Ermənistanda yeni hökumətin təşkili fikir ayrılığına səbəb olub. Baş nazir Nikol Paşinyan nazirliklərin sayını azaltmağı planlaşdırır. Ləğv ediləcək nazirliklər arasında diasporla bağlı nazirliyin olması erməni ekspert dairələrində müəyyən ajiotaj yaradıb. Bir sıra ekspertlər hesab edirlər ki, diasporla əlaqələrin pisləşməsi erməni dövlətçiliyi üçün öldürücü ola bilər. Hazırda diasporun Ermənistana yardımları az deyil. Ənənəvi olaraq, xaricdə yaşayan ermənilər Ermənistana müxtəlif məsələlərdə dəstək veriblər. İndi isə onların təsiri xeyli azalıb. Bu o deməkdir ki, erməni diasporuna havadarlıq edən dövlətlərin siyasi və geosiyasi mövqeyi transformasiyaya uğrayır. Bununla erməni diasporu ilə bağlı yaradılan mif də sabun köpüyü kimi dağılır. Ermənilərin ağaları artıq onlardan köləliyin başqa formasını tələb edirlər. Bunun fonunda N.Paşinyanın yeritməyə çalışacağı xəttin təhlilinə ehtiyac vardır.
Ənənə davam edir: Sarkisyandan sonrakı saxtakarlıq
Ermənistanda parlament seçkisində özünü göstərən bir sıra ziddiyyətlər hökumətin formalaşmasına da təsir etməkdədir. İndi Ermənistanda Nazirlər Kabinetinin islahatları prosesi diqqət mərkəzindədir. Ekspertlər baş nazirin məqsədinin nədən ibarət olduğunu müəyyən etməkdə çətinlik çəkirlər. O cümlədən N.Paşinyanın diaspor ilə bağlı 2008-ci ildə yaradılmış nazirliyin ləğv ediləcəyi haqqında bəyanatı çoxlu suallar yaradıb.
Xatırladaq ki, diasporla iş üzrə nazirliyi Serj Sarkisyan yaratmışdı. Ekspertlərin fikrinə görə, o, bunu dövlətin maraqları üçün deyil, özünün siyasi məqsədləri naminə etmişdi. Belə ki, 2008-ci ildə prezident seçkisindən sonra baş verən hadisələr diasporla Ermənistan hökumətinin münasibətlərini gərginləşdirmişdi. Xüsusilə Qərbdəki diaspor təşkilatları seçkinin yenidən keçirilməsini, dinc nümayişçiləri qətlə yetirənlərin cəzalandırılmasını, saxtakarlıq hallarına yenidən baxılmasını tələb edirdi. Hətta o zaman ABŞ Ermənistandakı bir sıra layihələrini də ləğv etmişdi.
Belə görünürdü ki, S.Sarkisyanın bu üsulla hakimiyyətdə qalmasını Amerika istəmirmiş. Deməli, S.Sarkisyan başqa böyük dövlətin layihəsi imiş. Həmin səbəbdən də seçkinin nəticəsindən Vaşinqton narazı idi. Ancaq indi aydın olur ki, ABŞ və bütövlükdə Qərb ikili standartlar siyasəti yeridərək Ermənistandakı seçkinin nəticələrinə obyektiv qiymət vermədi, susdu və faktiki olaraq qanunsuz hesab etdikləri Ermənistan iqtidarı ilə əməkdaşlıq etdilər. Onunla bütün Qərb dövlətləri heç nə olmamış kimi əlaqələr qurdular. Bu saxta prosesin nəticəsi indi bəllidir.
Doğrudan da, S.Sarkisyan məhz Amerikanın qurduğu ssenari üzrə hakimiyyətdən uzaqlaşdırıldı. Yalnız bundan sonra Vaşinqton açıq bildirdi ki, Ermənistanda prezident seçkisi demokratik qaydalara uyğun olmayıb. Diasporla bağlı məsələdə bu proses nəyi ifadə edir? Hər şeydən öncə, Ermənistan hakimiyyətinin siyasi spekulyasiyalarla məşğul olduğunu. Əslində, S.Sarkisyanı öz şəxsi maraqları daha çox düşündürüb. Onun nə xalq, nə ölkə, nə də diaspor vecinə olmayıb. İrəvanın küçələrində Ermənistan vətəndaşlarını gülləbaran edir, ancaq xaricdə yaşayanlara "qayğı" göstərdiyini nümayiş etdirirdi. Yəni "diaspor ermənisi" "vətəndaş erməni"dən daha qiymətlidir! Təbii ki, bu, saxta, antiinsani bir münasibət idi. Həmin keyfiyyət, əslində, Ermənistan siyasi mühitinə və idarəetməsinə xas olan cəhətdir.
İkincisi, Ermənistana havadarlıq edənlər də öz maraqlarını güdüblər. Seçkidən sonra S.Sarkisyana güc tətbiq etməyi rəva görənlər də, buna göz yumub, həqiqəti deməyənlər də. Konkret desək, həm Qərb, həm də Şərqdəki havadarları xalq, cəmiyyət deyil, öz siyasi hesabları narahat edir. Nəticədə, sadə insanlar həyatlarını itiriblər.
Üçüncüsü, bunların fonunda diaspor nazirliyinin yaradılması sırf süni bir addım idi. Bunu həmin nazirliyin fəaliyyəti də təsdiqlədi. Faktiki olaraq bu nazirlik heç bir uğur qazana bilmədi. Əksinə, Azərbaycanın diplomatik və ideoloji aktivliyi erməni hakimiyyəti ilə yanaşı, diasporunu da iflic halına saldı. ABŞ və diaspor təşkilatları Ermənistana yardımları sürətlə azaltdılar. Bunu erməni ekspertlər açıq etiraf edirlər.
Belə çıxır ki, N.Paşinyanın küçə hərəkatını təşkil edənlərin diaspor təşkilatları ilə bağlı öz planları varmış. Və həmin planı N.Paşinyan hakimiyyətdə yerini möhkəmləndirəndən sonra reallaşdırmağa başladılar. Konkret olaraq, diaspora yerini göstərirlər: sən artıq lazım deyilsən! Öz funksiyanı yerinə yetirdin, indi arxa plana keçə bilərsən. Əslində, bu dəyişiklik erməni siyasətində ciddi düzəliş etmək anlamına gəlir. Onun iki tərəfi vardır.
Düzəliş: diaspor siyasətinin iki tərəfi
Birinci tərəf ondan ibarətdir ki, ənənəvi "diaspor-"vətən" bağlantısının məzmunu dəyişir. Diaspor mənasız maliyyə və ideoloji dəstəyini kəsir, Ermənistan isə diaspor faktorunu siyasətində formal olaraq saxlayır. Görünür, burada qlobal səviyyədə müşahidə edilən ideoloji dəyişikliklər rol oynayır. İllərdir ki, qonşulara nifrət və ərazi iddiaları üzərində qurulan siyasi xəttin səmərəsizliyi dərk edilməyə başlanılır. Ola bilər ki, Qərbdə Ermənistanın qonşulara düşmən olmaq siyasətində uduzanın elə erməni xalqı olduğunu anlayıblar. Bu siyasətdən əl çəkilməsə, Ermənistan, ümumiyyətlə, dövlət kimi məhv olacaq. Əgər bunu görürlərsə, mümkündür ki, tədricən Ermənistan haqq yoluna gəlsin. Ancaq bu, bir ehtimaldır və onu təsdiq edən əlamət hələ görünmür.
İkinci tərəf Qərb və Rusiyadakı erməni diaspor təşkilatları arasında siyasi-ideoloji uçurumun dərinləşməsi ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, N.Paşinyan hakimiyyətə gələndən Rusiyadakı erməni diasporu müxtəlif üsullarla yeni hökumətə "Moskvanı dinləmək lazımdır" deyə mesaj göndərir. Əks halda, Rusiyadakı diaspor da erməni hakimiyyətinə qarşı çıxacaq. Keçmiş baş nazirin (K.Karapetyan nəzərdə tutulur – red.) birbaşa "Qazprom"un adamı olması bunun bariz nümunəsi idi. Deməli, diaspor nazirliyinin ləğv edilməsi artıq vahid erməni diasporunun yoxluğu anlamına gəlir. Diaspor bölünüb və onun parçaları ayrı-ayrı siyasi dairələrin köləsidir.
Qərb-Rusiya qarşıdurmasının geosiyasi, hərbi və ideoloji aspektləri erməni diaspor təşkilatlarının siyasi-ideoloji seçiminə də ciddi təsir göstərir. Görünən odur ki, erməni diaspor təşkilatlarının böyük gücü haqqında yaradılan təsəvvürlərin heç bir əsası yoxdur. Qərb və Rusiya bu mifdən Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Bu baxımdan "erməni soyqırımı" nağılı da tarix səhnəsindən çıxmaq ərəfəsindədir. İndi Fransa prezidenti ona yeni nəfəs verməyə çalışır, lakin çox keçməz ki, bu ideya da erməni yalanları ilə birlikdə tarixin arxivinə atılar.
Bununla N.Paşinyanın diaspor nazirliyini ləğv etmək istəyinin arxasında nələrin dayandığını anlamaq mümkündür. Növbəti siyasi oyun aparılır. N.Paşinyan da S.Sarkisyan qədər saxta və ağalarının maraqlarını təmin etmək istiqamətində hərəkət edir. O, diasporla işi elə qurmağa çalışır ki, həm Qərbin maraqlarına uyğun olsun, həm də özünün hakimiyyətini saxlasın. Əgər diaspor nazirlik kimi qalsaydı, bu fürsətdən Rusiyadakı erməni oliqarxlar yararlana bilərdilər və Ermənistan siyasi dairələrində daim zəlzələlər meydana gələrdi. İndi Rusiyadakı diasporun N.Paşinyan hakimiyyətinə təsir mexanizmləri zəifləyib. N.Paşinyan həm də diaspora təklif də edib.
Erməni ekspertlər yazırlar ki, o, diaspor üzvlərinə parlamentin işində iştirak etməyi təklif edib. Lakin bunun fonunda xaricdə nümayəndəliyi olan heç bir ənənəvi erməni partiyası parlamentdə yer ala bilməyib. Məsələn, sosial-demokrat "Qnçak" partiyası (1887-ci il, Cenevrə), "Daşnaksütyun" Erməni İnqilabi Federasiyası (1890-cı il, Tiflis) və erməni liberal-demokrat partiyası "Ramkavar" (1921-ci il, İstanbul) parlamentdən kənarda qalıb. Səbəb nə olub?
Bu partiyaların fəaliyyət tarixçəsinə nəzər salsaq, onların hamısının milli nifrət və düşmənçilik ideologiyasına dayandığını görərik. Bu siyasi qruplar şovinist-millətçi, radikal, müasir dünyanın tələblərinə qətiyyən uyğun olmayan üsullardan istifadə ediblər və onların fəaliyyəti tam antidemokratik olub. Belə çıxır ki, N.Paşinyan belə diasporu arzulamır. Onda bəs hansı diasporla işləmək fikrindədir?
Bu barədə qəti bir mövqe yoxdur. O, ancaq fərd olaraq xaricdə yaşayan ayrı-ayrı ermənilərin Ermənistanın siyasi həyatında iştirak etməsini lazım bilir. Bu isə erməni diasporunun Ermənistanın siyasi-iqtisadi, ideoloji və mədəni həyatında yeni rolunu görmək istəməsindən xəbər verir. Konkret desək, N.Paşinyan öz hakimiyyətini erməni diasporunun da təsirindən çıxarmağı düşünür. Lakin illərdir formalaşmış vəziyyəti dəyişməyə gücü çatacaqmı? Ümumiyyətlə, erməni diasporunun tarixi zərərini aradan qaldırmaq mümkün olacaqmı? Bizcə, erməni siyasətinin ən aktual problemlərindən biri budur.
Newtimes.az