Ukraynanın “Versii” saytında soydaşımız, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin Xocalı soyqırımı haqqında məqaləsi yayılıb.
NUHÇIXAN xəbər verir ki, məqalədə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti və təcavüzü haqqında geniş məlumat verilib.
Məqalədə qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətindəki Xocalı şəhəri işğal olunub və burada yaşayan mülki əhaliyə, onları müdafiə edənlərə öz miqyasına görə misli görünməyən və soyqırımı kimi səciyyələndirilən bir şəkildə divan tutulub. 613 nəfər amansızcasına qətlə yetirilib, müxtəlif yaşlı 100 dinc sakin əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi vəhşiliklə öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 azyaşlı isə valideynlərindən birini itirib, 1275 dinc sakin əsir götürülüb, onların 150-sinin taleyi bu günədək məlum deyil. Bundan başqa, 56 azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib – diri-diri yandırılıb, başlarının dərisi soyulub, başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edilib. Qaçıb xilas olmağa çalışan bəzi sakinlər əvvəlcədən qurulmuş tələlərə düşərək həlak olublar. Faktlar göstərir ki, Xocalının sakinləri və müdafiəçiləri yalnız azərbaycanlı olduqları üçün məqsədyönlü şəkildə kütləvi qətliama məruz qalıblar. Bu dəhşətli aksiyanın əsas məqsədi şəhərin bütün əhalisinin məhv edilməsi olub. Yalnız sırf təsadüf nəticəsində, sonralar tarixin məhkəməsində şahid olmaq üçün Xocalının bir neçə sakini sağ qalıb.
Müəllif xüsusi olaraq vurğulayır ki, Xocalıda hadisələr Ermənistan Respublikasının sabiq prezidenti Sarkisyanın qeyri-qanuni separatçı rejimin “Özünümüdafiə qüvvələri komitəsi”nə başçılıq etdiyi və bu şəhərin zorakı yollarla zəbt edilməsinə məsuliyyət daşıyan şəxslərdən biri olduğu dövrdə baş verib. Bundan başqa, Serj Sarkisyan və bu cinayətdə bilavasitə iştirak etmiş digərləri cəzasızlıq şəraitindən istifadə edərək, vicdansızcasına hər yerdə Xocalı sakinlərinin və şəhərin müdafiəçilərinin məhv edilməsində öz məsuliyyətlərini etiraf ediblər.
“2012-ci il fevralın 24-də Karnegi Beynəlxalq Sülh Fondunun aparıcı eksperti Tomas de Vaal (“Qara bağ” adlı məşhur kitabın müəllifi) fondun saytında yerləşdirdiyi “Prezident, müsahibə və faciəli ildönümü” sərlövhəli məqalədə Ermənistanın o vaxtkı müdafiə naziri (sonradan prezidenti) olmuş Serj Sarkisyanla 2000-ci il 15 dekabr tarixli müsahibənin rus dilində tam mətnini təqdim edib. Müsahibədə Sarkisyan etiraf edib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıracaq insanlar deyillər. Bütün bu stereotipləri sındırmaq lazım idi. Bu, belə də oldu”. Sarkisyan bununla dinc sakinlərin, o cümlədən qocaların, qadınların və uşaqların qətlini etiraf etdi. İndi kim şəxsən Serj Sarkisyanın hərbi cani olmadığını və hərbi cinayətlərə görə cinayət məsuliyyəti daşımadığını inkar edə bilər? Amma bu, artıq ayrıca söhbətin mövzusudur”, - deyə müəllif qeyd edir.