Ersin Tatar: Beynəlxalq ictimaiyyətin mövqeyinin yenidən nəzərdən keçirilməsi Kipr ilə bağlı ədalətli nizamlanmanın açarıdır
Kipr türkləri uzun onilliklər ərzində Kiprlə bağlı danışıqlar prosesində xoş niyyət və konstruktivlik nümayiş etdirərək 62 il davam edən ziddiyyətləri aradan qaldırmağa çalışırlar. Bu, BMT-nin keçmiş Baş katibi Kofi Annanın planının müzakirəsi zamanı da özünü büruzə verdi. Lefkoşanın bütün müsbət səylərinə baxmayaraq, biz ədalət yolunda hələ ki, ciddi nəticələr əldə edə bilməmişik.
NUHÇIXAN xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
E.Tatarın fikrincə, həll olunmamış Kipr probleminin kökündə “Kiprin yunan icmasının virtual vahid dövlət statusunu tanıyan beynəlxalq ictimaiyyətin mövqeyi” dayanır. “Bu mövqe yenidən nəzərdən keçirilməyənə qədər Kipr məsələsində ədalətli və davamlı nizamlanmaya nail olmaq mümkün olmayacaq”, - deyə siyasətçi vurğulayıb.
E.Tatar qeyd edib ki, dünya səhnəsində yaşanan gərginlik fonunda Kiprin sülhə həmişəkindən daha çox ehtiyacı var. “Kiprdə yaşayan iki xalq qonşuluq şəraitində yaşamalı, qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməlidir”, - deyə ŞKTC Prezidenti Lefkosanın adanın yunan icması tərəfindən cavabsız qalan çoxsaylı əməkdaşlıq təşəbbüslərini xatırladaraq bildirib.