Apreldə ADA Universitetinin təşkilatçılığı ilə "Yeni dünya nizamına doğru" mövzusunda VII siyasi forum təşkil edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Euronews” telekanalının məlumatında bildirilib.
Telekanal qeyd edir ki, Bakı və Xankəndidə təşkil olunan tədbir Qarabağ Universitetində keçirilən ilk beynəlxalq forum olub.
"Biz yeni dünya nizamının formalaşması prosesindəyik. Qərbin üstün mövqeyi baxımından keçmişdə ilişib qala bilmərik, çünki Qərb dünyanın böyük hissəsini təşkil etmir. Və məhz belə forumlarda biz bunu dialoqa daxil edirik və bu vacibdir", - forum iştirakçılarından biri Reyçel Rudolf bildirib.
Forum müxtəlif ölkələrdən beynəlxalq ekspertlərin təmsil olunduğu böyük bir qrupun qlobal gündəmin vacib məsələlərini müzakirə etmək üçün Azərbaycana səfər etdiyi sayca yeddincidir. Eyni zamanda, bütün bu səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini hiss etməyə kömək edir.
Qeyd olunub ki, müzakirələr Qlobal Cənubun beynəlxalq qarşılıqlı əlaqələrdə və regional sabitliyin təmin edilməsində artan roluna həsr olunub.
"Avropa İttifaqı gözəldir, lakin onun öz çatışmazlıqları var. Hesab edirəm ki, bu qovuqdan çıxmaq və Qlobal Cənubun, Çin kimi digər dövlətlərin də iştirak etdiyi müzakirələr aparmaq faydalıdır. Zənnimcə, belə dialoqlar aparmaq çox vacibdir, çünki bu olmadan biz sadəcə qovuq içində yaşayırıq və başqa mədəniyyətləri, başqa insanları anlamırıq", - telekanal Macarıstanın Dunay Universitetinin icraçı direktoru İştvan Kissin sözlərini sitat gətirir.
Telekanal qeyd edib ki, belə bir tədbirin ilk dəfə Qarabağ Universitetində keçirilməsi bir çoxları tərəfindən Azərbaycanın gələcək dialoqa və beynəlxalq əməkdaşlığa açıq olmasının əksi kimi qiymətləndirilib.
"Forum iştirakçıları mürəkkəb geosiyasi dəyişikliklər dövründə açıq dialoq və çoxqütblü əməkdaşlığın vacibliyini vurğulayıblar", - “Euronews” vurğulayıb.