Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş cinayətdir - FOTOLAR

A- A A+

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımı aktından 27 il ötür. Erməni faşizminin mənfur xislətini göstərən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin davamı olmaqla, təkcə azərbaycanlılara yox, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Əvvəldən planlaşdırılmış əməliyyatın qəddarlığına baxmayaraq Xocalı sakinləri son anadək özlərini əsl qəhrəman kimi apardı, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilmədilər. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.

Xocalı Soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq idi. Əsas hədəflərdən biri də Azərbaycan xalqına məxsus olan buradakı mühüm əhəmiyyətli tarixi abidələri məhv etmək, onları yer üzündən silmək idi. Çünki məhz həmin abidələr bu yurdun azərbaycanlılara məxsus olduğunu təsdiq edirdi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal edilən kimi onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan qədim Xocalı nekropolu xüsusi texnika ilə darmadağın edildi. Ermənilər Qarabağda tarixi  və mədəni irsimizi özündə yaşadan və Xocalı şəhərinin ətrafında yerləşən abidələri də hədəf seçdilər, o abidələri də dağıntılara məruz qoydular. Bu abidələrin arasında Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə aid Xocalı kurqanlarının özünəməxsus yeri vardır. Xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkar olunmuş, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Araşdırmalar zamanı müəyyən edilib ki, Xocalı-Gədəbəy mədəniyyəti eramızdan əvvəl V-III minilliklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Məhz buna görə də Xocalının ərazisi siklopları, kurqanları və digər abidələri ilə Azərbaycanın qədim tarixini yaşadırdı.

Faktlar da sübut edir ki, Xocalının işğal planının həyata keçirilməsinə 1991-ci ildən başlanılmışdı. Həmin ilin oktyabr ayından şəhər blokada vəziyyətinə salınmışdı. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsildiyindən yeganə nəqliyyat vasitəsi olaraq vertolyotdan istifadə edilirdi. Xocalıya sonuncu vertolyot isə 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun ermənilər tərəfindən vurulmasından və 40 nəfərin həlak olmasından sonra bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi. Xocalı ancaq əhalinin və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi üçün yerli özünümüdafiə dəstəsi təşkil edilmişdi.

Xocalı soyqırımının törədilməsində bir məqsəd də əhəmiyyətli geostrateji mövqeyə sahib olan şəhərə nəzarəti tam ələ almaq idi. Belə ki, bu ərazini zəbt etmədən Dağlıq Qarabağa nəzarət etmək qeyri-mümkün idi. Vaxtilə 7 min əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin əsas istəklərindən biri məhz buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Bu mənada Xocalı ermənilərin yolu üstündə böyük bir maneəyə çevrilmişdi.

1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd də ermənilərin nəzarəti altına keçmişdi. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafındakı Axullu, fevral ayında isə Malıbəyli və Quşçular kəndlərini işğal etdilər. Həmin kəndlərin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-cı motoatıcı alayın, eləcə də xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçdi. Xocalını əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmasının səbəbi də bu idi. Avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kəndlərdə çox sayda raket qurğuları və zirehli texnikalar vardı. Əsas qüvvələr isə Xankəndidə və Əsgəran istiqamətində yerləşdirilmişdi. Canlı qüvvə az olsa da, silah-sursat çatışmasa da qəhrəman Xocalı döyüşçüləri düşmənə qarşı inadlı mübarizə aparırdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misli görünməmiş soyqırımı törətdilər. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri isə yollarda, meşələrdə pusqu quraraq xüsusi amansızlıqla qətlə yetirdilər. Kütləvi qırğın nəticəsində 613 sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Onlardran 150 nəfərin taleyi hələ də məlum deyil.

Xocalıda baş verənlərin soyqırımı olduğunu həmin dövrdə bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də təsdiqləmişlər. Bu baxımdan faciə baş verən gün Xankəndində ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxsaylı ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan hazırlanan ssenari olduğunu açıq bəyan etmişdir. Sovet ordusunun 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndində bu alayın qərargahında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu göstərmişdir. “Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı motoatıcı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi” – deyə müşahidələrini obyektiv şəkildə qeydə almış fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin də 366-cı motoatıcı alayın qərargahında olduğunu vurğulamışdır.

Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə müraciət edərək erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən, bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Bu gün görkəmli dövlət xadiminin siyasi xətti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüş, xarici dillərdə kitablar nəşr olunmuş, Xocalı soyqırımı müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilmiş, bununla bağlı internet saytları yaradılmışdır. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsinin qərara alınması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır.

Aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radiolarda verilişlər hazırlanır. Dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. 2010-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentləri “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir. Dünyanın 12 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 22 ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Bu gün Azərbaycan Ordusu düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz maneəyə çevrilib. 2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın bir qisminin, 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordusunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq, Qızılqaya, Qaraqaya yüksəkliklərinin, ümumilikdə isə 11 min hektar ərazinin işğaldan azad edilməsi də sübut etdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaqdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında"kı Sərəncamında da deyildiyi kimi: "2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad etmiş, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçmişdir. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır".

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: