Dövlət başçılarımızın siyasi iradəsi sayəsində möhkəm dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri hər gün daha da inkişaf edir və qısa müddətdə artıq müttəfiqlik münasibətləri səviyyəsinə çatıb.
NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə birgə keçirdiyi Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu ilə bağlı mətbuata bəyanatında deyib.
S.Qafarova birinci forumun uğurla təşkil olunduğunu, aparılan müzakirələrin ikitərəfli əməkdaşlıq əlaqələrinə müsbət təsir edəcəyinə inandığını bildirib. Qeyd olunub ki, Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu xalqlarımız və ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsini əks etdirir.
Bunlarla yanaşı, Sahibə Qafarova bu gün keçirilən birinci parlamentlərarası forumun da əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfələr verəcəyinə inamını ifadə edib. Qeyd olunub ki, bu forum qanunvericilik bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi məsələsində mühüm əhəmiyyət daşıyan parlament komitələri arasında qarşılıqlı əlaqə yaratmaq, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmaq imkanı verir. O, həmçinin iki ölkənin qanunverici orqanları arasında imzalanan müvafiq sənədlərin də əhəmiyyətini qeyd edərək bildirib ki, bunlar parlamentlərimiz arasında əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldıracaq. Parlamentlərarası Komissiya daimi əsaslarla fəaliyyət göstərəcək və nəzərdə tutulan planları daha səmərəli həyata keçirmək, əməkdaşlığı daha da dərinləşdirmək imkanı yaradacaq.