İran İslam Respublikasının nümayəndə heyəti muxtar respublikada səfərdə olub - FOTOLAR
İran İslam Respublikasının müdafiə nazirinin müavini Mehdi Kərbəlayinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Səfər çərçivəsində qonaqlar Naxçıvan Biznes Mərkəzi ilə də tanış olublar. Burada qonaqlara məlumat verilib ki, 2013-cü ildə istifadəyə verilən mərkəz muxtar respublikada biznesin inkişaf etdirilməsi, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsinə xidmət edən mühüm məkandır.
Bildirilib ki, 1995-ci ildən başlayaraq muxtar respublikada 12 mindən çox sosial infrastruktur obyekti, 900-dən çox istehsal və xidmət sahəsi istifadəyə verilib. Yaradılmış şərait nəticəsində bu gün muxtar respublikada 372 növdə məhsulun istehsalına nail olunub, 344 növ məhsul hesabına daxili tələbat ödənilməkdədir. Hazırda muxtar respublikada istehsal olunan ixracpotensiallı yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları Türkiyə, İran, Rusiya, Latviya, Ukrayna, Qazaxıstan, Çin, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və İraqa ixrac edilir.
Biznes mərkəzində Naxçıvanda fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən tikinti materialları, mebel məmulatları, mineral sular, ət və süd məhsulları, quş əti, yumurta və qənnadı məhsulları haqqında qonaqlara məlumat verilib. Diqqətə çatdırılıb ki, muxtar respublikada aqrar sektorun inkişafı üçün yeni metodlar tətbiq olunur, fermer təsərrüfatlarının və bütünlükdə sahibkarlığın inkişafı məqsədilə rayon və kəndlərdə müasir texnologiyalara əsaslanan yeni müəssisələr yaradılır.
Nümayəndə heyəti muxtar respublika əhalisinin mövsümi tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rolu olan istixana kompleksləri ilə də bağlı məlumat əldə ediblər. Qonaqlar Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi avtomobillər haqqında da məlumat alıb, “Naxtel 4G” mobil rabitə operatorunun imkanlarının nümayiş olunduğu stendə baxıblar.
İran İslam Respublikasının müdafiə nazirinin müavini Mehdi Kərbəlayi muxtar respublikaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.