Prezident İlham Əliyevin Çinə səfərinin iqtisadi və strateji əhəmiyyəti

A- A A+

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Çin və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir.  Bəyanata əsasən, tərəflər milli şərtlərə uyğun inkişaf yolunu seçməkdə bir-birini dəstəkləyir, suverenlik, təhlükəsizlik və ərazi bütövlüyünün qorunmasında qarşılıqlı qətiyyət nümayiş etdirirlər.

2023-cü ildə Çin ÜDM-i 17, 7 trilyon ABŞ dolları təşkil edərək ölkəni dünyanın aparıcı iqtisadiyyatlarından birinə çevirdiyi halda, Azərbaycan iqtisadiyyatını daxili resurslara söykənərək inkişaf etdirir. Hər iki ölkə iqtisadi dayanıqlıq və müstəqil inkişaf prinsiplərinə əsaslanır. Ölkə başçısının aprelin 22-də Çinə etdiyi dövlət səfəri məhz bu strateji tərəfdaşlığın yeni mərhələyə keçidini təsdiqləyən mühüm hadisə oldu.

Bəs iqtisadçılar bu səfəri necə şərh edir?

Naxçıvanın yeni missiyası: Urumçiylə Orta Dəhlizin qapısı olmaq

İqtisadçı Eldəniz Məmmədov NTV-yə müsahibəsində bildirib ki, bu səfər iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir. Artıq Azərbaycan sahibkarları Çində sərgilərə, işgüzar danışıqlara və digər məsələlər üçün viza almadan gedə biləcəklər. Bu isə həm idxal çeşidinin zənginliyi, həm də öz məhsullarımızın, xüsusilə kənd təsərrüfatı məhsullarının təbliği üçün real fürsətdir. Çinli investorların da eyni ilə ölkəmizə vizasız səfər edə biləcəyi üçün sənaye zonalarımıza, texnoparklarımıza və innovasiya layihələrimizə yeni sərmayələrin cəlb olunmasına zəmin yaranacaq.

Həmçinin Zəngəzur dəhlizinin perspektivi ilə bağlı yüksək gözləntilər formalaşır. Ölkəmizin logistik mərkəz statusu daha da möhkəmlənir. Çin texnologiyalarının ölkəmizə layihələr şəklində ayaq açmasına ciddi şans yaradır. Yaşıl enerji sahəsində Çinə Azərbaycanın enerji keçidi strategiyasını dəstəkləməsi imkanı verir. Bu ölkənin Azərbaycanın əqli mülkiyyət sisteminə maraq göstərməsi isə bizim texnoloji startaplarımız üçün beynalxalq müdafiə və kommersiyalşma imkanlarını artırır.

Turizm sahəsi bu münasibətlərdə ən tez hiss ediləcək müsbət nəticələrdən biri olacaq. 2023-cü ildə Çindən xaricə 87 milyon nəfər səfər edib. Artıq bu axının bir hissəsini Azərbaycana yönləndirmək real görünür. Bu da turizm sektoruna nələr vəd edə bilər aydın məsələdir.

Onsuz da Ələt Azad İqtisadi Zonasına Çinin marağı artmaqda idi. Bu imzalanan sənədlər zonanın beynəlxalq investisiya platformasına çevrilməsi prosesini sürətləndirib texnologiya transferinə təşviq edə bilər.

Çin artıq öz iqtisadi potensialı ilə sərhədlərinə sığmayan ölkəyə çevrilib. O, böyüməklə yanaşı yeni etibarlı tərəfdaşlar axtarır. Azərbaycan isə bu mənada onun üçün həm etibarlı, həm də strateji baxından əvəzolunmaz tərəfdaşdır. Odur ki, 2024-cü ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 27,7% artaraq 3,7 milyard dollara çatsa da bu rəqəm hələ potensialdan çox uzaqdır. Hazırda qarşılıqlı investisiya  idxal və ixraca imkanlarının genişlənməsi bu rəqəmi dəfələrlə artırmaq potensialına malikdir.

Son statistik məlumatlara görə bu günə qədər Çin 25 ölkə ilə qarşılıqlı vizasız gediş-gəlişlə bağlı sənəd imzalayıb. Azərbaycan Çinlə qarşılıqlı vizaların ləğv edildiyi 26-cı ölkə oldu. Bunun özünü də  rəsmi Pekinin ölkəmizə verdiyi strateji etimad kimi qəbul etmək olar.

 Mühüm məqamlardan biri də, Naxçıvanla Urumçi şəhərlərinin qardaşlaşması oldu. Bu yanaşma iki ölkə arasında əlaqələri daha da gücləndirəcək. Bu qardaşlaşma Naxçıvana Orta Dəhlizin istinad şəhərlərindən birinə çevrilməsi fürsətini yaratdı. Əvəzində Urumçi isə Orta Dəhliz üzərindən Qafqaz və Avropaya çıxış baxımından strateji əlaqə nöqtəsinə çevriləcək. Eyni zamanda bu qardaşlaşmanın Naxçıvanın turizm sektoruna da böyük təkan verəcəyi şübhəsizdir.

Bir sözlə, bu səfərin nəticələrini uzun illərə hesablanmış xüsusi strateji əhəmiyyətli səfər kimi xarakterizə etmək olar.

 

İqtisadi ittifaqa viza dəstəyi

İqtisadçı Xalid Kərimli isə qeyd edir ki, Azərbaycanın gələcək inkişaf istiqamətlərindən biri məhz Çinlə əməkdaşlığın genişləndirilməsidir. Hətta biz elan etmişik ki, BRICS  qurumu Azərbaycanın qoşulmaq istədiyi qurumdur. Bu baxımdan Çinlə əlaqələrin genişləndirilməsi hər iki ölkənin qarşılıqlı marağına və faydasına əsaslanır.

Çinlə Azərbaycanın Ümumi Ticarət Dövriyyəsi ümumi dövriyyəmizin 8.5 faiz təşkil edir. Ümumiyyətlə Çin Azərbaycanın idxalında mühüm rol oynayır. Hazırda Azərbaycanın idxalındakı 18 faiz məhsul Çindən gətirilən məhsullar hesabına formalaşıb.

Təbii ki, Azərbaycan Çinlə əməkdaşlığın genişləndiriliməsində xüsusi maraqlıdır. Çin faktiki olaraq dünyanın 2-ci ən böyük iqtisadiyyatına sahib ölkə olsa da ixrac baxımından 1-ci yerdə qərarlaşıb. Bu gün dünya istehsalının 25 faizi Çində formalaşır.

Həmçinin Çin şirkətləri Azərbaycana investisiya qoymaqda çox maraqlıdır. Çin həm də böyük turizm bazarıdır. Azərbaycana Çinli turistlərin cəlbi də, ölkəmizin birbaşa maraqları daxilindədir.

Azərbaycan Çinlə əməkdaşlığın bütün sferalarda inkişaf etdirilməsinə maraqlıdır. Çinin turizm bazarından faydalanmaq və Azərbaycanın qeyri neft sektorunun bu bazara çıxarılması imkanlarının nəzərdən keçirilməsi ölkəmizin üçün ciddi fayda verə bilər.

Çin-Azərbaycan münasibətlərində ən böyük məsələlərdən biri tranzit məsələləridir. Şərq-Qərb Nəqliyyat Dəhlizində məhsulların çıxacağı ölkə Çin, çatacağı ölkə isə Avropadır. Xüsusən də Rus-Ukrayna müharibəsindən sonra Orta Dəhlizin xüsusi əhəmiyyəti artıb. Və bu proseslərdə Çinin strateji inkişaf istiqamətinə aiddir. “Bir kəmər, bir  yol” Çinin dəstəklədiyi layihədir ki, burada Azərbaycan mühüm rol oynayır. Həm nəqliyyat dəhlizləri baxımından, həm ölkəmizdəki əlverişli idxalın təşkili baxımından Çinlə əməkdaşlığın genişləndirilməsi ölkəmizin maraqlarını tam təmin edir. Nəzərə alaq ki, Çin qərbdən fərqli olaraq ölkələrarası münasibətlərin təşkilində  ölkələrin daxili işlərinə qarışmamaq prinsipini əsas götürür və bunu reallıqda da praktiki olaraq icra edir.

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: