Biz türk milləti olaraq o gün o qətliamı törədənlərin cəzalandırılmasını tələb edirik - FOTOLAR
İstanbulda Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, faciə qurbanlarının xatirəsi anılıb.
Mərasim Xocalı soyqırımını əks etdirən kadrlar və bu qanlı hadisənin canlı şahidləri ilə müsahibələr əsasında hazırlanmış videoçarxın nümayişi ilə başlayıb.
Bu kadrları gördükdən sonra danışmağın çox çətin olduğunu söyləyən İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu deyib: “Orada şəhid edilənlər bizim doğmalarımız, əzizlərimizdir və biz də orada ola bilərdik”. Keçmiş Ermənistan prezidentinin erməni tələbələrlə görüşü zamanı “Qarabağı biz aldıq, Ağrı dağını almaq sizə qaldı” sözlərini xatırladan S.Qaraqoyunlu bunun yeni soyqırımları hədəf göstərdiyini vurğulayıb. Bildirilib ki, Qarabağ Azərbaycanın, o cümlədən türk dünyasının torpağı olmaqla yanaşı, həm də döyünən ürəyidir: “Biz türk milləti olaraq haqqın, ədalətin təcəlli etməsini, bu cinayəti törədənlərin cəzalandırılmasını, zəbt edilən Azərbaycan torpaqlarının geri qaytarılmasını tələb edirik”.
Xocalıda baş verənləri insanlığa qarşı cinayət adlandıran Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Xocalı qətliamı zamanı 613 günahsız insanın, o cümlədən 63 uşağın vəhşicəsinə öldürüldüyünü xatırladıb.
O deyib: “Tarixə baxdıqda ermənilərin əsirlər boyu Qarabağ torpaqlarında kök salmağa çalışdıqlarını görərik. Qarabağ sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının qanayan yarasıdır. Biz türk milləti olaraq o gün o qətliamı törədənlərin cəzalandırılmasını tələb edirik. O canilərin cəzasız qalmasını insanlıq olaraq bizim qəbul etməmiz mümkün deyil və biz bir daha Xocalıya ədalət tələb edirik”.
Tədbirdə çıxış edən Azərbaycanın Prezident Administrasiyasının məsul əməkdaşı Bəhruz Həsənov Xocalıda baş vermiş soyqırımı haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, orada ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən o günahsız insanların tək günahı azərbaycanlı və müsəlman olmalarıdır. Bu səbəbdən Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bütün türk və müsəlman dünyasına qarşı, eyni zamanda insanlığa qarşı törədilmiş bəşəri cinayətdir.
Anım mərasimində çıxış edən Milli Məclisinin deputatı Elman Məmmədov, yazıçı-publisist Aqil Ələsgər və digərləri 27 il əvvəl Xocalıda yaşanan qanlı gecənin dəhşətlərindən danışıblar.
Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil edilib.