Məlum olduğu kimi aprel ayının 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər etdi. Bu səfər iki ölkə arasında iqtisadi əhəmiyyəti ilə yanaşı, dostluq əlaqələrinin güclənməsinə xidmət edir. Dövlətlərarası münasibətlər hər iki ölkə tərəfindən uzun illərdir ki, möhkəm təməllər üzərində qurulub. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. Bundan başqa 1992-cü ildə İranın Naxçıvanda Baş Konsulluğu, 2004-cü ildə isə Azərbaycanın Təbrizdə Baş Konsulluğu açılıb. Bütün bunlar hər iki ölkənin qarşılıqlı əlaqələrdə maraqlı olduğuna sübutdur. Növbəti səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü bu istiqamətdə yeni addımlarla yadda qalıb. Ölkə başçımız da vurğuladığı kimi bu gün aparılan danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət edilib, fikirlər bildirilib, Azərbaycan-İran strateji münasibətləri bir daha təsdiqlənib. “Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”,- deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Qeyd edək ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ənənəvi olaraq dəstəkləyir. Elə növbəti görüş zamanı da bu məsələ yenidən gündəmə gəlib. Azərbaycan Prezidenti bununla bağlı xüsusi olaraq qeyd edib ki, bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.
Hər iki ölkənin bu cür münasibətlərində həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq görüş zamanı Azərbaycan-İran arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlər də verilib. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. “Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır”,- bunları da görüş zamanı Azərbaycan Prezidenti qeyd edib.
Bu münasibətlər bir daha əminlik yaradır ki, qəbul edilən qərarlar Azərbaycan-İran əlaqələrini uzun illər bundan sonra da yüksələn xətlə aparacaq.
Azərbaycan Prezidenti görüşlə bağlı qeyd edib ki, biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.
Görüş zamanı diqqəti çəkən məqamlardan biri də gələcəkdə humanitar sahədə və mədəni əlaqələrin davam etməsi üçün hər iki ölkə başçısının qərarı ilə konkret göstərişlərin verilməsidir. Bununla bağlı İlham Əliyev deyib: “ Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.
Qeyd edək ki, Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir.
Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan və İran arasında indiyədək müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanmışdır.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir.
Rza Xudiyev,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Xalq artisti