Ali Məclisin növbədənkənar sessiyası başa çatıb - FOTOLAR
NUHÇIXAN xəbər verir iyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (üçüncü oxunuş) müzakirəsi daxil edilib.
Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, qanun layihəsi 21 iyun 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq ikinci oxunuşda müzakirə edilib. Daxili Nizamnaməyə əsasən İqtisadi siyasət komitəsi tərəfindən üçüncü oxunuşa hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə salınıb.
Qanun layihəsi ilə əlaqədar Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi səsə qoyularaq qəbul edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Ali Məclisin növbədənkənar sessiyası öz işini başa çatdırıb.