Almaniya mediası Azərbaycan ilə Ermənistan liderləri arasında Vaşinqton görüşündən yazıb

A- A A+

Almaniyanın bir sıra nüfuzlu media orqanlarının saytında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında Vaşinqtonda keçiriləcək görüşü barədə məqalələr yayımlanıb.

NUHÇIXAN xəbər verir ki, “Spiegel”, “Zeit”, “Tagesschau”, “Berliner Zeitung” və digər media qurumlarında yayımlanan xəbərlərdə Prezident Donald Trampın münaqişənin həlli məqsədilə yeni təşəbbüslə çıxış etdiyi və hər iki ölkənin liderlərini Ağ Evdə keçiriləcək Sülh Sammitinə dəvət etdiyi qeyd olunub. Donald Trampın “Truth Social” platformasında etdiyi paylaşıma istinad edilərək, Vaşinqton görüşü iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm mərhələ kimi dəyərləndirilib. Bu görüşün regionda sülhə, rifaha və iqtisadi əməkdaşlığa mühüm töhfə verəcəyi qeyd olunub.

Xəbərlərdə sülh danışıqları ilə yanaşı, Birləşmiş Ştatların Ermənistan və Azərbaycan ilə iqtisadi yönümlü ikitərəfli razılaşmalar imzalamaq niyyətində olduğu da xüsusi vurğulanıb. Planlaşdırılan razılaşmalar arasında Ermənistan ərazisində dəhlizin çəkilməsi məsələsinin də diqqət mərkəzində olacağı qeyd edilib. Bu dəhlizin gələcəkdə yük və sərnişin daşımalarını təmin etmək məqsədilə dəmir yolu, neft və qaz boru kəmərləri, eləcə də optik internet xətlərini əhatə edəcəyi diqqətə çatdırılıb.

Məqalələrdə münaqişənin tarixi, eləcə də sülh danışıqları barədə məlumat verilib, martda iki ölkə arasında sülh sazişi ilə bağlı razılığın əldə olunmasının əhəmiyyətinə toxunulub, həmçinin bu ilin iyulunda Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın Abu-Dabidə keçirilmiş görüşü barədə məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: