Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər tarix, mədəni və dil baxımından ortaq köklərə əsaslanır. Hər iki ölkə türkdilli dövlətlər qrupuna aiddir və müstəqillik qazandıqdan sonra beynəlxalq arenada öz suveren siyasətlərini formalaşdırmışlar.
Azərbaycan və Özbəkistan arasında rəsmi diplomatik münasibətlər 1995-ci ilin oktyabr ayının 2-də qurulmuş və bu münasibətlər illər ərzində dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli siyasi dialoq son illərdə daha da intensivləşmişdir. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında qarşılıqlı səfərlər və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın dərinləşdiyini bir daha göstərir. 2024-cü ilin avqustunda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması qardaş ölkələrin tərəfdaşlıq əlaqələrini yeni mərhələyə yüksəltdi.
2025-ci ilin iyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi və strateji əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafı üçün deyil, həm də regionda siyasi və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından önəmli bir hadisədir.
Azərbaycan və Özbəkistan ortaq tarixi köklərə, mədəni yaxınlığa və türkdilli ölkələr ailəsində strateji həmrəyliyə malikdir. Bu müstəvidə dövlət başçılarının qarşılıqlı səfərləri yalnız protokol xarakteri daşımır, həm də konkret iqtisadi və siyasi nəticələr doğurur. Azərbaycan və Özbəkistan iqtisadi sahədə əməkdaşlıq potensialına malikdir və ölkələr arasında enerji, nəqliyyat və aqrar sahələrdə ortaq layihələr həyata keçirilir. Xəzər dənizi vasitəsilə Azərbaycanın logistika imkanları Özbəkistan üçün Avropa və dünya bazarlarına çıxış baxımından əhəmiyyətlidir. Eyni zamanda Özbəkistan Azərbaycanın qeyri-neft ixracatını artırmaq və məhsullarını Orta Asiya bazarına çıxarmaq üçün mühüm tərəfdaşdır.
Prezident Şavkat Mirziyoyevin Bakı səfəri də bu ənənənin davamı kimi dəyərləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlərdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində əməkdaşlıq əsas müzakirə mövzuları olub. Xüsusilə Orta Dəhliz çərçivəsində tərəfdaşlığın gücləndirilməsi region ölkələri üçün alternativ və təhlükəsiz logistika imkanları yaradır. Ölkələr arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olan ticarət əlaqələri daha da genişlənir, sənaye, nəqliyyat, energetika, ticarət, kənd təsərrüfatı sahələrində işbirliyi potensialının reallaşdırılması üçün çox mühüm addımlar atılır. Azərbaycan və Özbəkistan arasında imzalanan yeni sazişlər bu əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirir. Siyasi müstəvidə isə Azərbaycan və Özbəkistan regional və beynəlxalq məsələlərdə bir-birini dəstəkləyən mövqelər sərgiləyir.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib ki, bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.
Səfər çərçivəsində humanitar əməkdaşlığın inkişafı, təhsil mübadilələrinin artırılması və mədəniyyət sahəsində layihələrin həyata keçirilməsi də gündəmdə olub. Bu, xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxınlığın möhkəmlənməsinə xidmət edir.
Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər təkcə siyasi jest deyil, həm də konkret strateji hədəflərə yönəlmiş fəaliyyət planının tərkib hissəsidir. Azərbaycan və Özbəkistanın qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı regionun gələcəyinə müsbət təsir göstərəcək əsas amillərdən biridir.
Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı