Dünya getdikcə daha mürəkkəb bir təhlükəsizlik mühiti ilə üz-üzə qalır. Artıq yalnız hərbi təhdidlər deyil, eyni zamanda, iqlim dəyişikliyi, iqtisadi dalğalanmalar və pandemiyalar kimi qeyri-ənənəvi risklər də milli təhlükəsizlik məsələlərinin ayrılmaz hissəsinə çevrilib. Belə bir zamanda Türk dünyası arasında möhkəm əməkdaşlıq mexanizmlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Çağdaş dövrdə dəyişən beynəlxalq güc nisbətləri və artan təhlükəsizlik problemləri fonunda türk dövlətləri arasında əməkdaşlıq zəruridir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı söyləyib.
Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin yalnız regional deyil, eyni zamanda, beynəlxalq miqyasda əhəmiyyət daşıdığını bildirən Hulusi Akar əlavə edib: “Qarabağ Zəfəri təkcə Azərbaycanın və Türkiyənin deyil, bütün Türk dünyasının həmrəyliyinin simvoluna çevrilib. Bu Zəfər güclü ordu və milli birliyin strateji əməkdaşlıqla birləşdikdə hansı nəticələr verə biləcəyini dünya ictimaiyyətinə nümayiş etdirib”.
H.Akar çıxışında vurğulayıb ki, Türkiyə beynəlxalq münasibətlərdə hüquqa əsaslanan yanaşmanı müdafiə edir və regional proseslərin qlobal təsirlərini nəzərə almağın vacibliyini önə çəkir.