Kamran Şəfiyev: Azərbaycan Konstitusiyası hüquqi dövlət quruculuğunun və sosial ədalətin təminatıdır
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 30 il bundan əvvəl qəbul edilmiş Konstitusiya, dövlət və cəmiyyətin bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların əsası kimi çıxış edib. Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu istiqamətində apardığı ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Konstitusiya müasir hüquqi dövlətin təməlini təşkil edən dəyərləri özündə əks etdirib və müstəqil Azərbaycan hüquqi, siyasi və iqtisadi inkişaf strategiyasının əsasını qoyub.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev mayın 2-də “İctimai proseslər media müstəvisində” adlı forumda çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycan Konstitusiyasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətin bölünmə prinsipi əsasında qurulması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi və digər mütərəqqi ideyalar dayanıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın inkişafı və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ölkədə həyata keçirilən hüquqi və institusional islahatlar, Konstitusiyaya edilən əlavə və dəyişikliklər dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, insan hüquqlarının daha uyğun şəkildə qorunmasını təmin etmək məqsədi daşıyır. Keçirilmiş referendum nəticəsində Konstitusiyada mütərəqqi dəyişikliklər edilib və idarəetmə sistemi çevik və effektiv təmin olunub.
Kamran Şəfiyev qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar ölkəmizdə siyasi, iqtisadi və hüquq sisteminin köklü dəyişdirilməsindən ibarət olmaqla, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edib. Azərbaycan Respublikası Konstitusiyasında sosial ədalət konsepsiyası geniş formada öz əksini tapıb. Burada iqtisadiyyatın azad inkişafına təminat verməklə ölkənin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi funksiyası olaraq dövlətin üzərinə qoyulub.