İranda nəşr olunan “Aftabe Yəzd” qəzeti və aftabeyazd.ir informasiya portalında Azərbaycanın İrandakı səfirliyinin Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı pres-relizi, asianews.ir saytında isə geniş məqalə dərc olunub.
NUHÇIXAN xəbər verir ki, materiallarda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı və Xocalıda törətdikləri soyqırımı haqqında məlumat verilib.
Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri ağır hərbi texnika ilə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq dinc sakinləri amansızcasına qətlə yetiriblər. Şəhərdəki yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, yüzlərlə mülki insan ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Bu soyqırımı törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulub və torpaqlarımızın 20 faizi işğala məruz qalıb. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kobudcasına pozulub.
Yalnız Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan edib.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər zaman Ermənistan Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həllinin mümkünlüyünü vurğulayıb və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasının və soyqırımı törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və dünya ictimaiyyətində geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq tarixi qərarlar qəbul edilir.
Bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənilir. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışlar. Habelə ABŞ-ın artıq 21 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunub.
İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bu təşkilatın Gənclər Forumunun dünyanın çoxsaylı ölkələrində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məramı beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.
BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq mötəbər qurumların qətnamələrinə baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır.
Azərbaycan xalqı hər ilin fevral ayının 26-da Xocalı soyqırımı abidəsini ziyarət edir, abidənin önünə qərənfillər düzür, şəhidlərin xatirəsi ehtiramla yad edilir. Bu qanlı hadisəni Azərbaycan xalqı daim xatırlayır, bu soyqırımı törədənlərə öz dərin nifrətini bildirir. Xocalı soyqırımı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Azərbaycan xalqı və dövləti Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır.
Materiallarla bu linklərdən tanış olmaq olar.