Azərbaycan xalqının taleyində 28 may 1918-ci il təkcə bir tarix deyil, milli özünüdərk, istiqlal və azadlıq iradəsinin təntənəsi kimi yazılmış şərəfli bir gündür. Məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə xalqımızın dövlətçilik tarixində yeni və müasir bir mərhələ başladı. Bu cümhuriyyət nəinki Azərbaycanın, bütövlükdə, Şərq dünyasının ilk parlamentli, demokratik və hüquqi dövləti oldu. Bu dövlətin əsasını təşkil edən dəyərlər – xalqın iradəsinə əsaslanan idarəçilik, insan hüquqlarına hörmət, milli azadlıq və müstəqillik bu gün müstəqil Azərbaycanın inkişaf yolunda əsas bünövrə kimi qəbul olunur.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində mühüm yer tutur. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqdə, о cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1918-1920-ci illərdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilmiş, müstəqil dövlətçilik atributları yaradılmış, Azərbaycan dili dövlət dili elan edilmiş və digər mühüm tədbirlər görülmüşdü. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq vəzifəsi qoyan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirmişdir. Həyata keçirilən tədbirlər Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi.
Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz xarakter alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbər seçildiyi 1969-cu ilin 14 iyulu respublikamızı həqiqi müstəqilliyə aparan yolun başlanğıcı oldu. Ümummilli Liderin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində həyata keçirilmiş kompleks tədbirlər ölkəmizin XX əsrin 90-cı illərində müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdı.
XX yüzilliyin sonunda Azərbaycan yenidən öz dövlət istiqlaliyyətini bərpa etmək imkanı əldə etdi. Yola saldığımız əsr Azərbaycan xalqının tarixində başlıca olaraq, əvvəlcə, dövlət müstəqilliyinin əldə olunaraq qısa müddət ərzində (1918-1920-ci illər) mövcud olması, əsrin sonunda isə yenidən bərpası ilə əlamətdar olmuşdur. Mühüm coğrafi-strateji mövqeyi olan ölkəmizin iki əsrə yaxın müstəmləkəçilik həyatından sonra azadlıq, müstəqillik məşəli 1991-ci ildə yenidən alovlanmış, əsrin əvvəlində olduğu kimi, əsrin sonlarında da dövlət müstəqilliyimiz real məhvolma təhlükəsi ilə üz-üzə qalmışdı. Erməni daşnakları tərəfindən hərbi təcavüzə məruz qalmış ölkəmizdə son dərəcə təhlükəli vəziyyət yaranmışdı. Əgər XX əsrin əvvəllərində xalqımız müstəqil dövlətini yaratmaq istəyərkən 1918-ci ilin mart soyqırımı ilə üzləşmişdisə, ötən əsrin 90-cı illərində 20 Yanvar faciəsi, Xocalı soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi işğal olunmuşdu.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərməsi dövlətçiliyimizi və müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırılmışdı.
Dahi şəxsiyyətin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Azərbaycan düşdüyü bəlalardan xilas edildi, dövlət müstəqilliyimiz möhkəmləndirildi, cümhuriyyətçilik ideyaları bərqərar olundu.
Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam və inkişaf etdirərək Azərbaycanı onunla hesablaşılan lider dövlətə, sabitliyin və inkişafın təminatçısına çevirib. Müstəqilliyimiz daha da möhkəmləndirilib, sosial-iqtisadi inkişaf təmin olunub, güclü ordu yaradılıb. Son illərdə ölkəmizdə həyata keçirilən dərin islahatlar, iqtisadi inkişaf modeli, milli maraqlara əsaslanan xarici siyasət, beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun artması bu xəttin davamlı və uğurlu olmasının göstəricisidir.
Bu gün Azərbaycan müstəqilliyini yalnız bəyan etmir, eyni zamanda onu tam və dönməz şəkildə təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi və ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də tarixi ədalətin, cümhuriyyət ideallarının və milli suverenliyin bərpası anlamına gəlir.
Üçrəngli Azərbaycan Bayrağı bu gün Qarabağda – Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə və digər işğaldan azad olunmuş ərazilərimizdə dalğalanır. Bu bayraq xalqımızın qürurunun, müstəqilliyimizin və dövlət suverenliyimizin təcəssümüdür. Bu həm də 1918-ci ildə cümhuriyyət qurucularının arzuladığı bütöv, müstəqil və güclü Azərbaycanın reallığa çevrildiyini təsdiq edən rəmzdir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Böyük Qayıdışın gerçəkləşməsi ilə bir vaxtda Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək, türk dövlətləri ilə strateji əməkdaşlıq, nəqliyyat dəhlizləri üzərində yaranan yeni reallıqlar Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və tarazlı siyasətin nəticəsidir.
28 May – Müstəqillik Günü xalqımız üçün təkcə tarixi hadisə deyil, həm də qürur, Vətənə bağlılıq, milli kimliyə sədaqət günüdür. Bu gün bizi bir xalq kimi birləşdirən, eyni ideya ətrafında səfərbər edən, gələcəyə aparan müstəqil dövlətimizin təntənəsidir. Biz bu günü Ulu Öndərin yaratdığı dövlətin və Prezident İlham Əliyevin möhkəmləndirdiyi müstəqilliyin təntənəsi kimi qeyd edirik.
Tarixin sınaqlarından alnıaçıq çıxmış xalqımızın əzmini və mübarizəsini təcəssüm etdirən bu gün bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır. Azərbaycan xalqı tarixdən aldığı güclə, dövlətçilik təcrübəsi və siyasi iradəsi ilə sabaha inamla irəliləyir. Dövlətçiliyimiz əbədidir, müstəqilliyimiz dönməzdir, üçrəngli bayrağımız isə azad və suveren Azərbaycan torpaqlarında daim ucalarda dalğalanacaq. Ölkə Prezidentinin də dediyi kimi: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”
Yaşasın müstəqil Azərbaycan!
Qəzənfər Abdullayev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı