Uruqvay Xəbər Agentliyi Xocalı soyqırımı haqqında məqalə yayıb

A- A A+

Azərbaycanın Uruqvaydakı müvəqqəti işlər vəkili Emin İbrahimovun "Xocalı qətliamı - ədalət və sülh üçün davamlı çağırış" sərlövhəli məqaləsi Uruqvay Xəbərlər Agentliyi tərəfindən yayılıb.

NUHÇIXAN xəbər verir ki, məqalədə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azərbaycanlıların və ermənilərin etnik olaraq bir yerdə yaşamasının mümkün olmadığı fikrinə və Serj Sarkisyanın Xocalı qətliamının qəsdən törədildiyi barədə Tomas de Vaala müsahibəsində dediyi məlum sözlərə istinad edilib. Bu iki prezidentin fikirlərinin əslində Azərbaycana qarşı Ermənistanın həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətini yaxşı izah etdiyi bildirilib. Xocalı qətliamının münaqişə kontekstində etnik təmizləmə siyasətinin ən faciəvi səhifəsi olduğuna diqqət çəkilib.

Hazırda Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal altında saxladığı, 1 milyondan artıq azərbaycanlının öz evindən qaçqın və didərgin düşdüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi yazıda vurğulanıb. Eyni zamanda, Xocalı faciəsinə görə əsas məsuliyyəti daşıyan şəxslərin hələ də cəzasız qaldığı qeyd edilib.

Məqalədə bildirilib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi hər iki xalqın nümayəndələrinin bir yerdə yaşamasının mümkünlüyünə inanır. O cümlədən azərbaycanlıların və ermənilərin yenidən Azərbaycanın Dağlıq Qarabağ regionunda sülh şəraitində yaşaya bilməsinin mümkünlüyü vurğulanıb. Əlavə edilib ki, bu sülhə nail olmaq üçün Ermənistanın işğala son qoyması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və azərbaycanlıların hazırda işğal altında olan evlərinə qayıtması zəruridir. Bu prinsiplərə əsaslanan sülhün həm də Xocalı qurbanlarının xatirəsinə böyük ehtiram olacağı vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: