"Türkiyə dövləti FETÖ terror təşkilatına qarşı mübarizəsini qətiyyətlə davam etdirir. Bu günə qədər böyük yol qət olunub, təşkilatın beynəlxalq bağlantıları və şirkətləri ifşa edilib. Bu mübarizədə dost ölkələr də bizə dəstək göstərdi".
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya deyib.
Konsul bildirib ki, 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatına bağlı ünsürlər Türkiyəyə qarşı çevrilişə cəhd ediblər: "Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə xalqımız küçələrə axışdı, meydanlara çıxdı və bu xain hücumun qarşısında sipər oldu. O gecə 251 vətəndaşımız şəhid oldu, 2000-dən çox insan yaralandı. Şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə şəfa diləyirik”.
A.Kaya vurğulayıb ki, çevriliş cəhdinin başladığı andan etibarən qardaş Azərbaycan Türkiyənin yanında olub: “Tarixi qardaşlıq çərçivəsində gözəl bir həmrəylik nümayiş etdirildi. Türkiyə FETÖ terror təşkilatına qarşı mübarizəsini qətiyyətlə davam etdirəcək. Heç bir xain təşəbbüs Türkiyə Cümhuriyyətini təhlükəyə ata bilməz. Dövlətimiz bu məsələdə böyük əzmkarlıqla mübarizə aparır”.