Tehranda Xocalı soyqırımına həsr edilmiş sərgi təşkil olunub - FOTOLAR
Tehran meriyasının mədəniyyət və incəsənət şöbəsinin dəstəyi ilə “Bəsic-e Mostəzefan” könüllülər hərəkatı Xalqların Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edib.
NUHÇIXAN xəbər verir ki, sərgidə erməni silahlı birləşmələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərini işğal etdiyi zaman törətdikləri vəhşiliyi əks etdirən fotolar nümayiş olunub. Sərgi fevralın 28-dək davam edəcək.
İranın kütləvi informasiya vasitələrinin və Tehran ictimaiyyətinin nümayəndələri, ziyalılar, Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları sərgini ziyarət ediblər.
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov sərginin təşkilatçılarına Azərbaycan xalqının faciəsinə həssas yanaşdığına və Xocalı soyqırımı ilə əlaqədar sərgi keçirmək təşəbbüsünə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın təcavüzünə məruz qalıb. Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistan Dağlıq Qarabağ bölgəsini işğalı zamanı mülki əhaliyə qarşı amansız davranıb. Erməni silahlıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini mühasirəyə alaraq qadın və qocaları, uşaq və yeniyetmələri qətlə yetirib, körpələrə belə rəhm etməyiblər. Cəsədləri təhqir edərək, ölmüş insanların gözlərini çıxarıb, dərilərini soyublar. Ermənilər bu amansız vəhşiliyi törətməklə yerli əhalini qorxudub min illər boyu yaşadıqları ata-baba yurdundan qaçmağa məcbur etməyə çalışırdılar. Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə barışmayacaq. Bu gün Azərbaycan Cənubi Qafqaz respublikaları arasında ən qüdrətli orduya malikdir. Münaqişə beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həll edilməzsə, Azərbaycan Ordusu qüdrətini göstərəcək.
Səfir diqqətə çatdırıb ki, bu gün bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənilir. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüququn normaları müstəvisində tanıyıblar. Habelə ABŞ-ın artıq 21 ştatının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunub. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bu təşkilatın Gənclər Forumunun dünyanın çoxsaylı ölkələrində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məramı beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.
Diplomat qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq mötəbər qurumların qətnamələrinə baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.
Azərbaycan-İran münasibətlərə toxunan səfir Bünyad Hüseynov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra qarşılıqlı əlaqələrdə yeni səhifə açıldı. Xalqların ortaq tarixə, dinə, milli mənəvi dəyərlərə malik olması əlaqələrin daha da intensivləşməsini zəruri edir. Son 5 ildə Azərbaycan və İran prezidentləri 12 dəfə görüşüblər. Ölkələrimiz arasında bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir.
Sərginin təşkilatçılarından olan gənc jurnalist Hadi Şəfəqi vurğulayıb ki, əsas hədəfimiz Azərbaycan xalqının dərdinə şərik olduğumuzu ifadə etməkdir. O, İran-Azərbaycan əlaqələrinin inkişafından qürur duyduqlarını bildirib. Az müddətdə bu sərginin ərsəyə gətirilməsində əməyi olan şəxs və qurumların İslam həmrəyliyi nümayiş etdirdiyini deyib. Əsas məqsədlərinin İran ictimaiyyətini Xocalı faciəsi barədə məlumatlandırmaq olduğunu söyləyən H.Şəfəqi sərginin digər şəhərlərdə də təşkil ediləcəyini vurğulayıb.
Qeyd edək ki, sərginin keçirildiyi Xalqların Mədəniyyət Mərkəzi Tehrandakı Qeytəriyyə parkında yerləşir. Sözügedən mərkəz və park müxtəlif tədbirlərin keçirildiyi yer olmaqla yanaşı, şəhər sakinlərinin tez-tez baş çəkdiyi məkandır.