Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb - FOTOLAR
Azərbaycanın Qarsdakı Baş Konsulluğunun və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Azərbaycanın Qarsdakı Baş Konsulluğundan NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, İğdır vilayətinin valisi Ənvər Ünlü, Türkiyə Böyük Millət Məclisinin sabiq millət vəkilləri Nurəddin Aras və Adil Aşırım, tanınmış ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.
Sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin, İğdır vilayətinin valisi Ənvər Ünlünün, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acarın və başqa ziyalıların çıxışları dinlənilib.
Bundan başqa, professor Aygün Əttar məruzə ilə çıxış edib. Erməni millətçi dairələrinin bu toplumda formalaşdırdıqları saxta türk düşmənçiliyinin zaman-zaman xalqımıza qarşı ağır nəticələr verdiyini diqqətə çatdıran professor 27 il əvvəl Azərbaycana qarşı soyqırımı aktı törədən təcavüzkar Ermənistan dövlətinin çirkin əməllərinin beynəlxalq hüquqa qarşı cinayət olduğunu qeyd edib. Professor məruzəsində Xocalı cinayətinin törədilməsinin səbəb və məqsədləri, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr və digər məsələlər barədə müfəssəl məlumat verib.
Sonda Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.