XX əsrin sonlarında Sovet İttifaqının dağılması ilə müstəqillik qazanan türkdilli dövlətlər arasında qurulan diplomatik münasibətlər son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır. Bu baxımdan Azərbaycan və Özbəkistan arasındakı münasibətlər diqqəti cəlb etməklə yanaşı yeni perspektivlər də vəd edir. Tarixi, mədəni və mənəvi köklərə dayanan, möhkəm təməllər üzərində qurulan bu münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son illərdə iki ölkənin rəhbərləri səviyyəsində aparılan diplomatik danışıqlar, ölkələrarası qarşılıqlı səfərlər, imzalanan sənədlər və iqtisadi əməkdaşlıq təşəbbüsləri bu istiqamətdə mühüm nəticələr doğurub.
Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin təməlində Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır. Heydər Əliyev hələ 1990-cı illərin əvvəllərindən etibarən türk dünyası birliyinin vacibliyini vurğulayaraq Özbəkistanla əməkdaşlığı xüsusi prioritetlərdən biri kimi irəli sürüb. Onun təşəbbüsü ilə Özbəkistanın ilk prezidenti İslam Kərimovla siyasi, iqtisadi və mədəni sahələrdə bir sıra mühüm sənədlər imzalanıb, dövlətlərarası münasibətlərdə sabit və möhkəm əsaslar qoyulıb. Ulu öndərin milli dövlətçilik konsepsiyasının ölkəmizdə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanla türkdilli dövlətlər arasındakı diplomatik münasibətlərin tarixi-mədəni köklərə dayanan təcrübəsi yeni dünya nizamına uyğun olaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu sırada Azərbaycan-Özbəkistan münasibətləri də yeni perspektivlər vəd etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Özbəkistan əlaqələri daha da inkişaf etdirilib, xüsusilə son illərdə regional əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-tranzit imkanları və humanitar sahələrdə birgə layihələr həyata keçirilməyə başlanıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2022 və 2023-cü illərdə Azərbaycana etdiyi dövlət səfərləri bu münasibətlərin daha da dərinləşməsi üçün yeni imkanlar yaratmışdır. Səfərlər zamanı müxtəlif sahələr üzrə ümumilikdə 20-dən çox sənəd imzalanmışdır. Bu sənədlər arasında iqtisadi-ticari əməkdaşlıq, kənd təsərrüfatı, nəqliyyat-logistika, alternativ enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlığa dair müqavilələr xüsusilə diqqət çəkir.
2022-ci ildə Bakıda keçirilən Azərbaycan–Özbəkistan biznes forumu çərçivəsində iki ölkə arasında birgə sənaye parklarının yaradılması, sərmayə qoyuluşu və texnoloji əməkdaşlıq sahələrində bir sıra razılaşmalar əldə olunub. Eyni zamanda, Özbəkistanın Buxara şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi”nin, Azərbaycanda isə “Özbəkistan Dostluq Parkı”nın açılması qərara alınmış və artıq bu təşəbbüslərin reallaşdırılması üzrə işlər görülməkdədir.
Davam edən strateji əməkdaşlığın nəticəsi idi ki, 2023-cü ilin yayında imzalanan sənədlər sırasında «Yaşıl enerji» sahəsində əməkdaşlıq xüsusi yer tuturdu. Özbəkistan tərəfi Azərbaycanın alternativ enerji sahəsində qazandığı təcrübədən yararlanmaq istədiyini bəyan etmiş, Xəzər və Aral dənizi hövzəsində birgə enerji layihələrinin icrası barədə ilkin razılaşmalar əldə olunmuşdu. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatında Azərbaycan və Özbəkistanın bir-birini dəstəkləməsi, ortaq mövqelərlə çıxış etməsi onların türkdilli inteqrasiyada lokomotiv rolunu artırır.
Azərbaycan–Özbəkistan münasibətləri yeni müstəvidə – strateji tərəfdaşlıq və qarşılıqlı inam zəminində inkişafını davam etdirir. Bu münasibətlərin əsasında ortaq dəyərlər, siyasi iradə və xalqlar arasında doğmalıq dayanır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bünövrəsi qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan və Özbəkistan regionun sabitliyi və inkişafında əsas aktorlardan birinə çevrilib. 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana növbəti səfəri strateji əməkdaşlığın yeni sferalarını müəyyənləşdirdi. Belə ki, İlham Əliyevin mətbuata verdiyi bəyənatda qeyd olunur ki, “İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq”. Ölkə Prezidenti onu da vurğuladı ki, Qarabağın bərpası istiqamətində atılan addımlar içərisində Özbəkistanın yardımını biz unutmuruq: “Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub”.
Ümumilikdə Özbəkistan Prezidentinin səfəri çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasındakı diplomatik münasibətlərin yeni perspektivlərini müəyyənləşdirməklə yanaşı ortaq milli dəyərlərin qorunub yaşadılması, strateji müttəfiqliyin təkmilləşməsinə yeni imkanlar açacaqdır.
ƏLİ HƏŞİMOV
Ali Məclisin deputatı