Ali Məclisin yaz sessiyası başa çatıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə 2025-ci il yeddinci çağırış Ali Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.
İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci ilin yaz sessiyası dövründə fəaliyyəti və cari məsələlərin müzakirəsi daxil edilib.
İclasda Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyası dövründə fəaliyyəti ilə bağlı məlumat verib.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı deputatlardan Arzu Abdullayev, Emin Şıxəliyev, Rafiq Novruzov və Pərvin Nəcəfsoy çıxış ediblər.
Sonra Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclas iştirakçılarını və muxtar respublikanın bütün sakinlərini qarşıdan gələn Qurban bayramı, Azərbaycan xalqının Milli Qurtuluş Günü və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Ardınca Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-cü il yaz sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Ali Məclisin 2025-ci il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.