhumuzda hər zaman o faciələrin izlərini hiss edirik. Böyük maddi zənginliyə malik torpaqlarımızı işğal etmək arzusunda olanlar hər zaman xalqımızın mərd və cəsarətli dirənişi ilə qarşılaşmışlar.

107 il əvvəl erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırımı törətdilər və 10 minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. Minlərlə evlər yandırıldı, insanlar diri-diri oda atıldı. Bu, vandalizmin son həddidir, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə sahib çıxmaq cəhdidir. Dünyanın ən dəhşətli faciəsi olan Xatın faciəsi ilə bu faciə ilə müqayisədə kölgədə qalır. Mart soyqırımı Xatın faciəsindən onunla fərqlənir ki, Azərbaycan xalqı dinc dövrdə erməni faşistlərinin insanlıqdan kənar vəhşi hərəkətlərinin qurbanı olublar. Mart soyqırımı Xatın faciəsindən bir də onunla fərqlənir ki, bu qətliam Azərbaycanda kütləvi şəkildə həyata keçirilib. İnsanlar nəinki dini və milli mənsubiyyətinə görə qətlə yetirilmiş, hətta yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Məqsəd müsəlman-türk əhalinin izini silməkdən ibarət idi. Özü də yalnız azərbaycanlılara qarşı deyil, ermənilər minlərlə ləzgi, yəhudi, rus, avar və talış xalqlarına mənsub insanları süngülərdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələrini dağıtmışlar. Azərbaycanın bütün bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda həmçinin, Naxçıvanda da eyni qayda və ssenari ilə əhali ağır işgəncələrlə qətlə yetirilirdi. Naxçıvan əhalisi özü ermənilərə müqavimət göstərir, hətta qatil silahlılarını məğlub da edirdilər. Ancaq bununla birlikdə, ermənilər tərəfindən törədilən cinayətlər Naxçıvandan da yan keçmədi. Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımda Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər erməni cəlladlarının başçılıq etdikləri dəstələr böyük rol oynamışlar. Özünəməxsus vəhşiliyi ilə Andranik öz adını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı tarixinə xüsusi nifrətlə yazmışdır. O, Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə yeksan etmiş, kənd əhalisinin 2000-2500 nəfərini qətlə yetirmiş və Araz çayına tökmüşdü. Naxçıvanın bir çox ərazilərində də dəhşətli qırğınlar törədilmişdir.

Digər bir fakta əsasən Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurlarının silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirildi. Arxiv materiallarında yuxarıda adları çəkilən erməni komitəçilərinin, xüsusilə də Andranik Ozanyanın silahlı dəstələrinin İrəvan əyalətində 200-dən çox, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad nahiyələrində də 50-dən çox müsəlman kəndlərinə silahlı hücumlar təşkil etdiklərinə, kənd əhalisinin böyük əksəriyyətinin qətlə yetirildiyinə dair məlumatlar yer almaqdadır. Mənbələrdən əldə edilən məlumatlara görə, 1918-1920-ci illər arasında Naxçıvanda 73 min 727 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir.

Bütün ölkə ərazisində erməni vandallığının izlərinə rastlansa da 31 mart hadisələrinin sözsüz ki, kuliminasiya nöqtəsi məhz Quba qətliamlarıdır. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlanmışdır. Bu görüntülər əlbəttə, ürək ağrıdıcı məqamları özündə ehtiva etsə də soyqrım aktının dünya birliyinə çatdırılması istiqamətində çox mühüm əyani sübutdur. Məhz bu məqsədlə Prezident cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verilmişdir. Memorial kompleks Quba şəhərində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Bu tarixi qərar və inşa edilmiş kompleks bəşər tarixinin ən qanlı hadisələrindən birinin dünyaya çatdırılması istiqamətində ciddi addımdır. Əlbəttə, bu kompleksdə sərgilənən faktları görmək ağır olsa da həqiqətləri olduğu kimi demək lazımdır. Qubada aşkarlanan kütləvi məzarlıqda 500 insan kəlləsinin 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara məxsus olduğu və onların soyqırım ərəfəsində öldürüldükləri sübuta yetirilmişdir. İnsanlar dünyadan köçsələr də qan yaddaşları hər zaman yaşayır.

31 Mart Soyqırımının tanınması

1918-ci ilin mart ayından iyul ayına qədər bu faciəvi işğal davam etmişdir. Yalnız Osmanlı-türk qardaşlarımızdan təşkil olunmuş Qafqaz İslam Ordusunun azadetmə və qan qardaşlarını xilasetmə əməliyyatlarından sonra Azərbaycan xalqı bəlkə də yox olmaq təhlükəsindən xilas olmuşdur. Milli mənsubiyyətimizin itirilmə təhdidi yaşadığı o illərdə, çox qısa zaman kəsiyində biz müdrik xalq kimi toparlana bilmiş və müsəlman şərqində ilk demokratik cümhuriyyəti yaratmışıq. Azərbaycan Xalq Cümhuriyyəti XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin yalnız bir məqamına 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərmişdi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra fövqəladə istintaq komissiyası yaradılmış və ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər şahid ifadələri əsasında sənədləşdirilmişdir. Cümhuriyyəti hökumətinin qərarı ilə hər il martın 31-ni matəm günü kimi qeyd etmək qərara alınmışdı. Erməni təcavüzünün qurbanlarının xatirəsi 1919-cu və 1920-ci il martın 31-də matəm kimi qeyd edilmişdi. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin bu istiqamətdəki işini tarixi, hüquqi və siyasi varisi olan Azərbaycan Respublikası davam etdirmiş və daha effektiv formada gerçəkləşdirə bilmişdir. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu, tarixi sənəddir. O tarixə qədər heç kimsə Azərbaycan xalqının başına gətirilən müsibətlərə bu qədər aydın və səlis siyasi-hüquqi qiymət verməmişdir. Ulu Öndər Heydər Əliyev bu siyasi yanaşması ilə eyni zamanda da yeni formalaşan nəsillərə öz tarixinə diqqət və qayğını təlqin etmişdir. Məhz Ümummilli Liderin bu uzaqgörən qərarından sonra 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya yayılması işi sürətlənmişdi. Məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına xüsusi diqqət ayrıldı, həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və əcnəbi dillərə tərcümə olundu.

 Qeyd edək ki, XX əsrin birinci yarısında ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlarına dair kifayət qədər faktlar həmin dövrün mətbuat orqanlarında öz əksini tapıb, arxiv sənədləri arasında yer alıb. Faktların təkcə mətbuatda deyil, həm də bədii ədəbiyyatda ifadəsi və aşkar edilməsi soyqırım mövzusunun bədii ədəbiyyatda işlənməsi ilə bağlı elmi-tədqiqat işinin aparılmasının aktuallıq və vacibliyini ortaya qoyub. Təəssüflər olsun ki, tarixi mənbələrdə həmin hadisələrə dair az sənəd qalıb, ancaq ziyan çəkmiş şəxslərin və şahidlərin hekayətləri əsasında yazılmış M.S.Ordubadinin "Qanlı illər" romanı, Cəfər Cabbarlının "1905-ci ildə" dramı, M. M. Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" əsərlərində öz əksini tapıb. Bundan başqa, Mirzəbala Məmmədzadə, Seyid Hüseyn, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Mirzə Bağır Əliyev və başqa ziyalılar da soyqırımı mövzusunu bədii ədəbiyyatda geniş şəkildə ifadə ediblər.

Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, "...erməni faşizmi Azərbaycan alimləri tərəfindən daha geniş şəkildə tədqiq edilməlidir. Hesab edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır". Prezidentin bu sözləri tariximizin qaranlıq səhifələrinə işıq salmaq, aydınlıq gətirmək, xüsusilə azərbaycanlıların soyqırımı faciəsi haqqında daha ətraflı, yeni məlumatların əldə olunması məqsədilə tədqiqatçıları bu istiqamətdə daha da fəallaşdırır. Bu gün mart soyqırımının beynəlxalq aləmdə tanınması üçün Azərbaycan dövləti və diaspor təşkilatları tərəfindən xarici dillərdə kitablar, məqalələr və sənədli filmlər hazırlanır, müxtəlif ölkələrdə elmi konfranslar təşkil edilir, internet və sosial media vasitəsilə bu hadisələrin tanıdılması həyata keçirilir.

Soyqırımı qurbanlarının qisası alınır

Xalqımıza qarşı törədilmiş soyqırımlar bizim qan yaddaşımızdır. Təxminən 74 il sonra, 1992 – ci ildə Xocalıda xalqımızın tarixinə növbəti soyqırımı müsibətini yazan mənfurlar bütün dünyaya sanki meydan oxuyurdular. Təəssüflər olsun ki, müasir dünyada ədalət güclünün yanındadır. Əgər güclüsənsə, ədalətlisən prinsipi vicdanlı insanlar tərəfindən qəbul olunmasa da tarixi hadisələr sübut etmişdir ki, bu həqiqətdir. Biz öz gücümüzü toplayaraq məğlub xalq ayamasını öz üzərimizdən atmış və yalnız torpaqlarımızı işğaldan azad etməmişik, eyni zamanda da əsrlər boyu davam edən erməni şovinizminin başını əzmiş, “böyük Ermənistan” mifini darmadağın etmişik. Bu gün də öz tarixi missiyasına Azərbaycan ordusu başda Ali Baş Komandan olmaqla davam etməkdədir. Tarixin ən böyük ədalətsizliyi mənfur ermənilərlə qonşuluğumuzdur. Daim bizə qarşı ərazi iddiası irəli sürən mənfurlar fürsət düşdükcə bunu reallaşdırmağa, ərazilərimizi qoparmağa, soyqırımlar törətməyə çalışırlar. Bunun üçün tarixin bu acı səhifələrindən dərs çıxarıb, gənc nəslin vətənpərvər, toprağına, elinə bağlı şəkildə yetişməsinə çalışmalıyıq. Dövlət başçısınında qeyd etdiyi kimi, bu gün yetişən gənc nəsil I Qarabağ müharibəsindən sonra, torpaqlarımızın işğalı dövründə yetişmiş, heç vaxt görmədikləri Torpağa-Vətənə məhəbbət ruhunda formalaşmışlar. Bundan sonra da gələcək strategiya bu istiqamətdə qurulmalı, yeniyetmə və gənclərlə aparılan ideoloji-maarifləndirici siyasətin ana xəttini təşkil etməlidir. Mənfur qonşuların yenidən bu xülyalarla yaşaması, revanş hisslərinin baş qaldırmasına imkan verməməliyik. Bölgədə formalaşan, təsir qüvvəti daha da artan Azərbaycan-Türkiyə qardaşlığı ermənilərin və onların havadarlarının siyasəti önündə ən dayanıqlı və etibarlı siyasətdir.

İndi Azərbaycan dünyada sülhün, əməkdaşlığın, tolerantlığın və qardaşlığın carçısıdır. Azərbaycan həm də, sürətlə güclənən, inkişaf edən, siyasi və mədəni aləmdə etimat bəslənilən ölkə kimi irəliməkdə, bir çox hallarda öz maraqlarını diqtə etməkdədir. Çünki biz yolumuza müstəqil və azad ideyalarla davam edirik, başqalarının zülm qarşısında edə bilmədiyi və ya etmək istəmədiklərinin öhdəsində özümüz gəldik. Bir sözlə, ədaləti bərqərar etdik, yeni reallıqlar yaratdıq və gələcək hədəflər üçün əsaslı zəmin yaratdıq. Dövlət başçısının siyasi iradə və qətiyyəti ilə xalqımız “Böyük Qayıdış” yolundadır. Bu gün Qarabağa qayıtmışıq, sabah Zəngəzura, İrəvana və digər əzəli Azərbaycan torpaqlarına gedəcəyik. Qərbi azərbaycanlıların öz doğma yurd­larına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev liderliyində bu sahədə çox mühüm işlər icra edilməkdədir. Əminik ki, daim xalqın maraqları və iradəsindən çıxış edən ölkə lideri bu məsələnin həllinə də öz imzasını atacaqdır!

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini,

Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri

Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Mirməcid Seyidov

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: