Hərbi qulluqçularımız Türkiyə Respublikasında "Qış təlimi 2019"-da ölkəmizi layiqincə təmsil ediblər - FOTOLAR
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Türkiyə Respublikasının Qars şəhərində beynəlxalq “Qış təlimi-2019” çərçivəsində Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar və digər ölkələrin təmsilçilərinin yer aldığı yüksək səviyyəli qonaqlar günü keçirilib. Təlimin yekun mərhələsinin keçirildiyi yüksək səviyyəli qonaqlar günündə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev də iştirak edib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını uğurla yerinə yetirərək digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra ediblər.
Beynəlxalq hərbi təlimdə iştirak edən hərbi qulluqçularımız xidmət yerlərində təntənəli mərasimlə qarşılanıblar. Mərasimdə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Teymur Eyyubov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi albay Yusif Gündoğdu və təlimdə iştirak edən polkovnik Tehran Mənsimov çıxış edib. Bildirilib ki, təlimin bütün mərhələlərində şəxsi heyətin yüksək peşəkarlıq nümayiş etdirməsi hərbi qulluqçularımızın malik olduğu bilik və bacarıqdan, vətənpərvərlik hisslərindən xəbər verir. Ümumilikdə 16 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi bu dəfə də yüksək peşəkarlıq nümayiş etdiriblər. Sonda təlimdə iştirak etmiş heyətlə xatirə şəkili çəkdirilib.
Nəriman Nəcəfov