Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin iyunun 21-də keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş) müzakirə olunub.

Qanun layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.

Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Milli Məclisin iclasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da iştirak ediblər. 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: