Təbrizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTOLAR
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Əliyənnağı Hüseynov Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərinin ən dəhşətlisi olan Xocalı soyqırımı barədə mərasim iştirakçılarına geniş məlumat verib.
Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini yerlə-yeksan edib və insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və tanınmaz hala salınanlar olub. Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Bununla yanaşı, 230 ailə öz başçısını itirib, 487 nəfər şikəst olub, 1275 insan əsir götürülüb, 150 nəfərin taleyindən indiyədək heç bir xəbər yoxdur.
Baş konsul bildirdi ki, bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı ələ keçirmək üçün hər cür cinayət və vəhşiliyə əl atırdı. Xocalı soyqırımını törətməklə öz havadarlarının himayəsi ilə hərbi təcavüzün miqyasını daha da genişləndirdi. Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etdi. İşğal zamanı 20 min soydaşımız həlak oldu, torpaqlarımızın 20 faizi zəbt olundu, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi.
Xocalı faciəsi əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra aldı. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edildi. Bu gün Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olması üçün böyük səylər göstərir .
Baş konsul tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası haqqında da ətraflı məlumat verib.
Sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış foto-stendə baxıbar, işğalçı Ermənistanın Azərbaycana qarşı terror və təcavüz aktlarını özündə əks etdirən kitablar, jurnallar, DVD filmlər və broşürlərlə tanış olublar.
Sonda ehsan süfrəsi açılıb.
Mərasimdə İranın Şərqi Azərbaycan Valiliyinin ictimai və mədəniyyət məsələləri üzrə Baş İdarəsinin müdiri Əli Bədr Şokuhi, Mədəniyyət və İslami İrşad Baş İdarəsi müdirinin birinci müavini Əli Piruzməneş, Təbriz şəhər İcra Hakimiyyəti başçısının siyasi və ictimai məsələlər üzrə müavini Səid Bərzigər, Xarici İşlər Nazirliyinin şimal-qərb nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Türkiyənin Təbrizdəki baş konsulu Hüseyn Güngör, həmçinin mətbuat nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak ediblər.