Böyük Britaniyanın Ədliyyə Nazirliyi Hüquqi Yardım Agentliyinin onlayn sisteminə qarşı genişmiqyaslı kiberhücumun baş verdiyini açıqlayıb.
NUHÇIXAN “BBC”yə istinadla xəbər verir ki, hücum nəticəsində vətəndaşların 2010-cu ildən indiyədək toplanan şəxsi, o cümlədən cinayət keçmişinə dair məlumatların oğurlandığı bildirilib. Nazirlik kiberhücumdan aprelin 23-də xəbərdar olduqlarını, lakin sonradan insidentin ilkin qiymətləndirmədən daha ciddi və genişmiqyaslı olduğunu müəyyən etdiklərini bildirib.
Agentliyin baş icraçı direktoru Ceyn Harbottle hadisəyə görə üzr istəyərək, bu məlumatın ictimaiyyət üçün şok və narahatlıq doğuracağını başa düşdüyünü deyib. Hücumu törədən qrup 2,1 milyon məlumat sənədinə daxil olunduğunu iddia edib. Ədliyyə Nazirliyi isə bu rəqəmi hələlik təsdiqləməyib.
Nazirlik 2010-cu ildən bu yana hüquqi yardım üçün müraciət etmiş şəxslərə xəbərdarlıq edərək, öz məlumatlarını qorumaq üçün tədbirlər görməyə çağırıb. Bildirilib ki, sızdırılan məlumatlar arasında ərizəçilərin əlaqə vasitələri, ünvanları, doğum tarixləri, şəxsi nömrələri, cinayət keçmişi, məşğulluq vəziyyəti, maliyyə məlumatları (ödəmələr, borclar və s.) yer ala bilər. Nazirlik vətəndaşlara şübhəli zənglərə və ya mesajlara qarşı diqqətli olmağı, eyni zamanda, istifadə etdikləri şifrələri yeniləməyi tövsiyə edib.