Bildiyimiz kimi, keçmiş sovetlər birliyi dövründə Azərbaycanın xarici ölkələrlə birbaşa təhsil əlaqələri yaratması imkanları məhdud idi. Bir qayda olaraq həmin dövrdə əlaqələr ittifaq respublikaları arasında yaradılırdı. Belə əlaqələr daha çox ali və orta ixtisas təhsili sahəsini əhatə edirdi.
1970-1980-ci illərdə Azərbaycanda ali təhsilin inkişafı, o cümlədən ölkədən kənarda kadr hazırlığı Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır. Respublika üçün ölkədən kənarda sistemli şəkildə kadr hazırlığına məhz həmin dövrdə başlanmışdır. O illərdə görülən işlərin millətin mənəvi təkamülündəki rolunu, dövlətçilik baxımından miqyasını, mahiyyətini və perspektivlərini dərk etmək üçün Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci mərhələsində respublikadan kənara təhsil almağa göndərilən gənclərlə bağlı bəzi rəqəmlərə diqqət yetirmək yetərlidir. Belə ki, 1969-70-ci tədris ilində respublikadan kənara 60 nəfərlik plana qarşı cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, onların sayı 1970-ci ildə 60 nəfər, 1973-cü ildə 140-dan artıq, 1974-cü ildə 357 nəfər, 1975-ci ildə bu rəqəm 14 dəfədən çox artaraq 700 nəfərə çatmışdır. 1976-cı ildən başlayaraq bu proses daha intensiv xarakter almış, 800-900 tələbə göndərilməsinə nail olunmuşdu. 1980-ci illərin əvvəllərindən isə hər il 1000-1400 nəfərədək gənc Azərbaycandan kənara təhsil almağa göndərilirdi.
Əvvəlki illərlə müqayisədə tələbələrin sayı ilə yanaşı, həm ali məktəblərin və həm də ixtisasların da sayı sürətlə artdı. 1977-ci ildə 1970-ci illə müqayisədə ixtisasların sayı 5 dəfə artaraq 244-ə çatmış, ali məktəblərin sayı 140-a, ali məktəblərin yerləşdiyi şəhərlərin coğrafiyası genişlənərək 40-a yüksəlmişdi. Bu proses sonrakı illərdə də (1978-1982) intensiv olaraq artmış, 1978-ci illə müqayisədə ali məktəblərin sayı 151-dən 170-ə yüksəlmiş, ixtisasların sayı 244-dən 250-yə qalxmış, ən zəruri istiqamətlərin sayı 80-ə çatmışdır. Beləliklə, Ulu Öndərimizin əsasını qoyduğu bu ənənə həmin illərdə sovetlər birliyinin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaratmışdı. Bundan başqa qeyd edək ki, dahi şəxsiyyət Heydər Əliyevin birbaşa göstərişi əsasında təhsil almağa göndərilənlərin xüsusi istedada malik olması və onlar arasında azərbaycanlıların çoxluq təşkil etməsi daim diqqət mərkəzində saxlanılırdı. Həmin dövrdə Heydər Əliyevin apardığı uzaqgörən milli təhsil siyasəti nəticəsində Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək cəmi 40 faiz təşkil edirdisə, 1976-cı ildə bu rəqəm 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97,6 faizə yüksəlmişdi. Bu, böyük tarixi-mədəni nailiyyət idi və bu tarixi uğur Heydər Əliyevin adı ilə bağlıdır.
Keçən əsrin 70-ci illərində əsası qoyulmuş bu tarixi ənənədən 1996-cı ilin fevralın 2-də keçirilən Azərbaycan gənclərinin I Forumunda bəhs edən Ulu Öndər Heydər Əliyev o zaman başladığı bu böyük işin müsbət nəticələrinə dair demişdir: “... O zaman bizim gördüyümüz bu böyük işin nəticəsi mənə yaxşı məlum idi. Bəhs etdiyimiz dövrdə gəclərin hər il təhsil ocaqlarına göndərilməsi burada bir daha yada salındı. Doğrudan da, hər il burada, bu salonda (indiki Heydər Əliyev Sarayı nəzərdə tutulur) biz həmin gəncləri Moskvaya, Leninqrada, Kiyevə, başqa-başqa şəhərlərə yola salırdıq, onlara xeyir-dua verirdik, onlara yüksək təhsil almaq üçün, yaxud bizim respublikamızda olmayan ixtisasları mənimsəmək üçün həmin təhsil mərkəzlərinə göndərirdik. Bunlar öz bəhrəsini verir…”.
Sonrakı illərdə belə görüşlərin keçirilməsi bir ənənə halını almışdı. 1998-ci il avqustun 31-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə indiki Heydər Əliyev Sarayında 1970-1980-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərlə görüş keçirildi. Bu tarixi görüşdə Heydər Əliyev geniş çıxış edərək bir sıra əhəmiyyətli məqamlara toxundu: “Nə üçün bununla çox ciddi məşğul olduq və nə üçün onunla bilavasitə Azərbaycanın birinci rəhbəri məşğul olurdu? Birincisi, ona görə ki, bizə bir çox ixtisaslar üzrə mütəxəssislər lazım idi ki, onlar Azərbaycanın ali məktəblərində hazırlana bilmirdi. İkincisi, şəxsən mən bu təşəbbüsü göstərərkən Azərbaycan gənclərini öz çərçivəsindən çıxıb dünyaya daha geniş baxış etmək yoluna salmaq istəyirdim... O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”. Dahi şəxsiyyət Heydər Əliyevin bu fikirləri milli təhsil tariximizin səhifələrinin qızıl hərflərlə yazıldığını göstərir.
Ulu öndər Azərbaycandan kənarda ali təhsilin əhəmiyyətindən danışarkən qeyd edir: “...Biz ildə 800-900 nəfər azərbaycanlı balasını o vaxtlar Sovetlər İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə göndərirdiksə, demək, biz Azərbaycan Dövlət Universitetinə olan qəbul qədər əlavə mütəxəssis hazırlayırdıq. Sonralar bunu Moskvada hiss etmişdilər. Onlar görmüşdülər ki, beləliklə, biz Azərbaycanın ərazisində olmayan, ancaq respublikamız üçün kadr hazırlayan yeni bir ali məktəb yaratmışıq...”.
Ulu Öndərin 70-80-ci illərdə respublikadan kənarda azərbaycanlı gənclərin təhsil almalarına bu cür geniş imkan yaratmasını və bu işə daim qayğı göstərməsini, onun tarixi xidmətlərinin miqyasını qeyd etməklə, belə bir həqiqəti də deməliyik ki, respublikada mövcud ali məktəblərdən əlavə fəaliyyət göstərən “bu rəmzi unikal ali məktəbin” yaradıcısı və rəhbəri Heydər Əliyevin özü idi. Bu gün istər respublikamızda, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən həmin mütəxəssislər 70-ci illərdə əsası qoyulan və 15 mindən çox yetirməsi olan Heydər Əliyev məktəbinin məzunları, kadrlarıdır.
Ulu Öndər Azərbaycandan kənarda təhsil alan gəncləri daim diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərir, onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” adlandırırdı. Bu yolla Azərbaycanın elmi və kadr potensialının yüksəldilməsi ilə yanaşı, ən qabiliyyətli gənclərimizin vasitəsi ilə xalqımızın mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin təbliği kimi çox vacib bir məsələ də yerinə yetirildi. O dövrdə reallaşdırılan məqsədyönlü siyasətin nəticəsidir ki, indi Rusiyada və digər keçmiş ittifaq dövlətlərində güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Diasporumuzun ən fəal üzvləri Ulu Öndərin keçən əsrin 70-80-ci illərində Azərbaycandan kənarda ali təhsil almaq üçün göndərdiyi tələbələrdir.
Müşahidələr göstərir və təhlillər sübut edir ki, həmin dövrdə müttəfiq respublikalar və digər ölkələrlə yaradılmış təhsil əlaqələri müstəqillik dövründə beynəlxalq əlaqələrin qurulmasında etibarlı təcrübə rolunu oynadı. Təsadüfi deyildi ki, Ulu öndər Heydər Əliyev bu təcrübəyə müstəsna əhəmiyyət verirdi.
Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlıların xaricdə təhsil alması prosesinə yenidən təkan verildi. Ulu Öndərin siyasi hakimiyyətə gəlişi ilə bu proses sürətləndi. Azərbaycanlı gənclərin xarici ölkələrin universitetlərində təhsil alması müxtəlif istiqamətlərdə həyata keçirilməyə başlandı: öz təşəbbüsləri və imkanları hesabına xaricdə təhsil; müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil; təhsil sahəsində əməkdaşlıq çərçivəsində ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına hökumət tərəfindən həyata keçirilən xaricdə təhsil; Dövlət Proqramı xətti ilə xaricdə təhsil.
Heydər Əliyevin azərbaycanlı gənclərin təhsil almaq üçün ölkədən kənardakı nüfuzlu ali məktəblərə göndərilməsi ənənəsinə sadiq qalan Prezident İlham Əliyev bu gün “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasını uğurla həyata keçirir. Bu strategiyanın icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təmin olunur. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 32 ölkənin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gənc xaricə göndərilmiş və onlara təqaüd verilmiş, bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənmişdir.
Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktoratura səviyyələrində təhsil alması təmin ediləcəkdir. Bu proqramlar maddi kapitalın insan kapitalına çevrilməsinə, davamlı insan inkişafına, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmlənməsinə və tərəqqisinə istiqamətlənmişdir. Ümummilli Liderin xaricdə təhsil ənənəsi indi daha çox ölkələri, ixtisasları və istiqamətləri əhatə etməklə öz bəhrəsini verməkdədir.
Qurban Qurbanlı
Naxçıvan Müəllimlər İnstitutunun
Elm və innovasiya məsələləri üzrə prorektoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent