Azərbaycanın Hindistandakı səfirliyi xalqımızın tarixində ən dəhşətli faciə olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Aqra şəhərində yerləşən Kendriya Hindi Sansthan Universitetində anım mərasimi təşkil edib.
Səfirlikdən NUHÇIXAN-a bildiriblər ki, tədbirdə universitetin yerli tələbələri ilə yanaşı, Azərbaycan, Türkiyə, Özbəkistan, Misirdən olan əcnəbi tələbələr də iştirak ediblər. Səfirliyin əməkdaşı çıxış edərək Xocalı faciəsi haqqında ətraflı məlumat verib, bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu diqqətə çatdırıb.
Əcnəbi tələbələr adından çıxış edən türkiyəli gənc bu soyqırımının təkcə Azərbaycan deyil, həm də bütün türk dünyası üçün çox ağır faciə olduğunu vurğulayıb. O, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılaraq onlara layiq olduqları cəzanın verilməsini tələb etdiklərini söyləyib.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar. Sonda ehsan süfrəsi açılıb.