NUHÇIXAN xəbər verir ki, keçən həftə İsrailin Akko şəhərinin bələdiyyəsi, Azərbaycan Evi, əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi və “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatı tarixdə ən qanlı faciələrdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım gününü birlikdə qeyd ediblər.
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun bu tədbirə həsr olunmuş “Xocalıda azərbaycanlılara qarşı soyqırımı” sərlövhəli məqaləsi İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilib (bax: https://www.jpost.com/Magazine/The-genocide-of-Azerbaijanis-in-Khojaly-581363).
“Xocalıya ədalət!” ("Justice For Khojaly") beynəlxalq informasiya kampaniyası çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş tədbirdə və Xocalı soyqırımı qurbanlarına həsr edilmiş sənədli fotosərginin açılışında İsrail Knessetinin və Azərbaycan Milli Məclisinin deputatları, İsrailin siyasi partiyalarının və ictimai təşkilatlarının nümayəndələri, İsrail Dövlətinin bələdiyyə hakimiyyət orqanlarının rəhbərləri iştirak ediblər.
Məqalə müəllifi qeyd edir ki, Xocalıda törədilmiş soyqırımı aktı XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olub. İsrailli ekspert yazır: “Erməni millətçiləri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər və qəddarlıqlar barədə dünyanın məlumatı daha çox olmalıdır. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində həmişəlik sağalmaz yara kimi qalacaq.
Ermənilər Xocalı şəhərini hədəf kimi seçərkən onların məqsədi nə idi?
Onlar strateji xarakterli məqsədlərdən əlavə, Xocalını ta qədim dövrlərdən zəmanəmizə qədər tarixi və mədəni irsi əks etdirən bir məskən kimi məhv etmək istəyirdilər. Xocalı–Gədəbəy mədəniyyəti xüsusi bir mədəniyyət kimi hələ eramızdan əvvəl XVI əsrdə tarixə düşüb. Burada son Tunc dövrünə və erkən Dəmir dövrünə aid qəbirüstü abidələr - kurqanlar və nekropollar, habelə memarlıq abidələri – dəyirmi sərdaba (1356-1357-ci illər) və məqbərə (XIV əsr) aşkar edilib. Arxeoloji qazıntılar zamanı bu ərazidə daş, tunc və sümükdən hazırlanmış müxtəlif bəzək əşyaları, keramikadan məişət əşyaları tapılıb. Xocalıda tapılmış muncuqlardan birinin üzərində Assuriya çarı Adadnerarinin (e.ə. 807-788-ci illər) adı həkk olunub.
Xocalının işğalı nəticəsində qədim məzarlıqlardan biri olan Xocalı qəbiristanlığındakı bütün mədəniyyət abidələri texnikanın köməyi ilə məhv edilib. Bu, ermənilər tərəfindən dünya mədəniyyətinə qarşı törədilmiş vəhşiliyin və vandalizmin əyani nümunəsidir”.
Arye Qut vurğulayır ki, şəhərə hücum tanklardan, zirehli transportyorlardan və toplardan, “Alazan” raketlərindən, “Qrad” və “Uraqan” qurğularından, həmçinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayına məxsus döyüş texnikasından istifadə edilməklə iki saat davam etmiş artilleriya atəşi ilə başlanıb.
Arye Qut yazır: “Xocalı üç tərəfdən mühasirəyə alınmışdı, yanğın demək olar ki, bütün şəhəri bürümüşdü. Yerli sakinlərin çoxu hücumun ilk saatlarında atılan mərmilərdən həlak oldu.
Xocalıya hücum əməliyyatında MDB qoşunlarına məxsus 366-cı motoatıcı alayın hərbi qulluqçuları fəal iştirak ediblər. Buna baxmayaraq, MDB Birləşmiş Silahlı Qüvvələrinin mətbuat mərkəzi əvvəlcə bu faktı qəti inkar edirdi. 1992-ci il martın 11-də “Krasnaya zvezda” qəzeti komandanlığın qəti əmrlərinə baxmayaraq, 366-cı alayın döyüş əməliyyatlarında iştirak etməsi faktını təsdiqlədi. Alay təxliyə edilərkən desantçılar hərbi qulluqçulardan bir neçəsinin üstündə axtarış aparmış və onların üstündə böyük məbləğdə, o cümlədən xarici valyuta şəklində pul olduğunu aşkar etmişdilər”.
Məqalə müəllifi 1992-ci ilin əvvəlində 97-ci əlahiddə mühəndis bölməsində xidmət etmiş Yuri Girenkonun sözlərini sitat gətirir. Y.Girenko təsdiqləyib ki, Xocalıya hücumda 366-cı motoatıcı alayın əsasən erməni millətindən olan hərbi qulluqçuları iştirak ediblər. Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində yazır: “Sual olunur: necə olub ki, ermənilərlə azərbaycanlılar arasında qarşıdurma yaranmış qaynar nöqtədə dislokasiya edilmiş sovet batalyonunda hərbi qulluqçuların çoxu ermənilər olub? Bu sualın cavabı gün kimi aydındır. Bütün bunlar əvvəlcədən planlaşdırılıb, götür-qoy edilmişdi. Onu da nəzərə almaq lazımdır ki, batalyon yaxşıca silahlanmışdı, Azərbaycan kəndlərinin sakinləri isə bu hücumdan xeyli əvvəl tamamilə tərksilah edilmiş, hətta onlarda olan ov tüfəngləri də əllərindən alınmışdı.
Xocalı hadisələrinə qayıdaq. Alayda xidmət edən ermənilər başqa millətlərdən olan əsgərləri və könüllüləri də toplayaraq Xocalıya qanlı hücuma başladılar. Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan Xocalı şəhəri bircə gecə ərzində yandırıldı və dağıdıldı. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Artıq danılmaz tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalını və onun ətrafını tərk etməyə macal tapmamış şəhər sakinlərindən heç kəsə rəhm etməyiblər.
Gecə saat 2-də Xocalı sakinləri şəhəri tərk etməyə çalışarkən onlar avtomat və pulemyotlardan açılan atəşlə məhv ediliblər”.
İsrailli ekspert yazır: “Bu vəhşiliklər nəticəsində Xocalı sakinlərindən 613 nəfər öldürülüb, 487 adam şikəst olub. Aralarında qocalar, qadınlar və uşaqlar da olan 1275 dinc sakin əsir götürülüb, ağlasığmaz məhrumiyyətlərə, təhqirlərə və alçaldılmağa məruz qalıb. Onların yeganə “təqsiri” azərbaycanlı olmaları idi. Xocalı sakinlərindən 150 nəfəri şəhərin şərq hissəsində dərhal qətlə yetirildi. Camaat vahiməyə düşdü. Hara baxsan cəsədlərlə dolu qan qarışıq qar idi. Qaçqınların bir hissəsi Qarqar çayını keçə bildilər. Dinc sakinlər yaxınlıqdakı dağlarda gizlənməyə çalışırdı, lakin səhərə yaxın onların çoxu soyuqdan donub öldü. O gecə donub ölmüş adamları saymaq mümkün deyildi. Bu insanların çoxu statistik hesabatlarda hələ də “itkin düşmüş” sayılır”.
Məqalə müəllifi yazır ki, Xocalının bütün sakinləri öldürüləndən, girov götürüləndən və ya şəhəri tərk edəndən sonra erməni əsgərlər Xocalını öz nəzarətləri altına götürdülər. Bu, həm də qırğının miqyasını gizlətmək üçün edilirdi. Arye Qut vurğulayır: “Azərbaycan helikopterləri meyitləri götürməyə çalışır, lakin daim atəşə məruz qalırdılar. Həlak olanların çoxunun cəsədi əsasən yük maşınları ilə daşınırdı. Lakin faciənin 150 qurbanının yeri hələ də məlum deyil. Ermənistan tərəfindən Xocalıda törədilmiş qanlı qırğın beynəlxalq hüquqa, Cenevrə konvensiyalarına və BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilmiş İnsan Haqları Bəyannaməsinin 2, 3, 5, 9 və 17-ci maddələrinə ziddir”.
A.Qutun sözlərinə görə, azərbaycanlıların öz doğma yurdundan qaçqın düşməsi İkinci Dünya müharibəsindən sonra Avropada baş vermiş ən kütləvi hadisələrdən biridir. Odlar Yurdu və onun aldadılmış, xəyanət edilmiş xalqı dəhşətli əzablarla üzbəüz qalmışdı. Xocalı hadisələri Azərbaycan ərazilərinin işğalının və etnik təmizləmənin, dəhşətli qəddarlıq qarşısında vahimə yaradılmasının növbəti mərhələsi idi.
Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə Xocalının sağ qalmış, lakin Ermənistan silahlı qüvvələri tərəfindən tutulmuş sakinləri ilə dəfələrlə görüşmüşəm. İnanın, bu insanlar ermənilərin qəddarlığı və vəhşiliyi barədə elə dəhşətli epizodlar danışırdılar ki, bu barədə yazmaq, hətta ucadan danışmaq da çətindir. Onlar məruz qaldıqları işgəncələrin izlərini bizə göstərirdilər”.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Xocalıda yalnız dinc sakinlər qətlə yetirilib. Onları yalnız azərbaycanlı olduqlarına görə öldürürdülər. Ermənilər şəhəri tərk etmək istəyən qocalara və uşaqlara da rəhm etməyiblər. Bu faciənin mahiyyətini məhz soyqırımı anlayışı əks etdirir.
Əli Həsənov deyib: “Azərbaycan dövləti Xocalı haqqında həqiqəti dünyaya bildirməklə və izah etməklə, bu faciənin qurbanlarının xatirəsinə abidələr ucaltmaqla erməni xalqına münasibətdə düşmənçilik aşılamaq niyyətində deyil. Biz istəyirik ki, dünya birliyi erməni xalqının uzun müddət hakimiyyətdə olmuş cinayətkar nümayəndələrini tanısın. Biz onların əməllərinin mahiyyətini dünyaya göstərmək istəyirik ki, bu cür qanlı faciələr bir daha təkrarlanmasın”.
Sonra məqalə müəllifi oxuculara Xocalı soyqırımı şahidlərinin dediklərini oxumağı təklif edir.
Rusiya Hərbi Hava Qüvvələri helikopterinin pilotu, mayor Leonid Kravets: “Mən Stepanakertdən yaralıları daşıyır və Əsgəran qapılarından geri qayıdırdım. Yerdə parlaq ləkələr gözümə dəydi. Helikopteri bir qədər endirdim, bu arada mənim bortmexanikim qışqırdı: “Baxın, orada qadınlar və uşaqlar var”. Mən özüm də görürdüm ki, iki yüzə yaxın cəsəd yamaca səpələnib. Meyitlərin arasında silahlı adamlar gəzişirdi. Sonra biz cəsədləri götürmək üçün həmin ərazinin üstündə uçurduq. Yerli milis kapitanı da bizimlə idi. O, kəlləsi dağıdılmış 4 yaşlı oğlunu görəndə az qala dəli oldu. Bizi atəşə tutmağa başlayana qədər daha bir uşaq götürə bildik. Onun başı kəsilmişdi. Hara baxsan qadınların, uşaqların və qocaların eybəcər hala salınmış cəsədləri görünürdü. Onların çoxu qaçmağa cəhd edərkən yaxın məsafədən açılan atəşlə öldürülmüş, bəzilərinin üzü eybəcər hala salınmışdı”.
Xocalının keçmiş meri Elman Məmmədov: “80-ci illərin ortalarına qədər Xocalı Dağlıq Qarabağda kiçik bir şəhər idi. 90-cı illərin əvvəlində qaçqınların – Ermənistandan olan azərbaycanlıların və Özbəkistandan olan meshet türklərinin hesabına şəhərin əhalisi artmağa başladı. Sakinlərin sayı 10 minə çatanda Xocalı azərbaycanlı əhalinin sayına görə Şuşadan sonra Dağlıq Qarabağda ikinci şəhər oldu”.
Azərbaycanın Əməkdar inşaatçısı, hazırda İsrail vətəndaşı olan İsay Svirski: “Mən Xocalını tikənlərdən biriyəm. Burada xoşbəxt, dinc, olduqca qonaqpərvər insanlar yaşayırdı, milli düşmənçilik hissi onlara yad idi. Bu insanlar öz uşaqlarını böyüdür, xoşbəxt gələcək barədə düşünür, evlər, yollar, məktəblər, uşaq bağçaları və körpələri evləri tikirdilər. Heç vaxt ağlıma gəlməzdi ki, orada belə hadisə baş verə bilər”.
Xocalıdan olan rabitəçi Dürdanə Ağayeva: “Mənim susmağa haqqım yoxdur. Mən erməni əsirliyindən salamat çıxmışam. Xocalıdan qaçan, meşədən keçərək xilas ola bilmiş insanlar mənim başıma gələnləri görməyiblər. Onlar müharibəni görüblər, amma erməniləri görməyiblər. Baş verən hadisələr barədə hər şeyi danışmayanlar haqsızdırlar. Uşaqlarımız hər şeyi bilməlidirlər, düşmənlərinin kim olduğunu bilməlidirlər. Düşmənə qalib gəlmək üçün bu, vacibdir.
Müharibə başlananda və Xocalı mühasirəyə alınanda mənim qardaşım səngərlərdə vuruşurdu, mən isə rabitəçi kabinəsində döyüşürdüm. Bizim bütün ailəmiz döyüşürdü. Atışma başlayanda qonşumuz bizi dərhal öz zirzəmisinə çağırdı. Təxminən saat 11-in yarısında qonşumuz Şərqiyyə xala və onun qızı İradə dedilər ki, deyəsən atışma səngiyib. Biz evimizə getdik. Lakin məlum oldu ki, ermənilər adamları sakitləşdirmək üçün taktiki hiylə işlədiblər. Onlar aerodromu tutmaq üçün qəflətən hücuma keçdilər. Qapı açıldı və bərk qorxmuş qonşumuz Abdulla dayı göründü. Onun ailəsi də bizim yanımızda idi. O dedi: “Burada nə toplaşmısınız? Adamlar meşədən keçərək qaçırlar!..”
Biz zirzəmidən çıxanda bütün ətrafımız al qırmızı rəngdə idi – ardınca qırmızı işıq buraxan güllələrin izi dəhşətli mənzərə yaratmışdı. Biz sürünə-sürünə meşə tərəfə yönəldik. Hərdən qaça-qaça gedirdik, atəş şiddətlənəndə isə qarın üstü ilə sürünürdük. Bu vaxt mənim topuğuma güllə dəydi. Artıq qaça bilmirdim, sürünmək də çətinləşmişdi. Sonrası yadımda deyil.
Özümə gələndə bütün ətraf qan içində idi. Kolların, ağacların üstünə qanlı paltarlar atılmışdı – görünür, adamlar qaça bilmək üçün əyinlərində olan paltarları atmağa məcbur idi. Uşaqların, kişilərin meyitlərinin sayı-hesabı yox idi... Gecə huşumu itirdim, ayılanda artıq səhər idi. Biz sürünə-sürünə Ağdamın Şelli kəndinə yaxınlaşdıq. Bu yerdən kəndə piyada 10 dəqiqəlik yol olardı.
Dönüb geri baxdım – məndən arxada qonşumuz Valeh və onun arvadı Səadət gəlirdilər. Onlar yaxın vaxtlarda evlənmişdi. Səadət hamilə idi. Mənim gözümün qabağında Səadətin qarnına bir güllə, sonra bədəninin müxtəlif hissələrinə daha bir neçə güllə dəydi. Atəşə tutulmuş Valeh əli ilə başına döyə-döyə dəli kimi bağırırdı: “Səadət! Səadət!” Səadət məndən bir yaş kiçik idi, 19 yaşı vardı, Valeh isə məndən 3 yaş böyük idi. Mən Valehə yaxınlaşıb dedim: “Valeh, qorxma, o, sağalacaq”. Valeh isə heç nə eşitmir, yalnız “Səadəti öldürdülər, Səadət daha yoxdur!”, - deyə təkrarlayır, əli ilə başına döyürdü...
Ətrafa baxdım, amma nə anamı, nə qardaşlarımı, nə də nənəmi gördüm. Güllələr yağış kimi yağırdı. Mən bir kənara süründüm, ölümdən yaxasını qurtarmağa çalışan adamların öz əlləri ilə qazdıqları xəndəyə düşdüm. Yenə ətrafa boylandım və bu anda qabaqdakı kiçik bir çuxurda qardaşımı gördüm. O, al-qan içində idi. Sifəti palçıqla örtülmüşdü, özü yamaca söykənmişdi. Güllə sağ böyrünə dəymişdi. Valeh artıq arvadının cəsədini qoruya bilmirdi. Mənim arxamca o da həmin xəndəyə süründü. Xankəndidən olan Qamboy adlı qaçqın da 5 yaşlı oğlu ilə birlikdə bizim yanımızda idi. Biz hamımız: qardaşım, mən, Valeh, Qamboy və onun oğlu cərgə ilə bu xəndəkdə yerləşdik. Elə bu vəziyyətdə əsir düşdük”.
Məqalə müəllifi Arye Qutun fikrincə, yaxın vaxtlara qədər müasir Ermənistanda hakimiyyətdə olmuş adamlar - keçmiş prezident Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş prezident Robert Koçaryan və onlarca terrorçu Dağlıq Qarabağda, Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmənin və azərbaycanlılara qarşı qətliamın təşkilində bilavasitə iştirak ediblər.
İsrailli ekspert vurğulayır: “Çoxsaylı materiallar və videosənədlər, habelə faciə şahidlərinin ifadələri Ermənistan Respublikasının yuxarıda adları çəkilən yüksəkvəzifəli şəxslərinin Xocalı qırğınında iştirakını təsdiq edir. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bu şəxslərin bəziləri hətta xarici KİV-lərə müsahibələr verməyə də utanmayıblar.
Onlar həmin müsahibələrdə Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşicəsinə cinayətlərə görə öyünüblər. Serj Sarkisyanın bu sözlərini heç kəs unutmayıb: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi aradan qaldıra bildik”.
Xocalıda ağlasığmaz qəddarlıq və vəhşiliklə törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonunda ən dəhşətli faciələrdən biridir. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi həmişəlik qalacaq”.
Qutun fikrincə, bu, Azərbaycanın dinc vətəndaşlarının - Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu qanlı qırğın və soyqırımı aktı nəticəsində öz ailələri, uşaqlıq dünyası, arzuları və gələcəyi məhv edilmiş insanların kədəri və ağrısıdır.
Lakin Xocalıda törədilmiş soyqırımı aktı qurbanlarının qohumlarının bir ümumi ağrısı var: bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədənlər hələ də beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılmayıb və cəzasız qalıblar. İkinci Dünya müharibəsindən sonra Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında cavab verməli olmuş nasistlərin əksəriyyətindən fərqli olaraq, Xocalıda dinc Azərbaycan vətəndaşlarının kütləvi şəkildə qətlə yetirilməsinin ideoloqları və icraçıları müasir Ermənistan Respublikasında azad yaşayırlar. Cinayət cəzasız qalmamalı, Xocalıda bu soyqırımı aktını təşkil etmiş və həyata keçirmiş cinayətkarlar cəzalandırılmalıdırlar!”
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsini bu sözlərlə bitirir: “Biz Xocalıya ədalət tələb edirik!”