Güclü ordu güclü dövlətin təminatıdır

A- A A+

Hər bir müstəqil dövlətin dayanıqlığını və suverenliyini təmin edən ən əsas sütunlardan biri onun ordusudur. Bu baxımdan, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyinin hərbi-siyasi tarixində mühüm yer tutur. Hər il bu gün ölkəmizdə dövlət səviyyəsində qeyd olunur, çünki o, təkcə ordunun yaranması deyil, həm də güc, qürur və milli birliyin təcəssümüdür.

Azərbaycan Silahlı Qüvvələrinin əsası hələ 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. O zaman cümhuriyyət hökuməti milli ordu qurmaq qərarı verdi və ilk hərbi hissələr formalaşdırıldı. Lakin bu müstəqil hərbi quruculuq prosesi Cümhuriyyətin süqutu və sovet işğalı ilə yarımçıq qaldı.

Milli ordu quruculuğuna ilk ciddi addımlar isə 1990-cı illərin əvvəllərində, Ulu Öndərin Naxçıvana rəhbərliyi dövründə atıldı. 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması, ardından 1992-ci il sentyabrın 19-da müdafiə və sərhədlərin qorunması ilə bağlı qərarın qəbul edilməsi bu sahədə mühüm başlanğıc oldu. Həmin ilin oktyabrın 9-da keçirilən ilk hərbi parad və 705 saylı motoatıcı briqadanın yaradılması milli ordunun təməl prinsiplərini formalaşdırdı.

Silahlı Qüvvələrin tam strukturlaşdırılması və müasir ordu modelinin qurulması prosesi isə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra intensiv mərhələyə keçdi. Ordu sistemi yenidən təşkil olundu, müxtəlif hərbi birləşmələr formalaşdırılaraq tam komplektləşdirildi. Bu dövrdən etibarən Azərbaycanda hərbi sahədə ciddi keyfiyyət dəyişiklikləri baş verdi.

1993-cü ildə ölkədə yaranmış siyasi xaos, separatçılıq və idarəetmədə dərin böhran müstəqil Azərbaycanın varlığını sual altına almışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkənin ərazi bütövlüyü pozulmuş, Qarabağın və ətraf rayonların böyük hissəsi işğal olunmuşdu. Eyni zamanda daxildə siyasi sabitsizlik hökm sürür, hakimiyyət dəyişiklikləri ard-arda baş verir, dövlət strukturları faktiki olaraq iflic vəziyyətə düşürdü. Gəncə hadisələri, müxtəlif silahlı qrupların dövlətə tabe olmaması və ölkənin parçalanma təhlükəsi xalq arasında dərin narahatlıq yaratmışdı.

Belə bir zamanda, xalqın israrlı tələbi ilə Naxçıvanda yaşayan və fəaliyyətdə olan Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət edildi və qısa müddət sonra ölkə rəhbərliyinə qayıtdı. Bu dönüş Azərbaycanın müstəqilliyinin qorunması və dövlətin dağılmasının qarşısının alınması baxımından həlledici oldu.

Ulu Öndər  hakimiyyətə gəldikdən dərhal sonra ölkədə sabitliyin bərpası, hüquqi və siyasi sistemin gücləndirilməsi, dövlət institutlarının möhkəmləndirilməsi üçün qəti addımlar atdı. Ən önəmlisi isə ordunun yenidən təşkilatlanması və döyüş qabiliyyətinin artırılması üçün konkret strategiya formalaşdırıldı. O zamanadək nizami struktura malik olmayan, müxtəlif qruplara və maraqlara xidmət edən silahlı dəstələrin fəaliyyəti tədricən dayandırıldı, ordunun vahid komandanlıq altında formalaşdırılmasına başlanıldı.

Ümummilli Lider ordu quruculuğuna dövlətin prioritet məsələsi kimi yanaşaraq, yeni hərbi hissələrin yaradılması, hərbi kadrların peşəkar şəkildə hazırlanması, hərbi nizam-intizamın bərpası və orduda vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində ciddi islahatlara start verdi. Məhz bu dövrdə Silahlı Qüvvələrdə milli maraqlara uyğun fəaliyyət göstərən struktur formalaşmağa başladı və bu proses növbəti illərdə Azərbaycan Ordusunun güclü təməllər üzərində qurulmasına zəmin yaratdı.

Ulu Öndərin 1993-cü ildə başladığı bu tarixi dönüş yalnız ordu quruculuğu deyil, bütövlükdə, dövlətin xilası və sabitliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyırdı. Onun uzaqgörən siyasəti və prinsipial mövqeyi nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi və dövlətçiliyinin dağılmasının qarşısını aldı. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Ordusunu qeyri-peşəkar, parçalanmış vəziyyətdən çıxarıb, vahid komandanlığa tabe olan, milli maraqlara xidmət edən və döyüş qabiliyyətli nizami orduya çevirmək üçün əsaslı islahatlara başladı. Onun uzaqgörən siyasəti nəticəsində 1994-cü ildən başlayaraq orduya ciddi dövlət dəstəyi göstərildi, hərbi məktəblər yaradıldı, zabit heyəti formalaşdı.

1998-ci il mayın 22-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən iyunun 26-sı “Silahlı Qüvvələr Günü” kimi təsis edildi və bu tarix ölkəmizdə hərbi quruculuğun rəsmi simvoluna çevrildi.

Hazırda bu uğurlu siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. Müasir hərbi texnologiyalarla təchiz olunan ordu yüksək döyüş qabiliyyətinə malik şəxsi heyətə sahibdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Naxçıvan dövründəki strateji addımlar təkcə bölgənin deyil, bütövlükdə, Azərbaycanın gələcəyini müəyyən edən siyasi xəttin əsasını təşkil edirdi.

Ulu Öndər Heydər Əliyevin məşhur bir fikri bu gün də aktuallığını qoruyur:

“Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusu tamamilə yeni mərhələyə qədəm qoydu. Onun rəhbərliyi ilə ordu yalnız texniki baxımdan modernləşdirilmədi, həm də ideoloji və strateji baxımdan gücləndirildi. 2000-ci illərdən etibarən orduya ayrılan vəsait dəfələrlə artırıldı, müasir silahlar, hərbi texnologiyalar alındı, şəxsi heyətin döyüş hazırlığı yüksəldi.

Ən əsası isə bu güc 2020-ci ilin 44 günlük Vətən müharibəsində öz sınağını uğurla verdi. İlham Əliyevin dəmir iradəsi, diplomatik bacarığı və Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlar azad olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 2020-ci ilin 8 noyabrında Şuşanın azadlığı ilə tarixi Qələbəsini qeyd etdi.

Dövlət başçısının qətiyyətli çıxışlarından biri bu döyüş ruhunu əks etdirir:

“Biz bu müharibədə təkcə Ermənistanı deyil, onların arxasında duranları da məğlub etdik. Bu, xalqın, ordunun, Prezidentin birliyinin nəticəsidir”.
Vətən müharibəsindən sonra Azərbaycan Ordusu təkcə qalib ordu deyil, həm də regionda sabitliyin, təhlükəsizliyin və gücün simvoluna çevrildi. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Türkiyə ilə hərbi ittifaq, Pakistan, İsrail və digər ölkələrlə əməkdaşlıq çərçivəsində orduya müasir PUA-lar, raket sistemləri, elektron müharibə texnologiyaları daxil edilir.

Orduda Vətən müharibəsində iştirak etmiş minlərlə gənc zabit xidmət edir. Dövlətin diqqəti nəticəsində şəhid ailələri və qazilərə dəstək proqramları həyata keçirilir, hərbi infrastrukturlar yenilənir, əsgər-məmur münasibətləri şəffaf və vətənpərvərlik ruhunda tənzimlənir.

26 iyun təkcə bir tarix deyil, bu gün millət olaraq həmrəyliyimizin, mübarizə əzminin və dövlətçilik iradəsinin təntənəsidir. Azərbaycan xalqı bu gün Silahlı Qüvvələrinə fəxrlə baxır, çünki bu ordu nəinki torpaqları qoruyur, həm də gələcək nəsillərə inam, güvən və qürur verir.

Bu gün qəhraman ordumuzun günüdür. Və ən başlıcası, bu gün güclü, qalib və müstəqil Azərbaycanın varlığını qorumaq üçün birlik günüdür.

Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Müstəqil və Qalib Azərbaycan!

Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: