7 saylı Culfa-Ordubad seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev son günlər mətbuatda yayılan müsahibələrində Naxçıvan Muxtar Respublikası ilə bağlı qeyri-obyektiv mövqe tutur, yanlışlıqlara yol verir və ona münasibət bildirənlərə isə “özlərini şirin salmaq istəyirlər” – deyir. Biz görmüşük ki, deputat öz təklif və fikirlərini MM-in komitələrində, ümumi yığıncaqlarında söyləyər, ta qəzet və saytlarda yox. Bu, birinci dəfə deyildir ki, o, öz subyektiv fikirləri ilə qarşıdurma yaradır, seçicilərinə də hörmətsizlik edir.
Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu əldə etməsini düzgün dərk etmir və ictimaiyyəti çaşdırır, guya “unitar dövlətin tərkibində muxtariyyətin olması düzgün deyil”. Naxçıvan hansı şəraitdə muxtariyyət əldə edib? Bu, 1918-1920-ci illərdə bölgədə baş vermiş hərbi-siyasi vəziyyətin yekunu, Zəngəzurun itirilməsi, Naxçıvan diyarının Azərbaycandan ayrı düşməsi, Azərbaycanla heç bir sərhədə malik olmaması, iki beynəlxalq müqavilənin (Moskva və Qars müqavilələri) və 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən ümumxalq səsverməsinin nəticəsində mümkün olub. Naxçıvan rayon və ya qəza hüququnda Azərbaycanın tərkibində ola bilməzdi. Belə bir vəziyyətdə Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycanın iştirakı ilə imzalanmış beynəlxalq müqavilələrdə Naxçıvan diyarına Azərbaycanın himayəsində muxtariyyət statusu verilmiş və həmin müqavilələrə əsasən Azərbaycan onu üçüncü dövlətə verməməlidir.
Ötən əsrin 90-cı illərində radikal müxalifət nümayəndələri Naxçıvanın muxtariyyət statusuna qarşı çıxırdılar. Ermənilər də uzun illərdir ki, Naxçıvanın muxtariyyət statusunu ləğv etməyə çalışırlar. Siz də həmin mövqedə durursunuz. Bu nə ilə bağlıdır? Düşündürücü sualdır. Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətindən bəhs edən ulu öndər Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Dünya təcrübəsində unitar dövlətlərin tərkibində muxtar qurumlar mövcuddur ki, bu barədə bizim tarixçi həmkarlarımız sosial şəbəkələrdə tutarlı faktlar gətiriblər. Həm də Qarabağın gələcək statusunu Naxçıvanla eyniləşdirmək də, sizin bu məsələni lazımi səviyyədə bilməməyinizdən irəli gəlir. Təəssüf ki, bilmədiyiniz məsələlərdən danışırsınız və səhvlərə yol verirsiniz.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından danışır, təkliflər verirsiniz. Bu sahədə də lazımi məlumatlara malik deyilsiniz. Naxçıvan Muxtar Respublikası son 20 ildə dinamik inkişafa malik olub. Muxtar respublikanın heç bir dövrünü indiki sosial-iqtisadi inkişafla müqayisə etmək olmaz. Naxçıvan üçün xarakterik olmayan yeni istehsal sahələri yaradılıb. İxrac yönümlü məhsullar istehsal edilir. Enerji təhlükəsizliyi həll edilib. Əvvəllər Naxçıvanda cəmi bir Su Elektrik Stansiyası var idisə, indi elektrik stansiyalarının sayı 8-ə çatıb. Ordubad ərazisində 36 MVt, Culfa ərazisində 3,5 MVt gücündə yeni SES tikilir. Magistral yollar yenidən qurulub. Deputat olduğunuz Culfa-Ordubad yolunun xeyli hissəsi qurulub. Bu iş indi də davam edir.
Kəndlər, onların vəziyyəti haqqında subyektiv fikir söyləyirsiniz. Muxtar respublika kəndləri yenidən qurulur, yollar çəkilir, sosial obyektlər tikilir. Biz tez-tez sizin adını çəkdiyiniz Əbrəqunus kəndindən keçib yuxarı kəndlərə getməli oluruq. Əbrəqunus kəndinin girəcəyində Məscid binası, Mərasim evi, Kənd mərkəzi, üç mərtəbəli kənd məktəbi, Xidmət mərkəzi, həkim ambulatoriyası kimi yeni binalar tikilib, yollar yenidən qurulub.
Kənddəki şərab zavodlarının vəziyyətindən danışırsınız. Hələ SSRİ dövründə rayonun (eləcə də muxtar respublikanın) üzüm bağları ləğv edilib. Şərab zavodunda hətta 80-ci illərdən qalmış məhsulları Naxçıvandan çıxarmaq mümkün olmayıb. Çox çətinliklə bunlar həll edilib. İndiki şəraitdə şərab zavodunun təmirinə ehtiyac varmı? Təbii ki, yox. Naxçıvana dəmir yol xətti çəkilərsə, onda bu barədə fikirləşmək olar. Atalarımızın belə bir hikmətli sözü var: “Qaçanı qovarlar”. Hələlik çaxır zavodlarının bərpasından vacib işlər vardır ki, bunlar da həyata keçirilir.
Kənd klubu, kitabxanasından “narahatlığınızı” bildirirsiniz. Yeni tikilmiş Kənd mərkəzi binasında onlarla strukturlar yer alıb ki, klub və kitabxana da orada yerləşir. SSRİ dövründən qalma klublara indi ehtiyac yoxdur.
Kənd çayçılarından danışırsınız. Gizli deyildir ki, belə çayçılar kənd sakinlərini iş-gücdən yayındırır, bir növ qeybət yerinə çevrilirdi. Fikrimizcə, hər bir kənddə çayçıya ehtiyac yoxdur. İkinci bir tərəfdən muxtar respublikanın həyatında baş verən çox müsbət dəyişiklikləri görməyib, çayçıların, şərab zavodlarının, köhnə klubların vəziyyətinə kədərlənirsiniz.
Hazırda Culfa rayonunun ən ucqar dağ kəndi olan Boyəhməd kəndinə qədər olan yollar və körpülər təmir olunub, asfalt salınıb. Bu yaxın vaxtda Culfa rayonunun Qazançı kəndində yeni sosial obyektlərin açılışında iştirak etdik: yeni məktəb, həkim ambulatoriyası, Kənd Mərkəzi, Xidmət Mərkəzi, Mərasim evi tikilib, orta əsr körpüsünə yol çəkilib, körpü bərpa olunub, ətrafı abadlaşdırılıb. Culfa rayonunda bütün kəndlərdə bu kimi obyektlər tikilib, Əlincə qalası, Xanəgah türbə kompleksi, Gülüstan türbəsi yenidən qurularaq bərpa edilib. Qeyd etməliyik ki, muxtar respublikada 70-ə qədər tarix və mədəniyyət abidəsi bərpa olunub. Kırna, Saltaq və Camaldın kəndlərindəki su dəyirmanları bərpa edilərək işə salınıb, Əlincə qalası ətrafını yaşıllaşdırmaq üçün Əlincə çayından, xeyli məsafədən ora su xətti çəkilib. Uzun illər Qızılca kəndinə getmək problemə çevrilmişdi. Bu gün isə magistral yoldan ora yol çəkilib, körpü salınıb, kənddə sosial obyektlər tikilib. Görülən işləri saymaqla qurtaran deyil.
Biz bir rayonun nümunəsində bəzi faktları dilə gətirdik. Bütün bunlarla bərabər problemlərdə yox deyildir. Bunların da həlli təbii ki, vaxt tələb edir. Axı əvvəllər qeyd olunanların heç biri yox idi. Siz görülən işləri yox, xülyalarınızı dilə gətirirsiniz.
Elm, təhsil, mədəniyyət sahəsində çox böyük inqilabi dəyişikliklər baş verib. 200-ə qədər məktəb binası tikilib, onlara 5000-ə yaxın kompüter, 600 elektron lövhə verilib. Akademiyanın Naxçıvan Bölməsindən, muzeylərdən deyilən interaktiv dərsləri eyni anda muxtar respublikanın 200-210 məktəbinin şagirdləri dinləyir. Naxçıvan Muxtar Respublikasının bir sıra sahələrdəki göstəriciləri ölkəmizin uyğun sahələrdəki orta göstəricisindən yüksəkdir. Necə ola bilər ki, bu inkişafı görməyəsən, dəyişikliklər haqqında deyilən fikirləri eşitməyəsən?
Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı yerli əhali və xarici qonaqların diqqətini cəlb edir, dəfələrlə onlar bunu dilə gətirib, rəsmi tədbirlərdə qeyd ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev keçən il Naxçıvan Muxtar Respublikasına səfəri zamanı muxtar respublikamızda görülən işləri yüksək qiymətləndirərək deyib: “Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir”.
Sahibkarlara hər cür dəstək verilir, təşəbbüsləri dəstəklənir, onlara aşağı faizlə kreditlər verilir. Təkcə 2018-ci ildə sahibkarlara 13 milyon 791 min manata yaxın kredit verilib. Bu maliyyə dəstəyi sayəsində 51 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Sahibkarlığın inkişafının dəstəklənməsinin və yaradılan şəraitin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian Europian Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olub. Son beş ildə muxtar respublikada yeyinti, yüngül, mebel, metallurgiya, kimya, tikinti sahələrini əhatə edən 637 müəssisə istifadəyə verilib.
Muxtar respublikada yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilir, qapalı su sistemi qurulur, şəhər və kəndlərimiz içməli su ilə təmin edilir. On ildən artıqdır ki, Naxçıvan MR 100 faiz qazlaşdırılıb. Hansı ki, 10-15 il bundan əvvəl enerji, qaz, su, kanalizasiya sahələrində böyük problemlər var idi. Bunlar demək olar ki, aradan qaldırılıb, həll olunub.
Söz demək ayrı, iş görmək ayrı. İş görməyi bacarmayanlar söz pəhləvanları olurlar. Naxçıvanda isə işlər ən yüksək idarəetmə bacarığı ilə vaxtında, sistemli və ardıcıl olaraq görülür. Yoxsul ailələrə təsərrüfatlarını qurmaq üçün iri və xırdabuynuzlu heyvanlar verilir, onlara maddi və maliyyə köməyi göstərilir.
Hansı ölkədə, hansı cəmiyyətdə problemlər yoxdur? Problemlər məlumdur, vaxtı çatdıqca onlar aradan qaldırılır. Muxtar respublikada bu sahələrdə qətiyyətli mövqe, dəqiq layihələr və ardıcıl işlər görülür. Bunlardan əbəs yerə narahat olursunuz. Belə “narahatçılıq” deputat adını daşıyan adama yaraşmaz. Bunlar Sizə başucalığı gətirməz. Sizin haqsız iradlarınız və yersiz təklifləriniz muxtar respublika sakinlərinin tam əksəriyyətinin haqlı narazılığına səbəb olub. Sizdən əvvəl həmin dairədən seçilən deputatın vəziyyətinə düşməmək üçün dediyiniz fikirlərə, verdiyiniz müsahibələrə, fəaliyyətinizə bir daha diqqət yetirsəniz elə bilirik daha düzgün olar.
Keçmiş deputat həmkarınız
İsmayıl Hacıyev