İranın İRNA Dövlət İnformasiya Agentliyi “İran və Azərbaycan: Yaxın qonşular və regional müttəfiqlər” sərlövhəli analitik məqalə dərc edib.
NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycan-İran əlaqələrinin inkişafından bəhs olunur.
Azərbaycanın dövlət müstəqilliyini çətinliklə bərpa etdiyinə diqqət çəkən müəllif qeyd edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və 1993-cü ilin yayında ölkə prezidenti seçildi. Bundan sonra rəsmi Bakı İranla əlaqələrini inkişaf etdirməyə başladı. Bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın bütün sahələrdə inkişafına nail olub. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani siyasi iradə nümayiş etdirərək qarşılıqlı əlaqələrdə yeni səhifənin açılmasına nail olublar. Hər iki dövlət başçısının səyləri nəticəsində iqtisadi, ticarət, turizm, nəqliyyat, energetika, mədəniyyət və digər sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub. Bu günədək İran ilə Azərbaycan arasında 150-dən çox sənəd imzalanıb və icra olunmaqdadır.
Agentlik Neftçalada prezidentlərin iştirakı ilə iki ölkənin ortaq avtomobil zavodunun açılışını, Naxçıvan-Təbriz-Məşhəd qatarının fəaliyyətə başlamasını və digər birgə layihələri qarşılıqlı iqtisadi əlaqələrin göstəricisi kimi səciyyələndirir. Bildirilir ki, hər iki dövlət regional əməkdaşlıq sahəsində də irəliləyişə nail olub. İran-Azərbaycan-Rusiya formatında əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyətə malikdir. Üç ölkənin prezidentləri Tehranda və Bakıda görüşlər keçirərək aktual məsələləri müzakirə ediblər.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulur və diqqətə çatdırılır ki, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır. İran münaqişənin sülh yolu ilə beynəlxalq hüquq prinsipləri əsasında həlinə tərəfdardır.
Müəllif Azərbaycanda həyata keçirilən islahatlara toxunaraq vurğulayır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada dinamik inkişaf edən ölkəyə çevrilib.
Materialın tam mətni ilə bu linkdə tanış olmaq mümkündür: http://www.irna.ir/fa/News/83204055