Azərbaycan xalqı öz müstəqilliyini əldə etmək və onu qorumaq yolunda neçə-neçə sınaqlardan keçmiş, minlərlə şəhid vermiş, azadlıq ideyası uğrunda mübarizə aparmışdır. Bu qərar, sadəcə, hüquqi sənəd deyildi, bu, bir millətin yenidən doğuluşunun rəsmi bəyanı idi.
1918-ci ildə cümhuriyyətin elan etdiyi ideyalar – hüquq bərabərliyi, qadınların seçki hüququ, demokratik idarəetmə sistemi və dövlətçilik ənənələri 1991-ci ildə yenidən canlandı. Bu gün isə həmin ideyalar müstəqil və güclü Azərbaycanın əsas dayaqlarıdır.
Xüsusilə vurğulamaq lazımdır ki, 2020-ci ildə əldə edilən şanlı Zəfərdən sonra xalqımız 18 oktyabr və 28 may tarixlərini artıq yalnız tarixdə deyil, qürurla gələcəyə yönəlmiş mərhələlər kimi qeyd edir. Dövlətçilik ənənələrimizin bərpası, ərazi bütövlüyümüzün təmin olunması, xalqımızın suveren iradəsi ilə qurulan hüquqi sistem və demokratik dəyərlər Azərbaycanın modern və qüdrətli dövlətə çevrilməsini təmin edir.
Müstəqillik təsadüf deyil – o, xalqımızın iradəsinin, fədakarlığının və milli ruhunun nəticəsidir. Bu gün biz həm 1918-ci il Xalq Cümhuriyyətinin, həm də 1991-ci il bərpa olunmuş respublikamızın varisiyik və bu tarixi mirası gələcək nəsillərə daha da möhkəmləndirərək ötürməliyik.
Azərbaycan xalqının dövlətçilik tarixi minilliklərlə ölçülür. Lakin XX əsrdə bu tarix iki mühüm zirvəyə yüksəldi: 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 1991-ci ildə müstəqilliyin bərpası. Bu iki mərhələ bir-birindən ayrılmazdır, çünki hər ikisi eyni ideya, azadlıq və müstəqil dövlətçilik uğrunda qurulmuşdur. 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən “İstiqlaliyyət Bəyannaməsi” ilə müsəlman Şərqində ilk dəfə demokratik, hüquqi və dünyəvi dövlət elan olundu – Azərbaycan Xalq Cümhuriyyəti. Bu dövlət qadınlara seçki hüququ verən, parlamentli respublika modelini tətbiq edən və xalqın iradəsini təmsil edən qabaqcıl bir qurum idi. Cəmi 23 ay yaşasa da, dövlət atributları – bayraq, pul, ordu, diplomatik əlaqələr və sair ilə ciddi əsaslar formalaşdırdı.
Lakin 1920-ci ildə bolşevik işğalı nəticəsində bu dövlət süquta uğradı. Buna baxmayaraq, istiqlal ideyası xalqın yaddaşından silinmədi. Sovet ittifaqının dağılması ilə yaranan fürsətdən istifadə edən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Bu aktda açıq şəkildə 1918-ci il Xalq Cümhuriyyətinin varisliyi qeyd olunurdu. Beləliklə, Azərbaycan yenidən beynəlxalq hüququn subyekti olaraq dünya xəritəsində yerini aldı.
Bu qərardan sonra 29 dekabr 1991-ci ildə keçirilən ümumxalq referendumu xalqın bu iradəsini təsdiqlədi – 95 faiz iştirakla müstəqilliyə “bəli” deyildi.
Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini bərpa etdikdə qarşısında ağır və mürəkkəb bir yol dayanmışdı. Dövlət institutları zəif, iqtisadiyyatı dağılmış, ölkə siyasi və sosial xaos içində idi. Belə bir dövrdə xalqımızın böyük liderə ehtiyacı vardı. Məhz bu ehtiyacdan doğaraq 1993-cü ildə Azərbaycan xalqı öz xilaskarına – Ulu Öndər Heydər Əliyevə üz tutdu. O bütün təhlükələrə, hətta fiziki məhv olunma riskinə baxmayaraq, xalqın çağırışına səs verdi və Bakıya qayıtdı. Bu qayıdış Azərbaycan tarixində dönüş nöqtəsi oldu.
Ümummilli Lider siyasi hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyi bərpa etdi, müstəqil dövlət quruculuğuna güclü təməl qoydu, daxili və xarici təhdidlərə qarşı əzmkar mübarizəyə başladı. Onun uzaqgörənliyi nəticəsində Azərbaycan iqtisadi islahatlara start verdi, beynəlxalq arenada tanındı, ilk neft kontraktları imzalandı və ölkəmiz qısa müddətdə regionda nüfuzlu aktora çevrildi.
Bu gün biz müstəqil, güclü və qalib Azərbaycanın reallıqlarını yaşayırıqsa, bu, birbaşa Heydər Əliyev şəxsiyyətinin xidmətidir. Onun “mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm” fikri sadəcə vəd yox, böyük bir missiyanın, məsuliyyətin və fədakarlığın simvoludur. Biz onun davamçıları olaraq bu böyük irsi yaşatmaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək və gələcək nəsillərə ötürməyi özümüzə borc bilməliyik.
15 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən Qərara əsasən 28 may “Müstəqillik Günü”, 18 oktyabr isə “Müstəqilliyin Bərpası Günü” kimi təsdiq edildi. Bu, tarixə və müstəqillik dövrlərinə konseptual baxışın rəsmi ifadəsi idi. 28 may – istiqlalın doğulduğu, 18 oktyabr – müstəqilliyin bərpa edildiyi gündür.
Müstəqil Azərbaycan son illərdə bir çox çətinliklər və sınaqlardan keçərək bu gün Cənubi Qafqazda aparıcı gücə çevrilib. Xüsusilə son illərdə əldə olunan siyasi və iqtisadi uğurlar ölkəmizi regionda strateji oyunçuya, etibarlı tərəfdaşa və sabitliyin təminatçısına çevirib.
Azərbaycanın son dövrlərdə əldə etdiyi ən böyük siyasi nailiyyətlərdən biri, heç şübhəsiz ki, ərazi bütövlüyünün tam şəkildə bərpası olmuşdur. 2020-ci ildə Vətən müharibəsində qazanılan parlaq qələbə və 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi Qarabağ üzərində tam bərpa olundu. Bu yalnız hərbi deyil, həm də siyasi və hüquqi zəfərdir. Beləliklə, Azərbaycan beynəlxalq hüququn aliliyini təmin edərək regionda yeni reallıqlar formalaşdırdı.
Eyni zamanda rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılması və uzunmüddətli sülh müqaviləsinin imzalanması istiqamətində ardıcıl və prinsipial mövqe sərgiləyir. Ermənistanla sərhədlərin delimitasiyası prosesinin başlanması, qarşılıqlı etimadın bərpası yönündə atılan addımlar Azərbaycanın regional sabitliyə töhfə vermək istəklərinin real göstəricisidir.
Bundan əlavə, Azərbaycan beynəlxalq diplomatik platformalarda fəal iştirak edir. Ölkəmizin COP29 kimi qlobal tədbirə ev sahibliyi etməsi, 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə toplantısının Bakıda keçirilməsi planları, Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik çəkisinin artdığını nümayiş etdirir.
Azərbaycanın iqtisadi siyasətində əsas hədəf neftdən asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsidir. Bununla yanaşı, ölkəmiz enerji sahəsində liderliyini qoruyub saxlayır. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçısına çevrilib. Hazırda Avropa İttifaqının 8 ölkəsi Azərbaycan qazından faydalanır və bu dairə genişlənməkdədir.
Nəqliyyat sahəsində də mühüm uğurlar əldə olunub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və Zəngəzur dəhlizi perspektivi Azərbaycanın regionda logistika mərkəzinə çevrilməsi istiqamətində atılan strateji addımlardır. Bu nəqliyyat xətləri təkcə iqtisadi deyil, siyasi əlaqələri də formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, sənaye parklarının yaradılması, “yaşıl enerji” sahəsində planlar və investisiya mühiti Azərbaycanın davamlı iqtisadi inkişaf yolunda olduğunu göstərir.
Azərbaycanın müstəqilliyi təkcə hüquqi status deyil, bu xalqın kimliyi, azadlıq iradəsi və gələcəyə inamının təcəssümüdür. 1918 və 1991-ci illərin ruhu bu gün də Azərbaycan xalqının siyasi-mədəni yaddaşında yaşayır. Hər iki müstəqillik dönəmi bizə sübut etdi ki, azadlıq ən böyük dəyərdir və onu qorumaq hər bir vətəndaşın borcudur.
Dövlət başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı