İkinci Dünya müharibəsinin başa çatmasından 80 il ötür. İkinci Dünya müharibəsində Azərbaycan xalqı böyük itkilər versə də, həmin illərdə onun tarixinə silinməz səhifələr yazılmışdır. Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya Müharibəsi illərində böyük dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə – İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniya da Azərbaycanı öz nüfuz dairələrinə qatmağı planlaşdırırdı.
Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Onun igid oğul və qızları sovet-fin müharibəsi cəbhəsində də özlərini təsdiq etmişdilər. 1941-ci ilin iyununda Almanların Sovet İttifaqına hücumu başlanandan sonra respublikamız da faşizmə qarşı müharibəyə qoşuldu. Bütün respublikalarda olduğu kimi, Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində Azərbaycan döyüşən cəbhəyə özünün 600 mindən çox oğul və qızını göndərdi.
Azərbaycanın oğul və qızları faşizmə qarşı döyüş cəbhələrində igidliklə vuruşmuş, cəbhədə fərdi və ümumi qəhrəmanlıqlar göstərmişlər. İsrafil Məmmədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Həzi Aslanov və minlərlə bu kimi cəsur həmvətənlərimizin igidliyi bu gün də yaddaşlarda yaşamaqdadır. Ümumiyyətlə, Azərbaycandan cəbhəyə səfərbər edilmiş oğul və qızlarımızdan 200 mindən çoxu həlak olmuş və itkin düşmüşdür. Müharibə cəbhələrində göstərdikləri şücaətə görə xalqımızın 121 mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişlər. Onlar Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşlar. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişlər. Onlardan Fransa müqavimət hərəkatında iştirak edən, “Xarqo” ləqəbi ilə məşhurlaşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. Azərbaycanın igid oğlu “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə isə Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi.
Həmin dövrlərdə SSRİ-nin əsas yanacaq bazası olan Bakının rolu xeyli artmışdı. Müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 85-90 faizini verirdi. Motorlu hərbi texnika, demək olar ki, əsasən Bakının verdiyi yanacaqla işləyirdi. 1941-1945-ci illərdə Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda “Katyuşa” raketi, “Şpakin pulemyotu” və bu kimi silahlar kütləvi istehsal edilir, “YAK-3” qırıcı təyyarəsi yığılırdı. Bakıda 130-dan çox silah və onun hissələri hazırlanırdı.
Azərbaycanın kənd əməkçiləri də müharibə illərində döyüşən cəbhəyə böyük köməklik göstərmişdilər. Onlar ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər. 1941-1943-cü illərdə Azərbaycan vətəndaşları müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manatlıq istiqraz ödəmiş, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərmiş, öz vəsaitləri hesabına tank və təyyarə kolonnaları təşkil etmişdilər.
Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə, mətanətlə müqavimət göstərmiş, onların hərbi texnika və canlı qüvvələrini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda minlərlə həmvətənimiz ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar. Azərbaycan oğulları xüsusən 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə ön cəbhədə dayanmış, faşist ordusuna cəsarətlə müqavimət göstərmişlər. Təyyarəçi Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsa da, təyyarəni yerə endirə bilmiş, göstərdiyi şücaətə görə ölümündən sonra döyüş ordeninə layiq görülmüşdü.
İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar olaraq Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən, azərbaycanlılardan ibarət 77-ci dağıdıcı diviziya, 223, 396, 402 və 416-cı milli atıcı diviziyaları yaradılaraq Zaqafqaziya hərbi dairəsində yerləşdirilən 44, 45 və 46-cı orduların tərkibinə daxil edilmişdilər. Azərbaycanlılardan ibarət milli diviziyalar Simferepolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya həmçinin Polşa və Çexoslovakiyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin alınmasında xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdülər.
Naxçıvanlılar da müharibədə qəhrəmancasına döyüşmüş, Qələbənin qazanılmasına öz töhfələrini vermişlər. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınmış, göstərdikləri igidliklərə görə 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 600-ə yaxını isə orden və medallarla təltif olunmuşdur.
1941-1945-ci illər müharibəsi zamanı cəbhələrdə mərdliklə vuruşan Naxçıvanın oğul və qızlarından bir çoxu Qafqazın ətəklərindən Berlinə qədər şanlı döyüş yolu keçmişdir. Bu qəhrəmanlardan partizan dəstəsinin komandiri Əli Babayev, Buhenvald qəhrəmanı Əkbər Ağayev, general-mayor Akim Abbasov, Qurban Qurbanov, Ağa Ağayev, Əli Əliyev və on minlərlə naxçıvanlı ölkəmizdən çox-çox uzaqlarda düşmənə qarşı ölüm-dirim mübarizəsi aparmışlar.
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında xidməti olan bütün insanlar bu gün yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu diqqət və qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən faşizm üzərində qələbə günü muxtar respublikada bayram olaraq qeyd olunmuşdur. Ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 9 may tarixi respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilmişdir. Müharibə iştirakçılarına daim yüksək diqqət və qayğı göstərən ümummilli liderimiz deyirdi: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində böyük rəşadət, qəhrəmanlıq nümayiş etdirmiş, həm cəbhədə, həm arxada vuruşaraq, çalışaraq qələbənin əldə olunmasında öz xidmətlərini göstərmişdir. Bu qələbə bəşəriyyət tarixində bütün qara qüvvələrə, faşizmə qarşı mütərəqqi qüvvələrin qələbəsi idi. Azərbaycan xalqı bu qələbə naminə böyük qurbanlar veribdir”.
Bu gün ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq, hər il ölkəmizdə, həmçinin Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Faşizm üzərində qələbənin 80-ci ildönümündə də müharibə iştirakçılarının xatirələri ehtiramla yad edilir, onların qəhrəmanlıq salnaməsi öyrənilir. Ömrünün qocaman çağlarını yaşayan müharibə veteranlarına dövlət səviyyəsində diqqət və qayğı göstərilir.
Bu gün Reyxstaq üzərində qələbə bayrağının dalğalanmasından 80 il ötür. Bu qələbənin qazanılmasında xidmətləri olan heç kəs unudulmur, heç bir fədakarlıq yaddan çıxmır. Vətən, torpaq üçün sinələrini sipər edən bu insanlar bu gün dövlətin və dövlət başçısının diqqət mərkəzindədir.
Qafar QƏNBƏROV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı