Ermənistan işğal dövründə Azərbaycanın təbii sərvətlərini talan edib.
NUHÇIXAN-ın məlumatına görə, bunu Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində deyib.
O qeyd edib ki, Ermənistan 30 il ərzində Azərbaycana qarşı ciddi müharibə cinayətləri törədib:
“Həmin dövrdə mövcud infrastruktur baxımsız qalıb, meşələr qırılıb, sular çirkləndirilib, təbii sərvətlər talan edilib. Azərbaycan xalqına məxsus dini-mədəni abidələr dağıdılıb, tarixi abidələrimiz saxtalaşdırılıb, qəbirlər dağıdılıb”.
Xüsusi nümayəndə vurğulayıb ki, Azərbaycan əraziləri işğaldan azad etdikdən sonra burada qalan Ermənistan vətəndaşlarının bütün ehtiyaclarını qarşılamağa səy göstərib:
“İşğal dövründə Xankəndinin memarlıq üslubuna ciddi xələl gətirilib. Burada müasir şəhər həyatının tələblərinə cavab verən heç bir sistem quraşdırılmayıb”.
E.Yusubov Azərbaycan ərazilərində işğaldan sonrakı bərpa prosesi zamanı Birinci Qarabağ müharibəsi dövründə öldürülən azərbaycanlıların qəbirlərinin aşkarlandığını diqqətə çatdırıb:
"Öldürülən azərbaycanlılar kütləvi şəkildə basdırılıb. Onlar Azərbaycanın böyük itkiləridir”.