“IDEF 2025”-də 9 milyard dollar həcmində müqavilələr imzalanıb - FOTOLAR
Türkiyənin İstanbul şəhərində iyulun 22-dən 27-dək keçirilən “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisini 120 mindən artıq qonaq ziyarət edib.
NUHÇIXAN xəbər verir ki, Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdərəsinin sədri Haluk Görgün sərgidə ümumilikdə 9 milyard ABŞ dolları dəyərində müqavilə və anlaşma sənədinin imzalandığını qeyd edib. Görgün bildirib ki, bu nəticə Türkiyənin müdafiə sənayesindəki etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyib. 1491 iştirakçı firma, 103 ölkə təmsilçiliyi və 231 rəsmi heyət ziyarəti olduğunu qeyd edən Görgün, sərgiyə 120 mindən çox ziyarətçinin qatıldığını bildirib.
Altı gün davam edən sərgidə Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətlərinin ilk dəfə nümayiş etdirdiyi məhsullar üstünlük təşkil edib. Ən çox diqqət çəkən məhsullar arasında Türkiyənin aparıcı raket, raket başlığı və sursat texnologiyası şirkəti ROKETSAN-ın təqdim etdiyi yeni məhsullar olub. Şirkətin ilk dəfə “IDEF 2025” sərgisində nümayiş etdirdiyi 6 yeni sistemdən biri olan TAYFUN BLOK-4 hipersəs ballistik raketi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
“IDEF 2025”-də fərqlənən digər şirkət ASELSAN oldu. Şirkət sərgidə EJDERHA, GÖKTAN, KORAL 200, TURAN və GÜRZ hava hücumundan müdafiə sistemlərini nümayiş etdirib. Məhsullar arasında yeni nəsil antidron sistemi olan EJDERHA seçilir. Türkiyənin konstruktor və baş podratçısı olan STM sərgidə Türkiyənin ilk milli hücum gəmisinin maketini nümayiş etdirib. Müdafiə sənayesində istifadə edilən mühüm quru nəqliyyat vasitələrinin istehsalçısı olan BMC şirkəti ilk dəfə sərgisində üç yeni avtomobil təqdim edib. Piaggio Aerospace şirkətinin "Göyün Ferrarisi" kimi tanınan P.180 Avanti EVO təyyarəsi Baykar tərəfindən alınıb və “IDEF 2025” sərgisində nümayiş etdirilib. Sərgidə ən maraqlı döyüş sursatlarından biri Türkiyə Milli Müdafiə Nazirliyinin Ar-Ge Mərkəzi tərəfindən hazırlanmış "GAZAP" və "HAYALET" təyyarə bombaları olub.
TÜBİTAK Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutu (SAGE) tərəfindən hazırlanmış milli mühərrikli hava-hava raketi GÖKHAN ilk dəfə “IDEF 2025” sərgisində nümayiş etdirilib. Bir sözlə, ''IDEF2025'' Türkiyənin müdafiə sənayesində sürətlə artan texnoloji bacarıqlarını, müstəqil istehsal gücünü və ixrac potensialını dünya ictimaiyyətinə göstərməsi baxımından mühüm platformaya çevrilib.
“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan da uğurla iştirak edib. “IDEF 2025” sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunub.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib. “IDEF 2025” sərgisində ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş 7,62x54 mm-lik snayper tüfəngi, 2 növ 12,7x108 mm-lik iriçaplı piyada pulemyotu və 14,5x114 mm-lik iriçaplı pulemyot sərgilənib. "Suqovuşan" pilotsuz su dronu, kamikadze-dronlar, Azərbaycan istehsalı olan "Turan 1" və "Turan 2" odlu silahı xüsusi maraqla qarşılanıb.
Sərgi çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” və Müdafiə Nazirliyinə tabe olan “MİRAS Holdinq” ilə Türkiyə şirkətləri arasında müxtəlif müqavilə, Anlaşma Memorandumu və niyyət məktubları imzalanıb. Eyni zamanda müxtəlif tərəfdaş ölkələrin təmsilçiləri ilə rəsmi görüşlər keçirilib.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi çoxsaylı quru, hava və daniz platformalarının nümayiş olunduğu “IDEF” sərgisində artıq 9-cu dəfədir ki, stendlə iştirak edib.