Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə geniş tərkibdə görüşü olub.
Bu barədə NUHÇIXAN-a Azərbaycan XİN-dən məlumat verilib.
Məlumata görə, Ceyhun Bayramov Keniya tərəfini regionda münaqişədən sonrakı vəziyyət və Azərbaycanın azad edilmiş ərazilərinin bərpası barədə məlumatlandırıb.
Həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, keçmiş məcburi köçkünlərin qayıtması məsələsi və humanitar mina təmizləmə, Bakı və Nayrobi arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib.
Nazirlər Azərbaycanın Nayrobidə səfirliyinin açılmasını dövlətlərarası münasibətlərin inkişafı baxımından mühüm hadisə adlandırıblar.
"Azərbaycan və Keniya arasında çoxtərəfli əməkdaşlığın davamı olaraq siyasi dialoqu davam etdirməyə, iqtisadi və ticarət əlaqələrini təşviq etməyə, həmçinin dövlət xidmətləri, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını araşdırmağa hazır olduğumuzu ifadə etdik", - Ceyhun Bayramov görüşün yekunları üzrə “X” sosial şəbəkəsində yazıb.