Xocalı faciəsinin qurbanlarının xatirəsi İsraildə yad edilib - FOTOLAR
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) yaradılmasından 12 il keçir. Bu illər ərzində Xocalı faciəsi qurbanlarının xatirəsinin hər il yad edilməsi artıq ənənəyə çevrilib. Hər il bu münasibətlə fotosərgilər, elmi-praktiki konfranslar, kitab təqdimatı mərasimləri keçirilir. Bir neçə il bundan əvvəl isə erməni millətçilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş dinc Xocalı sakinlərinin xatirəsinə ehtiram əlaməti olaraq Yerusəlim yaxınlığında – İsrail Prezidenti meşəsində kiçik meşə salınıb.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından NUHÇIXAN-a verilən məlumata görə, bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş matəm tədbiri keçirilib.
Prezident meşəsində keçirilən mitinqi Keren Kayemet le İsrael Yəhudi Milli Fondunun (YMF-KKL) Avrasiya departamentinin baş direktoru İqal Yasinov açıb. İ.Yasinov çıxışında qeyd edib ki, YMF-KKL Fondunun tarixində yəhudi millətindən olmayan insanların xatirəsi şərəfinə ağac əkilməsi ilk dəfədir. Sonra o, çıxış üçün tədbirin aparıcısı, Azİz Assosiasiyasının baş direktoru Lev Spivaka söz verib.
Azİz Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Xocalı faciəsinin kökləri və Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə danışıb.
Tədbirdə Knessetin deputatı Kseniya Svetlova, Azərbaycan Milli Məclisinin deputatları Rasim Musabəyov və Sevinc Fətəliyeva, “Nativ” xidmətinin keçmiş rəhbəri və İsrailin Absorbsiya Nazirliyinin baş direktoru Aleks Kuşnir, “Caspian Drilling Company” şirkətinin baş direktoru Fərid Axundov, Sderot şəhəri merinin müavini Mark İfraimov və Kiryat Byalilk şəhəri merinin müavini Naxum Raçevski, Bakı şəhərindəki “Addım-addım” təhsil mərkəzinin müəllimi Təranə Qarayeva və başqaları çıxış ediblər.
Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı Dina Tumarkina Azərbaycan şairi Leyla Bəyimin məxsusi həmin tədbir üçün yazdığı “Qarabağa ağı” və israilli şair Mixail Salmanın “Xocalı” şerini oxuyub. Təl-Əvivdəki dağ yəhudiləri sinaqoqunun baş ravvini, bakı şəhərindəki yəhudi məktəbinin məktəbi ravvin Şmuel Simantov Dağlıq Qarabağ münaqişəsinin onun ailəsinə gətirdiyi müsibət barədə danışıb, sonra isə oğlu ilə birlikdə Çar Davidin kitabından dua oxuyub.
Bir neçə yüz nəfərin toplaşdığı mitinqin iştirakçıları arasında İsrailin müxtəlif şəhərlərinin sakinləri, Azərbaycan ictimaiyyətinin nümayəndələri – mədəniyyət və təhsil işçiləri, İsrailin Azərbaycandakı keçmiş səfiri, hazırda Maalot-Tarşix şəhərinin meri olan Arkadi Pomeranes, “Azİz” assosiasiyasi idarə heyətinin üzvləri Yuri Boçarov və Şaul Simantov, “Azİz” assosiasiyasi şəhər bölmələrinin rəhbərləri Aleksandr Aqranovski (Yerusəlim), Sevin Xanukayev və Adil Danilov (Kirtay Byalik), Yafiniya Yelizarov (Rişon le-Tsion), İsrailin ictimai təşkilatlarının digər rəhbərləri və nümayəndələri də vardı.
Mərasim başa çatandan sonra Azərbaycanın və İsrailin dövlət himnləri səslənib.