Yunanıstanda “Xocalı soyqırımını unutma!” adlı fotosərgi təşkil olunub - FOTOLAR
Yunanıstanda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma!” adlı anım tədbiri keçirilib. Tədbir çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin qərargahında “Xocalı soyqırımını unutma!” adlı fotosərgi də keçirilib. Sərgi fevralın 28-nə kimi davam edəcək.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə bərabər, Türkiyənin Saloniki şəhərindəki baş konsul yardımçısı Gülru Tetik, konsulluğun əməkdaşları, Gürcülər Dərnəyinin sədri Zaza Sulamanidze, türkiyəli gənclər və yunanıstanlı tələbələr də iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəmiyyətin sədri Rəşid Məmmədov Xocalı soyqırımı barədə geniş məlumat verib. “Xocalı soyqırımından 27 il keçməyinə baxmayaraq, dünya birliyi hələ də susur. Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş soyqırımıdır. Bu dərd bizi həmişə için-için sızladır”, - deyə R.Məmmədov əlavə edib.
Türkiyənin Saloniki şəhərindəki baş konsul yardımçısı Gülru Tetik çıxış edərək Xocalı şəhidlərinə Allahdan rəhmət, xalqımıza səbir diləyib.
Sonda Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib, ehsan süfrəsi açılıb.
Tədbir iştirakçılarına Xocalı soyqırımına aid videomateriallar və broşürlər təqdim olunub.