“Qərbi Azərbaycan: Unudulmaz izlər” layihəsi çərçivəsində Qarsda beynəlxalq forum keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, mayın 14-də Türkiyənin Qars şəhərində yerləşən Kafkas Universitetində “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib.
Tədbirin əsas məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini, tarixi yaddaşını və kulinariya ənənələrini nümayiş etdirmək, bu irsi daha geniş auditoriyaya tanıtmaq və gənc nəslə ötürməkdən ibarət idi. Forum Azərbaycan-Türkiyə münasibətləri kontekstində ortaq tarix yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Forum iştirakçıları əvvəlcə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Türkiyə və Azərbaycan dövlət himnləri səsləndirilib.
Kafkas Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün rəhbəri Prof. Dr. İlkin Gulusoy çıxış edərək bildirib ki, “Qərbi Azərbaycan məsələsi yalnız bir regionun deyil, bütövlükdə türk dünyasının tarixi yaddaşıdır. Bu cür tədbirlər mədəni mirasın yaşadılması baxımından son dərəcə dəyərlidir.”
“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək bildirib ki, “Qərbi Azərbaycanın mədəni irsini dünyaya tanıtmaq bizim tarixi və mənəvi borcumuzdur. Layihəmiz bu istiqamətdə mühüm addımlardan biridir.”
Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev çıxış edərək bildirib ki, “Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri bu cür layihələrlə daha da möhkəmlənir. Qərbi Azərbaycan bizim milli kimliyimizin ayrılmaz hissəsidir.”
Əslən Qərbi Azərbaycandan olan Kars Bələdiyyə Başçısı Prof. Dr. Ötüken Senger çıxış edərək bildirib ki, “Bu cür tədbirlər şəhərimizin beynəlxalq mədəni platformaya çevrilməsinə də töhfə verir. Qərbi Azərbaycan məsələsinin insanlıq tarixində yeri böyükdür.”
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Üzeyir Məmmədov çıxış edərək bildirib ki, “Qərbi Azərbaycan torpaqları bizim tariximizin qan yaddaşıdır. Gənc nəsil bu gerçəkləri öyrənməli və gələcəyə daşımalıdır.
”Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək bildirib ki, “Gənclər olaraq bu mirası yaşatmaq və dünyaya tanıtmaq bizim vəzifəmizdir. Forum bu baxımdan bizə böyük ilham verir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli çıxış edərək bildirib ki, “Biz bu kimi layihələrlə həm milli kimliyimizi möhkəmləndirir, həm də beynəlxalq aləmdə Azərbaycan həqiqətlərini tanıdırıq. Dövlət dəstəyi ilə həyata keçirilən bu tədbirlər gələcəyə yönəlib.”
Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova çıxış edərək bildirib ki, “Qərbi Azərbaycanın kulinariya irsi də bu tarixi yaddaşın ayrılmaz hissəsidir. Biz bu irsi qorumalı və nəsildən-nəslə ötürməliyik.”
Rəsmi çıxışlardan sonra təşəkkür plaketləri və iştirakçı sertifikatları təqdim olunub. Forum Azərbaycan milli musiqilərindən ibarət konsert proqramı ilə davam edib.
Sonda Qərbi Azərbaycan mətbəxinin incilərindən olan İrəvan kətəsi, İrəvan şirin çörəyi, fəsəli və bir çox şirniyyatlar təqdim olunub və həmçinin İrəvan şəhərinin dağıdılmış tarixi abidələrinin fotoları sərgilənib.