Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Naxçıvanın xüsusi mənəvi önəm daşıdığını deyib.
NUHÇIXAN xəbər verir ki, səfir bu barədə Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu gün Türkiyənin Bakıdakı səfiri olaraq Naxçıvana ilk rəsmi səfərini həyata keçirib:
"Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyan bir torpaqdır. Bura Ulu Öndər Heydər Əliyevin vətənidir. Eyni zamanda, böyük qurucu lider Mustafa Kamal Atatürkün Türk qapısı adlandırdığı, Türkiyənin Azərbaycanla quru sərhədinin olduğu yeganə bölgədir. Elə bu səbəbdən də “Ümid körpüsünün” açıldığı yer olaraq tarixə düşüb".
Səfirin sözlərinə görə, Naxçıvan son 30 ildə iqtisadi baxımdan mühüm inkişaf yolu keçib.
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvana göstərdiyi xüsusi diqqət və qayğı burada reallaşan sosial-iqtisadi layihələrdə özünü açıq şəkildə göstərir. Bu da bizi çox məmnun edir. Türkiyə ilə Naxçıvan arasında hər zaman sıx dostluq və qardaşlıq münasibətləri olub. Quru sərhədin olması bu əlaqələri daha da möhkəmləndirir. Türkiyə vətəndaşları tez-tez Naxçıvana səfər edir, buradakı inkişafı yaxından izləyirlər", - B.Akgün əlavə edib.
Diplomat vurğulayıb ki, bu səfərin məqsədi Türkiyə ilə Naxçıvan arasında iqtisadi və ticarət əlaqələrini daha da inkişaf etdirmək, qarşılıqlı əməkdaşlığı gücləndirməkdir.
"Xüsusilə, İkinci Qarabağ Müharibəsindən sonra yaranmış yeni dövrdə Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır. Arzumuz odur ki, bu dəhliz bölgədə sülh və əməkdaşlığı təmin edən, Orta dəhlizin güclənməsinə xidmət edən birləşdirici körpü olsun".