HEYDƏR ƏLİYEV VƏ MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TƏNTƏNƏSİ

A- A A+

Bəşər tarixində elə görkəmli şəxsiyyətlər olmuşdur ki, xalqının, dövlətinin taleyində müstəsna xidmətləri ilə tarixləşmişdir. XX əsrdə Azərbaycan xalqının tarixi taleyində əvəzsiz rol oynayan müdrik siyasətçi, Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti də bu mənada müasir dövlətçiliyimizin şanlı salnaməsidir. Adı Azərbaycan adı ilə birgə səslənən, bütün mənalı həyatını xalqının firavanlığına, dövlətin və dövlətçiliyin inkişafına həsr edən görkəmli dövlət xadimi Heydər Əliyevin həyata keçirdiyi milli dövlətçilik konsepsiyası hələ siyasi hakimiyyətinin birinci dövründən həyata keçirilməyə başlanmışdı. Ulu öndər 1969-cu il 14 iyul tarixdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdə Azərbaycan SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı ölkəsi kimi xarakterizə olunurdu.

Heydər Əliyev müdrik, uzaqgörən siyasəçi, qabaqcıl iş təcrübəli, islahatçı dövlət başçısı idi. O, qısa zamanda iqtisadi islahatları genişləndirdi, idarəçilik aparatındakı özbaşınalıqların qarşısını almaqla yanaşı cəsarətlə, qətiyyətlə həyata keçirdiyi layihələrlə mərkəzdən ölkəyə ayrılan vəsaitin artırılmasına nail oldu. Yeni infrastruktur layihələrin uğurla həyata keçirilməsi nəticəsində kənd təsərüfatında, ümumi iqtisadiyyatda inqilabi dəyişikliklər baş verdi, yüngül və yeyinti sənayesində yeniliklərin sayı dəfələrlə artdı, neft sənayesində yeni texnologiyaların tətbiqinə başlanıldı, paytaxtda və bölgələrdə təmir, abadlıq işlərinə diqqət artırıldı, yeni məişət, xidmət binaları tikilib istifadəyə verildi, zavodlar, fabriklər inşa olundu, həyata keçirilən infrastruktur layihələr nəticəsində qısa zamanda mərkəzin Azərbaycana olan inamı artdı. Məhz Heydər Əliyevin uğurlu siyasi fəaliyyəti nəticəsində Azərbaycan geridə qalmış kənd təsərüfatı ölkəsindən aqrar sənaye ölkəsinə çevrildi. Bütün bunlar bir tərəfdən Azərbaycanın SSRİ məkanındakı yerini, mövqeyini möhkəmləndirirdisə digər tərəfdən də əhalinin rifah halının yaxşılaşmasına hesablanmışdı.

İkinci Dünya Müharibəsi illərində SSRİ-də neft hasilatının ¾-ü Azərbaycanın payına düşürdü. Yüz il müddətində Rusiyaya bir milyard ton neft verilmişdi. Amma buna baxmayaraq neftayırma zavodları digər respublikalarda tikilirdi. Heyər Əliyevin təşəbbüsü ilə 1969, 1982-ci illərdə Azərbaycanda iki böyük neftayırma zavodu tikildi ki, bu da ölkədə neft sənayesinin inkişafına təkan verən mühüm addım idi. Müdrik siyasətçinin bu sahədəki xüsusi xidmətlərindən biri də Bakı dərin özüllər zavodunun tikilməsi olmuşdur. Ulu öndərin ciddi cəhdi nəticəsində 1975-ci ildə Bakıda məişət kondisionerləri zavodu istifadəyə verildi. 1970-ci illə müqayisədə ölkədə sənaye istehsalı 1977-ci ildə 75 faiz artırıldı. 1981-ci ildə Azərbaycan sənaye istehsalına görə ittifaqda birinci oldu. 1970-cil illərin ortalarında Azərbaycan artıq ittifaq miqyasında üzümçülüyün, pambıqçılığın inkişafına görə seçilirdi. Aqrar sahədəki islahatlar təkcə üzümçülük və pambıqçılıqla qalmır digər sahələri də əhatə edirdi. Yüngül və yeyinti sənayesinin inkişafına görə də Azərbaycan ittifaq miqyasına çıxa bilirdi.

Dahi rəhbəri düşündürən ən vacib məsələlərdən biri də idarəçilik səriştəsinə malik olan milli kadrların rəhbər vəzifələrə gətirilməsi olmuşdur. Heydər Əliyev çıxışlarında da qeyd edirdi ki, niyə Azərbaycanda rəhbər vəzifələrə qeyri millətlərin nümayəndələri təyin olunmalıdır? Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətinin birinci dövründə də, hələ DTK-da fəaliyyət göstərdiyi illərdə də azərbaycanlı kadrların hazırlanması, milli kadrların orqanlarda yerləşdirilməsi istiqamətində mühüm tədbirlər görmüş, 1969-cu ilə qədərki dövrlə müqayisədə orqanların milliləşdirilməsi istiqamətində ciddi addımlar atılmışdır. Belə ki, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılması onun böyük uğurlu addımı idi və bu məktəb Azərbaycanın gələcəkdə hərbiçi kadrlarla təminində çox mühüm rol oynadı.

Məhz Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu. İqtisadi islahatlar, həyata keçirilən uğurlu layihələr nəticəsində nəinki Azərbaycan öz ehtiyaclarını ödəyir, 70-ci illərin sonunda artıq 350 növ məhsul ixrac edirdi ki, bu da ölkəyə maliyyə imkanları qazandırır, əhalinin yaşayış səviyyəsini artırırdı.

Müdrik siyasətçi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olan məsələlər sırasında Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, ədəbiyyatın inkişafı olmuşdur. Belə ki, Heydər Əliyev respublikada sənayenin, kənd təsərrüfatının, iqtisadiyyatın inkişafı ilə bağlı müəyyən layihələr hazırlanan zaman alimləri, mütəxəssisləri də cəlb etmiş, onların fikirlərinə yer vermiş, eləcə də Azərbaycan elminin inkişafına daim diqqət və qayğıyla yanaşmışdır. Azərbaycan Milli Elmlər Akademiyası və universitetlərdə elmi kadrların formalaşmasını daim diqqət mərkəzində saxlamış, elm adamları ilə görüşlərdə onların qayğıları ilə maraqlanmış, yeni layihələrini dəstəkləmiş, elmimizin inkişafını gələcək müstəqilliyimizin təməl daşlarından biri kimi görmüşdür. Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən mütəmadi görüşlərdə Heydər Əliyevin qayğısını, diqqətini görən alimlərimiz onun xidmətlərini minnətdarlıqla xatırlamaqdadırlar. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra yaranmış xaotik vəziyyətdə bir qurup “məmurlar” Milli Elmlər Akademiyasının bağlanması ideyası ilə çıxış edən zaman Heydər Əliyev bu məsələlərə son qoyaraq “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir”, kimi müdrik yanaşması ilə bu qaragüruhçuların qarşısında durmuşdur.

Heydər Əliyev Azərbaycanda təhsilin inkişafı, milli düşüncəli gəncliyin formalaşması, azərbaycanlı gənclərin yetişməsi və idarəçilik aparatlarında yerləşdirilməsi istiqamətində davamlı olaraq tədbirlərin görülməsini daim diqqət mərkəzində saxlamışdır. 1980-ci ilə qədər respublikada 5 ali məktəb açılmış, 700-ə qədər yeni məktəb binası tikilmiş, bir o qədər məktəb də əsaslı şəkildə təmir olunmuşdur.

Heydər Əliyev sözün əsl mənasında Azərbaycan mədəniyyətinin vurğunu olmuşdur. Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişaf etdirilməsi, öyrənilməsi, gələcək nəsillərə çatrıdırlması, qorunması sahəsində ardıcıl tədbirlər görməklə tariximizin, mədəniyyətimizin zənginləşdirilməsinin qayğısına qalmışdır. Mütəmadi olaraq mədəniyyət, incəsənət xadimləri ilə görüşlər keçirməsi, onların əməyini qiymətləndirməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırması, istedadlı sənətkarlara fəxri ad, dövlət mükafatlarının verilməsi, geniş layihələrinin dəstəklənməsi nəticəsində əvvəlki dövrlərlə müqayisədə Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə ölkədə mədəni tərəqqi yeni mərhələyə yüksəlmişdir. Ölkənin ucqarlarında belə mədəniyyət ocaqlarının açılması, işinin təkmilləşdirilməsi, muzeylərin, kitabxanaların, mədəni müəssilərin yaradılması Azərbaycanı digər sahələrlə yanaşı mədəniyyət sahəsində də ittifaq səviyyəsinə qaldırmışdır. Dahi rəhbərin uzaqgörənliklə həyata keçirdiyi tədbirlər nəticəsində respublikada rəssamlığın, heykəltaraşlığın, musiqişünaslığın bütövlükdə mədəniyyət və incəsənətin inkişafı daim diqqət mərkəzində olmuşdur. Bu dövrdə mədəniyyət xadimlərinin SSRİ-nin ən ali mükafatlarına layiq görülməsi bilavasitə Heydər Əliyevin mədəniyyət siyasətinin mühüm tərkib hissələri idi.

Heydər Əliyev ədəbiyyatı çox sevirdi. Dahi rəhbərin klassik ədəbiyyatımız, müasir dövrün istedadlı şair və yazıçıları haqqındakı yüksək fikirləri ədəbiyyatımıza verdiyi dəyərin ifadəsi idi. Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə Azərbaycan ədəbi fikrinin inkişaf etdirilməsinə göstərdiyi birbaşa diqqət və qayğı, o dövrdə ittifaq məkanında dissident hərəkatının baş qaldırmasına rəğmən bir dənə də olsun Azərbaycan şairinin, yazıçısının, ziyalısının dissident kimi qarşılanmasına imkan verməməsi, milli təfəkkürlü ədiblərin senzuradan qorunması, onlara qayğı göstərilməsi, hətta onların baxışlarındakı istiqlal ideyalarının dəstəklənməsi uzaqgörən siyasi liderin gələcək müstəqil Azərbaycana hesablanan siyasi srtategiyasının mühüm tərkib hissələri idi. Eləcə də görkəmli Azərbaycan şairlərindən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzulu, Molla Pənah Vaqif və s. şairlərin yubileylərinin keçirilməsi, abidələrinin ucaldılması, irsinin öyrənilməsi, nəşri, təbliği, dünyaya çadırılması sahəsində görülən ardıcıl tədbirlər dahi rəhbərin Azərbaycan ədəbiyyatı qarşısındakı mühüm xidmətləri kimi qeyd olunur. Heydər Əliyevin Azərbaycan ədəbi fikir tariximizdəki ən mühüm xidmətlərindən biri də dahi şair-dramaturq Hüseyn Cavidin nəşinin Azərbaycana, doğulduğu Naxçıvan torpağına gətirilməsi, şairin məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması olmuşdur. Birmənalı şəkildə qeyd olunmalıdır ki, Heydər Əliyev mütəfəkkir şair Hüseyn Cavidi Azərbaycana “qaytardı”. Həyata keçirdiyi tarixi missiyada Heydər Əliyevin şəxsiyyəti, qətiyyəti, ədəbiyyat sevgisi, Cavid sevgisi bütün gücü ilə öz təzahürünü tapırdı.

Dahi şəxsiyyətin hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasının inkişafı da daim diqqət mərkəzində saxlanılmışdır. Muxtar Respublikaya səfərləri zamanı yeni binaların, istehsal sahələrinin açılışında iştirak edən Heydər Əliyev böyük sevinc hissi keçirir, doğma torpağa sadiq övlad məhəbbətinin, qayğısının verdiyi qürur hissini yaşayırdı. Belə ki, Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə Muxtar Respublikada Arpaçay su anbarının (1977), Trikotaj fabrikinin, Xalça kombinatının, “Badamlı” mineral su zavodunun və digər çoxsaylı istehsal sahələrinin yaradılması Naxçıvanda inkişafın yeni mərhələsinin əsasını qoymuşdu. Eləcə də bu dövrdə Muxtar Respublikada elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına hesablanmış çoxsaylı layihələrin həyata keçirilməsi, məktəblərin, səhiyyə ocaqlarının, mədəniyyət müəssisələrinin, yaşayış binalarının tikintisi əhalini işlə təmin edir, həyat səviyyəsininin yüksəlməsinə şərait yaradırdı.

Ümummilli lider Heydər Əliyevin ideyaları işığında inkişaf edən qüdrətli Azərbaycan dövləti bu gün dünya səviyyəsində tanınır, qəbul olunursa, ölkəmiz beynəlxalq idman, mədəni-kütləvi və s. tədbirlərə ev sahibliyi edirsə, beynəlxalq təşkilatlarda söz sahibidirsə, güclü iqtisadi, hərbi gücə sahibdirsə, xalq-rəhbər birliyi sabitliyin, inkişafın, əmin-amanlığın qarantıdırsa bütün bunlar müdrik siyasi xadim Heydər Əliyevin milli dövlətçilik strategiyasının bəhrələridir. Bu gün dahi rəhbərin siyasi strategiyası ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz sülhün, əmin-amanlığın, tərəqinin, vətəndaş həmrəyliyinin bəhrələrini yaşayır.

44 günlük Vətən müharibəsində ölkəmizin suverenliyini bərpa etməsi Azərbaycanın hərbi, siyasi, diplomatik gücünü bütün dünyaya göstərdi. Azərbaycanın mühüm ticarət, nəqliyyat-logistika layihələrinin mühüm iştirakçısına çevrilməsi, dünyanın enerji xəritəsində söz sahibi olması aparılan uğurlu siyasi xəttin bəhrələri kimi ölkəmizin milli maraqlarının dünyada təmin olunmasına xidmət edir.

ƏLİ HƏŞİMOV

Naxçıvan MR Ali Məclisin deputatı

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: