Bəzi siyasətçilərin sevdiyi və tez-tez işlətdiyi təkqütblü, çoxqütblü dünya, qütbləşmə kimi ifadələr nisbi xarakter daşıyır. Əslində dünya çoxqütüblü deyil. Qütblər sadəcə coğrafi baxımdan mövcuddur. Bir də maraqlar var. Dünya bu maraqların təhriki ilə idarə olunur. Götürək elə başıbəlalı Ukraynanı. Ukrayna bu gün sanki hərracdadır. Ukrayna xalqının və dövlətinin taleyini hazırda böyük güclər müəyyən edirlər. Realist olmaq lazımdır. Güc həmişə olduğu kimi hüququ müəyyənləşdirir. Məşhur deyimlə ifadə etsək “qaliblər mühakimə olunmur”. Güclünün qarşısında duran zəifin qalib gəlməsi ancaq filmlərdə, nağıllarda olur. Başqa sözlə, ədalət axtarışına çıxan insanlıq hələ də ədaləti tapa bilmir, çətinki də tapsın. Rusiya Ukrayna ərazisinin 20 faizini, ABŞ göstərdiyi hərbi yardımların qarşılığında təbii ehtiyatlarını tələb edir. Avropa İttifaqı isə Ukraynanı silahlandırmaq, yardım etmək, haqq mübarizəsində dəstək çıxmaq adı altında bu yağlı tikədən öz payını qoparmaq niyyətindədir. Aİ nə istəyir? Cavab çox sadədir: “Sülh müqaviləsi”nin imzlanmamasını, müharibənin davam etməsini, Ukrayna və Rusiyanın mümkün qədər zəifləməsini, ABŞ-nin Ukrayna ilə bağlı planlarının baş tutmamasını və s. Avropa siyasətçiləri hər zaman olduğu kimi naqis, əxlaqsız siyasət yürüdürlər. Necə ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ötən həftə Azərbaycana səfərindən öncə qondarma rejimin əski parçasını paylaşdı və sonra məcbur qalaraq üzr istədi. Bu o deməkdir ki, Almaniya həmişə olduğu kimi kölgədə duraraq Cənubi Qafqazdakı proseslərə destruktiv təsir göstərməyə çalışır. Fransa Almaniyaya baxanda toya getməlidir. O mənada ki, siyasətini açıq şəkildə yürüdür. Bu açıqlıqda Fransa diplomatiyası hər addımda mənəviyyatsızlığını, həyasızlığını nümayiş etdirir. Almaniya isə kölgədə duraraq özünü “tolerant”, “multikultural”, “yaxşı” kimi göstərərək maraqlarını təmin etməyə çalışır. Alınacaqmı? Xeyir, alınmayacaq. Cənubi Qafqazda yeni oyunçuların peyda olması mümkün deyil. Çünki artıq bu coğrafiyada Azərbaycanın yaratdığı yeni reallıqlar var. Hər bir dövlət bu reallığı nəzərə almalı və razılaşmalıdır.
Gələk Azərbaycanın ən əsas müttəfiqi Türkiyənin məsələsinə. Türkiyə tarixi boyu indiki kimi güclü olmayıb. Bu faktı Qərbdə də yaxşı başa düşürlər və Türkiyənin uğurlarını qəbul etmək istəmirlər. Qərb ölkələri qardaş ölkənin hər vəchlə qarşısını kəsmək niyyətindədir. Son həftələrdə Türkiyədə baş verən küçə etirazları ilə Qərb istəyinə nail ola bilmədi və bilməyəcək də. ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər səsləndirməsi də şübhəsiz Türkiyənin artan nüfuzu ilə bağlıdır. Amma bu müsbət fikirlər Amerika siyasətinin görünən tərəfidir. Türkiyə dövlətçilik tarixi ötən əsrin ortalarından başlayan İsrail kimi yenicə yaranan ölkə deyil. Əsrlərə dayanan dövlətçilik tarixi olan Türkiyədə ABŞ-nin də İsrailin də məqsədlərini yaxşı anlayırlar. Bu xüsusda İsraildən Türkiyəyə ünvanlanan hədə-qorxular isə gülüş doğurur. Düzdür İsrail Fələstində və Suriyada istədiklərinə nail olmuş kimi görsənir, amma Türkiyə məsələsi başqadır. Elə məhz buna görə, İsrailin Baş naziri ABŞ-yə səfər edərək İsrailə hücum məqsədilə Suriyanın baza kimi istifadə edilməsini istəmədiyini bildiridi. Yəni Türkiyə ilə bağlı Donald Trampdan kömək istədi. Çünki bu gün Suriyada əsas söz sahibi məhz Türkiyədir. Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq etdi ki, İsrail regionda xarici siyasətini daha böyük məsuliyyətlə aparmalıdır, seçdiyi vektor yəhudi dövlətinə sabitlik gətirməyəcək. Sitat: “Seçdiyi strategiya - xüsusən də işğal ona heç vaxt təhlükəsizlik gətirməyəcək və mənfi nəticələr verəcək. Ola bilsin ki, onun həyata keçirdiyi təxribatlar hansısa taktiki məsələləri həll etsin, amma strateji müstəvidə dəyən ziyan bundan qat-qat ciddi olacaq”.-sitatın sonu.
Bəli. Türkiyə artıq regional deyil, beynəlxalq gücdür. Bu güclə isə hesablaşılmalıdır.
Nihad Bayramlı
Naxçıvan Radiosunun baş redaktoru