Rəvan Həsənov: Fransa kimi ölkələrdə müsəlman icmalarının damğalanması ciddi narahatlıq doğurur

A- A A+

İslamofobiya bu dövrün narahatedici reallıqlarından biri və ayrı-seçkiliyin açıq təzahürüdür. Təəssüf ki, bir çox Qərb cəmiyyətində bu ayrı-seçkilik forması artıq normallaşır. Nifrət dolu ritorikada, istisnaya əsaslanan siyasətlərdə və hətta zorakılıq aktlarında özünü göstərir. Xüsusilə Fransa kimi ölkələrdə sekulyarizmin adı altında müsəlman icmalarının damğalanması ciddi narahatlıq doğurur. Eyni şəkildə Hindistanda dini millətçiliyin yüksəlişi nəticəsində müsəlmanlara qarşı artan təcrid və düşmənçilik müşahidə olunur.

NUHÇIXAN xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, islamofobiya qlobal miqyasda artan təhlükəli tendensiyanın tərkib hissəsidir. “Bəziləri islamofobiyanı ayrı bir diskriminasiya forması kimi tanıyır, digərləri isə onu antimüsəlman nifrəti və ya dini irqçilik kimi adlandırmağı təklif edir. Mən düzgün terminologiyanın əhəmiyyətini anlayıram və dilin önəmini dərk edirəm. Ancaq inanıram ki, bu fenomenin müxtəlif kontekstlərdəki dərinliyini tam əks etdirəcək tək bir termin yoxdur. Əsas odur ki, islamofobiyanın acı bir reallıq olduğunu və müxtəlif bölgələrdə fərqli formalarda sosial və siyasi sahələrdə getdikcə daha çox yer aldığını qəbul edək. O, birmənalı şəkildə diskriminasiya forması kimi tanınmalıdır. Ancaq bu yolla ona qarşı effektiv mübarizə apara bilərik”.

R.Həsənov “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransın əsas məqsədinin bu məsələyə siyasi liderlərin, dini şəxslərin, qeyri-hökumət təşkilatlarının, ictimai qurumların, medianın və təhsil müəssisələrinin diqqətini yönəltmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, islamofobiya üzrə beynəlxalq konfrans artıq aparıcı institutların, təşkilatların və mütəxəssislərin bir araya gəldiyi və bu müzakirəni irəli aparan önəmli bir platformaya çevrilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: